...

Prezident İlham Əliyev: İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatıb (FOTO)

Siyasət Materials 17 Yanvar 2012 10:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Prezident İlham Əliyev: İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatıb (FOTO)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Trend-in məlumatına görə, dövlət başçısı iclası giriş nitqi ilə açıb:

Nazirlər Kabinetinin bugünkü toplantısında biz 2011-ci ilin yekunlarını müzakirə edəcəyik və əlbəttə, 2012-ci ildə görüləcək işlər haqqında fikir mübadiləsi aparacağıq. 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilibdir. Elə bir vəzifə yoxdur ki, icra olunmamış qalsın. Yəni, nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir.
Düzdür, bizdən asılı olmayan səbəblərə, neftin hasilatı aşağı düşdüyünə görə, ümumi iqtisadi göstəricilər o qədər də böyük deyil, ancaq bu, bizi narahat etməməlidir və narahat etmir. Çünki iqtisadiyyatımızın böyük hissəsi neft-qaz sektorunda formalaşır və beləliklə, neft hasilatının aşağı düşməsi istər-istəməz statistik göstəricilərə də təsir edir. Ancaq bir daha demək istəyirəm ki, bu templər bizi narahat etmir. Çünki ölkə iqtisadiyyatının uğurlu inkişafını şərtləndirən digər amillər, - bu gün bu barədə danışacağıq, - çox müsbətdir. Bütövlükdə iqtisadi artım 0,1 faiz təşkil etmişdir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır. Bu, gördüyümüz işlərin nəticəsidir. Çünki artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır, proqramlar qəbul edilibdir, dövlət siyasəti də bu istiqamətdə aparılır və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün bütün gözəl imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Nəzərə alsaq ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, əlbəttə ki, bu, həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir.

Sənaye istehsalı yenə də neft hasilatı aşağı düşdüyü üçün 5 faiz azalmışdır. Ancaq qeyri-neft sənayemiz 11,1 faiz artmışdır. Bu çox gözəl göstəricidir. Onu göstərir ki, bir neçə il bundan əvvəl irəli sürdüyümüz sənayeləşmə təşəbbüsləri artıq öz gözəl nəticələrini verməkdədir. Nəzərə alsaq ki, əvvəlki illərdə təməlini qoyduğumuz müəssisələr bu il və gələn il istifadəyə veriləcək, görərik ki, gələcəkdə də qeyri-neft sənayesinin inkişafı üçün çox gözəl imkanlar vardır. İnflyasiya birrəqəmli səviyyədə qalmışdır - 7,9 faiz. Bu, müsbət göstəricidir. İnflyasiya birrəqəmli olduğu təqdirdə biz hesab edirik ki, bu, müsbət nəticədir. Əhalinin pul gəlirləri isə 19,6 faiz artmışdır. Bu statistik göstəricilər əyani şəkildə göstərir ki, insanların rifah halı yaxşılaşmışdır və beləliklə, inflyasiya ilə əhalinin pul gəlirləri arasındakı fərq kifayət qədər böyükdür. Əhalinin pul gəlirləri 2,5 dəfə çoxdur. Bu, iqtisadi inkişafımızı göstərən əsas makroiqtisadi göstəricilərdir. Bununla bərabər, biz 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail ola bilmişik. İldən-ilə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır, böyük templərlə artır. 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuşdur. 2011-ci ildə isə ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki dövrdəki investisiyaları da əlavə etsək görərik ki, Azərbaycanda nə qədər böyük işlər görülür. Həm yerli, həm xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır.
Çünki dövlət investisiyaları kifayət qədər böyükdür, bu il də belə olacaqdır. Eyni zamanda, dövlət tərəfindən investorları stimullaşdırmaq üçün atılmış addımlar da bəhrəsini verir. İyirmi milyard investisiyanın 13 milyardı daxili investisiyalardır, 7 milyardı isə xarici investorların vəsaitidir. Burada da deyə bilərəm ki, bu tarazlıq, yəni, bu çəkilər nisbəti müsbətdir. Xarici investorlar Azərbaycana investisiyaların qoyuluşunu davam edirlər. Daxili investorlar, yerli iş adamları və Azərbaycan dövləti isə ölkəmizin hərtərəfli, şaxələndirilmiş inkişafı üçün nə lazımdırsa onu edirlər.

2011-ci ildə böyük investisiya proqramımız icra edilmişdir və dediyim bu rəqəmlərin böyük hissəsi dövlət hesabına təşkil edilmişdir, valyuta ehtiyatlarımız artmışdır. İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. İndiki məlumata görə bizim 41 milyard dollar vəsaitimiz vardır. Bu, bizim strateji ehtiyatlarımızdır. Biz bu ehtiyatların idarə edilməsindən gəlir götürürük. Növbəti dövr üçün yeni konsepsiya hazırlanmışdır və biz valyuta ehtiyatlarımızı daha da çoxşaxəli formada idarə etməliyik. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir.
Sosial sahədə bizim siyasətimiz uğurla davam etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətimizin əsas istiqamətlərindən biridir. İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Bu da onu göstərir kİ, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir.
Mən dəfələrlə demişəm, bu gün bir daha bildirmək istəyirəm, - dediyim və gətirdiyim rəqəmlər onu çox gözəl əks etdirir, - biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bu prinsipləri rəhbər tuturuq. Eyni zamanda, biz sosial siyasətdə də çox uğurla addımlar atırıq və sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq.
Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır. Deyə bilərəm ki, MDB məkanında bu, çox gözəl göstəricidir. Ancaq əlbəttə ki, bu bizi tam şəkildə qane edə bilməz. Növbəti illərdə görüləcək tədbirlər, həm ayrılacaq vəsait, həm yaradılacaq yeni iş yerləri, həm də apardığımız uğurlu investisiya siyasətimiz bizə kömək edəcəkdir. Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır.

Beləliklə, bu sahədəki işlər çox müsbətdir. Sosial obyektlərin tikilməsi prosesi davam etmişdir. Heç bir layihədə yubanma olmamışdır. Bəzi hallarda, - yəni, bu da bir yenilikdir, - müvafiq qurumlar müəyyən layihələrə ayırdığımız vəsaitdən vaxtında istifadə edə bilməmişlər. Əlbəttə ki, biz builki investisiya proqramımızda bu amili nəzərə almalıyıq, bu qüsurları aradan qaldırmalıyıq. Ancaq bunun səbəbi ondan ibarətdir ki, bizim 2011-ci il üçün o qədər böyük planlarımız olmuşdur ki, bəzi hallarda dövlət qurumları və onlarla bərabər işləyən şirkətlər bu həcmi icra edə bilmirlər. Vaxt var idi ki, hansısa işi görmək üçün vəsaitimiz yox idi. İndi isə vəsaitimiz var, ancaq əfsuslar olsun ki, bəzi hallarda bu vəsaitin düzgün istifadə edilməsi sahəsində müəyyən problemlər yaranır. Biz bu problemləri bilirik və bu il, ondan sonrakı illərdə bu vəziyyəti yaxşılaşdırmaq üçün daha da ciddi tədbirlər görəcəyik.

Ölkəmizdə səhiyyə ocaqlarının, məktəblərin tikintisi, təmiri davam etmişdir. 33 səhiyyə ocağı, 60-a yaxın məktəb tikilmiş və təmir edilmişdir, 4 olimpiya idman kompleksi, mədəniyyət ocaqları tikilir və təmir edilir. Yəni, biz bu quruculuq işlərini hər yerdə, o cümlədən bölgədə görürük. Bölgədəki vəziyyət yaxşılaşır, şəhərlərimiz gözəlləşir, abadlaşır. 2011-ci ildə 94 min yeni iş yeri açılmışdır ki, onun da 73 mini daimi iş yeridir. Bütövlükdə biz işsizliyə qarşı proqramı icra etməyə başlayandan sonra - 2003-cü ildən bu günə qədər 1 milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi 2011-ci ildə daha da aşağı düşmüşdür və bu rəqəm 5,4 faizdir. Həmişə işsizliklə bərabər gedən yoxsulluğun səviyyəsi isə yenə də aşağı düşərək 7,6 faiz təşkil etmişdir. Bu göstəricilər həm müsbətdir, həm də ümidvericidir. Biz bilirik ki, 2012-ci il də bizim üçün uğurlu olacaqdır. Biz bu gün 2012-ci ildə görüləcək işlər haqqında danışacağıq.

2011-ci ildə xarici siyasətlə bağlı digər təşəbbüslər də çox müsbət olmuşdur, tərəfdaşlarımızın sayı artmaqdadır. Həm mənim xarici səfərlərim, həm xarici qonaqların - dövlət, hökumət başçılarının Azərbaycana səfərləri xarici siyasətimizin nə qədər uğurlu olduğunu göstərir. Bu təmaslar bu il də davam edəcəkdir. Yenə də deyirəm, Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır və bu il əlavə təşəbbüslər, yeni təşəbbüslər irəli sürüləcəkdir.

2011-ci il Azərbaycanda "Turizm ili" elan edilmişdir. "Turizm ili" ərzində bu sahəyə daha da böyük diqqət göstərilmişdir. Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Mən dünya turizm xəritəsində Azərbaycanın yerini belə görürəm. Beynəlxalq qurumlarla əlaqələrimiz güclənir. Müxtəlif tədbirlər keçirilmişdir. Bizim gözəl, təbii şəraitimizlə tanış olmaq üçün gələnlərin sayı da artmaqdadır. Keçən il təkcə Bakıda beşulduzlu 3 mehmanxana açılmışdır. Bu il ən azı yenə də Bakıda beşulduzlu 3 yeni mehmanxana açılacaqdır. Bölgələrdə də bu proses gedir. İndi bölgələrdə beşulduzlu mehmanxanalar tikilir, ən azı 4-ü tikilir. Ən vacib turizm mərkəzlərinə özüm baş çəkirəm, vəziyyətlə tanış oluram.
Şahdağ Turizm Kompleksi bu il istifadəyə veriləcəkdir. Bu da dünya miqyasında nadir xizək kurortu olacaqdır. Mən hesab edirəm ki, dünyanın ən gözəl xizək mərkəzlərindən biri olacaqdır. Çünki dünyanın ən gözəl yerlərində olan müsbət təcrübəni biz ora gətiririk, tətbiq edirik. Yəni, 2011-ci ili "Turizm ili" elan etməyimiz də hesab edirəm ki, düzgün addım idi.

2011-ci ildə gördüyümüz bütün işləri burada sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Sadəcə olaraq, mən əsas məqamları bu gün ifadə edirəm. Vacib məsələlərdən biri də ondan ibarətdir ki, biz keçən il Azərbaycan Gəncliyi Proqramını qəbul etmişik. Bu, çox konkret proqramdır. Yəni, bu, sadəcə olaraq formal xarakter daşımır. Proqramın bütün müddəaları konkret nəticələrə gətirib çıxaracaqdır. Gənclər Fondu yaradılıbdır. İndi orada təşkilatlanma prosesi gedir. Bu proses başa çatan kimi dövlət tərəfindən Gənclər Fonduna ilkin vəsaiti ayıracağıq ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin, maksimum sayda gənclərimiz müxtəlif layihələrə cəlb olunsunlar. Bu fond qrantlar verəcək, müxtəlif proqramlar üzrə vəsait ayıracaqdır. Əlbəttə ki, bu fondun fəaliyyəti haqqında danışmaq bəlkə bir qədər tezdir. Ancaq əlbəttə, biz bilirik ki, əsas istiqamətlər hansılar olmalıdır. Bu fondun hesabına və əlbəttə ki, dövlət vəsaiti hesabına biz daha da böyük sayda gəncləri quruculuq işlərinə cəlb etməliyik. Gənclərdə çox böyük potensial, böyük enerji vardır, vətənpərvərlik hissləri çox yüksəkdir. Hər bir vətəndaş kimi, onlar da istəyirlər ki, ölkə üçün yaxşı işlər görsünlər. Bu fondun və digər formatların hesabına biz gəncləri quruculuq işlərinə daha da fəal cəlb edəcəyik.

Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən Elmin İnkişaf Fondunun təcrübəsi də çox müsbətdir. Yəni, bu fondun xətti ilə müxtəlif proqramların icrasında, o cümlədən gənclər, gənc alimlər də çox fəal iştirak edirlər. Gənclər Fondu da fəaliyyətini bu səpkidə, yəni, bu istiqamətdə aparmalıdır.
2011-ci ildə enerji sahəsində yaxşı işlər görülübdür. Bu, iqtisadiyyatımızın aparıcı sahəsidir. Bu gün də belədir, sabah da belə olacaqdır. Bu sahəyə daim böyük diqqət göstərilməlidir. Yeni elektrik stansiyalarının fəaliyyətə başlaması, yeni stansiyaların təməl daşının qoyulması, neft-qaz sahəsində görülən işlər, - alternativ bərpa olunan enerji növlərinin yaradılması sahəsində aparılan işlər, - bütün bunlar göz qabağındadır. 2011-ci ildə bunları biz etmişik, bu işləri biz görmüşük.

Azərbaycanın zəngin qaz potensialının dünya bazarlarına çıxarılması üçün 2011-ci ildə çox vacib hadisələr baş vermişdir. Bir neçə il ərzində üzərində işlədiyimiz tranzit məsələləri öz həllini tapmışdır. Böyük Azərbaycan qazı üçün demək olar ki, indi qapılar, tranzit yolları açılır. Bu, ölkə iqtisadiyyatına, neft-qaz sektoruna əlavə investisiyaların gətirilməsinə imkan verəcəkdir. Bu investisiyalar on milyard dollarla ölçüləcəkdir. Əlbəttə ki, yeni iş yerləri, yeni iş həcmləri açılacaqdır. Yerli şirkətlər indi bu işlərə daha hazırlıqlıdırlar, nəinki 1990-cı illərdə. Çünki 1990-cı illərdə bizdə demək olar ki, elə çox ciddi şirkətlər də yox idi. İndi, o cümlədən neft-qaz sektorunda görülən işlər hesabına Azərbaycanda sahibkarlar daha da güclənmişdir. İnşaat, enerji, istehsal sahələrində bizim böyük imkanlarımız, texnoparklarımız vardır. İndi neft-qaz sənayesində istənilən vacib məhsulları, boruları, digər məhsulları özümüz istehsal edirik. Yəni ki, bu o deməkdir ki, veriləcək sifarişlərdə daha çox Azərbaycan şirkətləri iştirak edəcəklər və büdcəmizə daha çox vergilər ödəyəcək, daha çox iş yerləri açacaqlar. Əlbəttə ki, bu zəncirvarı reaksiya hər bir sahəyə öz müsbət təsirini göstərəcəkdir.
Yəni, biz 2011-ci ildə bu vacib hədəfə çata bilmişik. Tranzit məsələləri həll olunub. 2011-ci ildə yeni böyük qaz yatağı aşkarlanıb. "Abşeron" qaz yatağında uğurlu kəşfiyyat işləri aparılmışdır. İlkin məlumatlara görə "Abşeron" yatağında 350 milyard kubmetr qaz ehtiyatları vardır. Azərbaycan Dövlət Neft Şirkəti öz gücü hesabına 2011-ci ildə "Ümid" yatağını aşkar etmişdir. Orada da təxminən həcm eynidir. Bu, bizim qaz potensialımızı böyük dərəcədə artırır. 2011-ci ilin əvvəlində, düz bir il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında qaz sahəsində strateji əməkdaşlıq haqqında bəyannamə imzalanmışdır. İl ərzində çox fəal və səmərəli işlər aparılmışdır. Xüsusi işçi qrupu yaradılmışdır. İşçi qrupuna Avropa Komissiyasının enerji üzrə komissarı və bizim energetika və sənaye nazirimiz rəhbərlik edirlər. Orada bütün bu məsələ ilə bağlı maraqlı olan şirkətlər iştirak edir. Başqa ölkələrin iştirakı ilə artıq üçtərəfli formatda da görüşlər keçirilir. Bu, yenilikdir. Bu yeniliyi yaradan amillər də bizim uğurlu enerji siyasətimizdir.
2011-ci il tarixdə Azərbaycanı böyük qaz dövlətinə və qaz ixracatçısına çevirən il kimi qalacaqdır. Əlbəttə biz bu il, ondan sonrakı illərdə daha da ciddi işləməliyik və əldə edilmiş razılaşmaları artıq real layihələrə çevirməliyik. Bu layihələri real boru xətlərinə, real terminallara, real investisiyalara çevirməliyik və əminəm ki, çevirəcəyik.

Bir daha demək istəyirəm ki, keçən il gördüyümüz işlər o qədər böyükdür və o qədər vacibdir ki, bu barədə bir neçə saat danışmaq olar. Mən öz giriş sözümdə əsas məsələlərə toxundum. İndi müzakirə zamanı bu məsələlərlə bağlı daha da geniş fikir mübadiləsi aparacağıq.

Əminəm ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaqdır. Çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Bir daha demək istəyirəm ki, 2011-ci ildə bütün sosial-iqtisadi məsələlər uğurla və vaxtında həllini tapmışdır.
2012-ci il başlayır. 2012-ci ili də uğurla başa vurmaq üçün biz fəal işləməliyik. Bütün proqramlar vaxtında icra edilməlidir. Bizim bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. İlk növbədə strateji istiqamətlər müəyyən edilmişdir, düzgün müəyyən edilmişdir. Bu strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri də vardır - maliyyə resursları, icra mexanizmləri və əlbəttə ki, peşəkarlıq. Bu amillər istənilən məsələnin həlli üçün bizə imkan verəcəkdir.

Mən əminəm ki, 2012-ci ildə də qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəkdir. 2012-ci ilin dövlət büdcəsi 2011-ci ilə görə daha da böyükdür. Daha da böyük vəsait nəzərdə tutulur. Əlbəttə ki, bu vəsait iqtisadiyyatımızın inkişafına və şaxələndirilməsinə yönəldiləcəkdir. Eyni zamanda, bizə bütün sosial proqramların və sosial infrastruktur layihələrinin icrasına imkan verəcəkdir. 2012-ci ilin dövlət büdcəsinin xərcləri təxminən 22 milyard dollara bərabərdir. Bu, tarixdə ən böyük göstəricidir. İcmal büdcə isə təxminən 25 milyard dollar səviyyəsindədir. Əlbəttə ki, bütün sosial proqramlar, sosial ödəmələr, sosial infrastruktur layihələri bu büdcə ilə uğurla icra ediləcəkdir. Biz elə etməliyik ki, büdcənin icrasını təmin edək. Bir daha demək istəyirəm ki, giriş sözümdə bu məsələyə toxundum. Bu, bizim üçün bir yenilikdir. Bu yeniliyin başlıca səbəbi bizim artan iqtisadi və maliyyə imkanlarımızdır. Mən istəyirəm ki, ölkə qarşısında duran bütün vəzifələr tezliklə həllini tapsın. Biz bütün bu işləri yüksək templərlə görürük. Bütün hökumət üzvlərinə və dövlət qurumlarına mənim tapşırığım bundan ibarətdir ki, bütün bu işlər qısa müddət ərzində, ancaq keyfiyyətlə görülməlidir. Bizim artıq böyük sənaye potensialımız, böyük şirkətlərimiz vardır. Xarici şirkətlər də bizim investisiya layihələrimizdə iştirak edirlər və buna maraq göstərirlər. Biz də bunu alqışlayırıq. Hesab edirəm ki, büdcənin investisiya hissəsini uğurla icra etmək üçün bizim bütün imkanlarımız vardır. Elə etməliyik ki, büdcə maksimum dərəcədə icra edilsin.

Eyni zamanda, maliyyə intizamı daha da yüksək səviyyədə olmalıdır. Büdcə artdıqca məsuliyyət də artmalıdır. Şəffaflıq tam şəkildə təmin edilməlidir və dövlət tərəfindən qoyulacaq investisiyaların şəffaflığı tam şəkildə təmin edilməlidir. Yaxın zamanlarda mənə hökumət tərəfindən 2012-ci ilin investisiya proqramı təqdim ediləcəkdir. Bu proqramla bağlı müzakirələr daim gedir. Yenə də deyirəm, bizim 2004-cü ildə və 2009-cu ildə qəbul etdiyimiz regionların inkişafı Dövlət proqramlarında strateji istiqamətlər müəyyən edilibdir. İnvestisiya Proqramı da o strateji seçim üzərində qurulub. Düzdür, həyat yerində durmur, yeni məsələlər ortaya çıxır, yeni layihələr icra edilməyə başlayır və biz təbii ki, daim dəqiqləşdirmə aparırıq, ancaq investisiya xərclərinin ümumi istiqamətləri aydındır. Deyə bilərəm ki, bütün sahələr bizim üçün prioritetdir. Ancaq bu prioritetlərin içində daha çox sosialyönümlü infrastrukturun yaradılması əlbəttə ki, əsas yer tutmalıdır.

Dövlət İnvestisiya Proqramı kifayət qədər böyük olacaqdır, 5,7 milyard manata bərabərdir. Bu vəsaitlə böyük işlər görmək olar. Bu təkcə dövlət tərəfindən qoyulacaq sərmayədir. Özəl sektor da bu işlərə fəal şəkildə qoşulur. Hesab edirəm kİ, 2012-ci ildə də ölkə iqtisadiyyatına ən azı 2011-ci ilin səviyyəsində vəsait qoyulmalıdır.

Böyük infrastruktur layihələrinin icrası 2012-ci ildə davam etdiriləcəkdir. Mən onların içərisində xüsusi diqqəti içməli su və kanalizasiya layihələrinə yönəltmək istəyirəm. Çünki əvvəlki dövrdə elektrik enerjisi, xüsusilə generasiya güclərinin yaradılması, qazlaşdırma ilə bağlı böyük işlər görülmüşdür. Düzdür, bu işlər davam etdirilir, mən bu barədə danışacağam. Ancaq içməli su və kanalizasiya layihələri, bir qədər kölgədə qalmışdır. İndi bu sahəyə diqqət daha da ciddidir və işlər daha da uğurla aparılır. Bu sahədə müasir menecment sistemi, müasir idarəetmə üsulları tətbiq edilir. Dünya praktikasında geniş şəkildə istifadə olunur. Artıq Bakıda və bütün bölgələrdə içməli su, kanalizasiya layihələri başlayır, yaxud da ki, hazırlıq mərhələsindədir.

Mən keçən il qarşıya vəzifə qoymuşdum ki, 2013-cü ilə qədər əsas layihələr öz həllini tapmalıdır, icra edilməlidir. Əgər biz buna nail olsaq 2013-cü ilin sonuna qədər bütün rayon mərkəzləri, bütün şəhərlər dayanıqlı, keyfiyyətli, təmiz içməli su ilə təmin ediləcək və heç vaxt tarixdə mövcud olmayan kanalizasiya sistemləri də dünya səviyyəsində qurulacaqdır. Bu sahədə 2011-ci ildə görülən işlər məni sevindirir. Vəsait vardır, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulacaqdır. Beləliklə, 2012-ci ildə işlərin müəyyən hissəsi icra ediləcəkdir.

Eyni zamanda, suvarma layihələri də böyük əhəmiyyət daşıyır. Bu da kənd təsərrüfatının inkişafı, işsizliyin aradan qaldırılması üçün vacib rol oynayır. Böyük meliorasiya layihələri icra edilib. Bir neçəsi neçə ildir ki, icra edilir. Taxtakörpü, Şəmkirçay layihələri böyük vəsait tələb edən layihələrdir. 2012-ci ildə bu layihələr qismən Dövlət Neft Fondunun xətti ilə, qismən dövlət büdcəsinin vəsaiti hesabına icra ediləcəkdir. Orada da işlər cədvəl üzrə gedir. Mən bu məsələni daim diqqətdə saxlayıram. 2012-ci ildə də bu iki böyük layihənin icrası davam etdiriləcəkdir.
Eyni zamanda, biz digər meliorativ layihələrə də vəsait ayırmalıyıq. Yəni, bu ikisi qlobal layihədir. On minlərlə hektar yeni əkin sahələri dövriyyəyə veriləcəkdir. Bununla bərabər, kiçikhəcmli meliorasiya layihələrinə də diqqət yetirilməlidir.
Qazlaşdırma ilə bağlı 2012-ci ildə layihələr icra ediləcəkdir. Bu işlərin demək olar ki, böyük hissəsi görülmüşdür. Ancaq yenə də qarşıya vəzifə qoyulubdur ki, 2013-cü ilin sonuna qədər texniki və coğrafi cəhətdən mümkün olan bütün layihələr, bütün rayonları əhatə edən layihələr başa çatmalıdır. Əgər biz buna nail olsaq, - mən buna şübhə etmirəm, sadəcə istəyirəm ki, tezliklə buna nail olaq, - onda yaşayış məntəqələrinin 95 faizi qazla təmin ediləcəkdir.

İndi böyük şəhərlərdə, rayon mərkəzlərində bu işlər gedir. Biz artıq kəndlərdə də bu işlərin görülməsinə başlamışıq. Qeyd etməliyik ki, 2013-cü ilin sonuna qədər biz bu hədəfə çata bilərik.
Bizim zəngin qaz ehtiyatlarımız vardır. Biz qazı dünyaya ixrac edirik və daha da böyük həcmdə ixrac edəcəyik. Belə olan halda biz bunu maksimum şəkildə, yəni, 95 faiz - bu maksimum bizim coğrafiyamızı nəzərə alsaq mümkündür, - təmin etməliyik və edəcəyik.

İnvestisiya layihələri arasında elektrik enerjisi ilə bağlı layihələr xüsusi yer tutur. Keçən il "Şimal-2" Elektrik Stansiyasının təməl daşı qoyulmuşdur. Bu stansiya 2013-cü ilin sonuna qədər istismara verilməlidir. Stansiyanın istehsal gücü 400 meqavatdan çox olacaqdır. Baxmayaraq ki, indi istehlak etdiyimizdən daha da çox enerji istehsal edirik, biz daim qabağa baxmalıyıq. Ölkəmizin gələcək uğurlu inkişafını, gördüyümüz işləri və planlaşdırdığımız layihələri nəzərə alaraq biz bilməliyik ki, generasiyaya nə qədər əlavə vəsait ayrılmalıdır. Burada rəqəm səsləndi, iqtisadi inkişaf naziri dedi ki, hazırda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 7 min dollardır. Biz qarşıya məqsəd qoymuşuq ki, məhz 2013-2023-cü illərdə ÜDM-i iki dəfə artıraq. Əlbəttə, nəyin hesabına artıracağıq? Yeni müəssisələrin fəaliyyətə başlaması nəticəsində. Bizim iqtisadi artımımız real sektorun inkişafı hesabına baş verəcəkdir. Belə olan halda elektrik enerjisinə tələbat daha da artacaqdır. Əgər biz ixrac imkanlarımızı da əlavə etsək, - hazırda Azərbaycan demək olar ki, qonşu ölkələrə elektrik enerjisi də ixrac edir, - onda generasiya layihələrinə əlavə vəsait qoyulacaqdır və bu, qoyulmalıdır.

Biz bu il böyük elektrik stansiyasının - "Cənub" Elektrik Stansiyasının istifadəyə verilməsini gözləyirik. Bu, 780 meqavat gücündə olan stansiyadır, müasir texnologiyalar əsasında qurulur. Biz Füzuli rayonunda da 25 meqavat gücündə su elektrik stansiyasının açılışını da bu il qeyd edəcəyik. Generasiya ilə paralel olaraq biz paylayıcı xətlərə də investisiya qoymalıyıq. Düzdür, indi bütövlükdə ölkədə elektrik enerjisi ilə problemlər yoxdur. Ancaq bölgələrdə bəzi hallarda fasilələr baş verir, işıqlar kəsilir və bunun başlıca səbəbi elektrik xətlərinin nasaz vəziyyətdə olmasıdır. Biz əlbəttə ki, əsas diqqətimizi elektrik enerjisi güclərinin yaradılmasına yönəltmişik və bu vəzifəni icra etmişik. İndi - xüsusilə bu il və gələn il biz paylayıcı xətlərə investisiya qoyuluşunu təşkil etməliyik. Orada bütün işlər müasir standartlar səviyyəsində olmalıdır.

Bu məsələ ilə bağlı bir məqama da toxunmaq istəyirəm. Vaxtilə - bir neçə il bundan əvvəl bu sahə ilə bağlı ən ciddi məsələlər ödəməmələr idi. Yəni, elektrikin, qazın pulunu yığa bilmirdik. Çünki orada həm çox qeyri-şəffaf, korrupsiyalaşmış sistem qurulmuşdu və digər tərəfdən sayğaclaşma aşağı səviyyədə idi. Bəzi hallarda sayğaclaşmanın aşağı səviyyədə saxlanması da məhz korrupsiya məqsədlərini güdürdü. Çünki sayğac olmadan orada istənilən xoşagəlməz hərəkətlərə yol vermək olar. İndi sayğaclaşma ilə bağlı işlər demək olar ki, başa çatmaq üzrədir. Smart-kart tipli müasir sayğaclar quraşdırılır, artıq nəzarətçi ilə əhali arasında təmas tamamilə qırılıbdır. Heç kim gəlib qapını döyüb rüşvət almamalıdır, almır və almayacaqdır. Beləliklə, itkilər də azalır. Əgər biz indi xüsusilə bölgələrdə paylayıcı şəbəkələrə lazımi səviyyədə investisiya qoysaq, onda itkilər də azalacaqdır. Beləliklə, hazırda Bakıda elektrik enerjisi haqqının yığımı 90 faizdən yuxarıdır. Ölkə üzrə də bu rəqəm təxminən bu səviyyədədir. Qaz sahəsində yığım yüksək səviyyədədir. Vaxtilə 20, 30, 40 faiz yığılırdı, bəlkə də heç yığılmırdı. Yəni bu məsələ də öz həllini tapıbdır və dediyim kimi, biz bunu investisiya proqramında nəzərə almalıyıq.

Bu gün telekommunikasiya sahəsində görülən işlər haqqında nazir məlumat verdi. Bu sahə də Azərbaycanda uğurla inkişaf edir. Bu il biz birinci Azərbaycan telekommunikasiya peykini orbitə buraxacağıq. Bu, tarixi hadisə olacaqdır. Azərbaycan kosmik sənaye yaradır. Azərbaycan kosmik sənayeyə malik olan ölkələr sırasına daxil edilir. Bu, uzaqgörən siyasətimizin nəticəsidir. Mən hesab edirəm ki, Azərbaycan bütün mütərəqqi və qabaqcıl texnologiyaları gətirməlidir. Biz gətiririk, tətbiq edirik, kadrları hazırlayırıq. Beləliklə, ölkəmizin həm siyasi çəkisi, həm iqtisadi gücü artacaqdır. Telekommunikasiya o sahələrdəndir ki, burada müxtəlif və hər bir ölkənin inkişafı üçün vacib olan amillər cəmləşir. Bu, innovasiyadır, bilikdir, savaddır. Eyni zamanda, bu, böyük biznes sahəsidir. Yəni, ölkə iqtisadiyyatının inkişafı üçün bizə əlavə gəlirlər gələcəkdir. Bu, elmi-texniki tərəqqini şərtləndirən sahədir. Gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsi dünyada aparıcı sahə olacaqdır və olmalıdır. Bu sahədə kim qabaqda gedirsə, o da söz sahibi olacaqdır. Çünki bugünkü dünya bundan 10 il, 20 il əvvəlki dünya deyildir. Texnologiyalar, informasiya təhlükəsizliyi, kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri artıq ön plana çıxır və gələcək dövrün güclər nisbəti də məhz bu sahədə müəyyən ediləcəkdir. Ona görə, biz bu sahəyə çox böyük diqqət göstərməliyik, göstəririk. Bu siyasət bu gün başlanmır, bir neçə il bundan əvvəl başlanmışdır. Mən çox şadam ki, beynəlxalq telekommunikasiya qurumlarının hesabatlarına görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdədir. Bizdə azad internet fəaliyyət göstərir. Deyə bilərəm ki, heç də hər bir ölkədə azad internet mövcud deyildir. İnternet istifadəçilərinin sayı artmaqdadır, mən bunu çox müsbət hal kimi qiymətləndirirəm. Uşaqlarımız, gənclərimiz artıq kompyuterlə işləyirlər. Yəni, gələcək budur. Bu, məlumat, söz azadlığıdır, Azərbaycanda demokratik cəmiyyət mövcuddur və biz demokratik əsasları daha da gücləndirməliyik. Azad internet olan yerdə təbii ki, söz azadlığı da vardır və bu, təbiidir. Yəni, bu sahə həm təhlükəsizlik, həm inkişaf, həm bilik, həm biznes, həm gələcək nəslin hazırlanması üçün aparıcı sahə olmalıdır. Bizdə də elə olmalıdır. Biz gələcəkdə ölkəmizin inkişafı üçün iqtisadiyyatımızın şaxələndirilməsi sayəsində yaradılacaq vəziyyət hesabına bu sahədə də qabaqcıl yerlərdəyik. İndi bölgədə, gələcəkdə isə dünya miqyasında biz inkişaf etmiş ölkələrin sırasında olmalıyıq. Mən çox şadam ki, ölkəmizdə keçirilən ənənəvi "Bakutel" sərgisi hər il daha da böyük, mötəbər sərgi kimi özünü təqdim edir, gələn qonaqların sayı artır, şirkətlər maraq göstərirlər. İnvestisiya qoymaq istəyənlər görəndə ki, Azərbaycan dövləti də bu sahəyə böyük diqqət göstərir, kosmik sənaye yaradılır, birinci peyk buraxılır, çox böyük maraqla yanaşırlar. Yenə də qeyd edirəm, bu, birinci peykdir, sonuncu deyildir. Ondan sonra ikincisi, üçüncüsü olacaqdır. Yəni, güclü sənaye yaradılacaqdır. Beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlığımız çox yaxşıdır. Dünyanın aparıcı İKT şirkətləri Azərbaycana çox böyük maraqla və böyük hörmətlə yanaşırlar.

Biz 2012-ci ildə ərzaq təhlükəsizliyi ilə bağlı tədbirləri daha da gücləndirməliyik. Bu sahədə görülən işlər müsbətdir. Biz bu il kənd təsərrüfatında böyük artıma nail ola bilmişik. Əkin sahələri, məhsuldarlıq artır. Xüsusilə taxılçılıqda məhsuldarlıq artır, bu, çox müsbət haldır. Əminəm ki, görüləcək tədbirlər nəticəsində böyük fermer təsərrüfatlarının yaradılması və onlara dövlət tərəfindən dəstək, meliorativ tədbirlərin, fermerlərə güzəştli şərtlərlə bütün yanacağın, gübrələrin verilməsi, aqrolizinq, aqroservislərin fəaliyyəti hesabına biz bu sahədə uzunmüddətli, dayanıqlı inkişafı təmin edəcəyik.

Bir neçə il bundan əvvəl mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç xarici məhsuldan geri qalmır - həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından. Bizim məhsullarımız, xüsusilə tərəvəz, meyvə məhsullarımız təbiidir. Dünyada buna orqanik deyirlər. Bakıya, Azərbaycana gələn bütün qonaqlar məəttəl qalırlar ki, bizdə necə gözəl, təbii meyvələr, tərəvəzlər vardır.

Bu, bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Biz kənd təsərrüfatının inkişafını, xüsusilə meyvə-tərəvəz sahəsindəki inkişafını da keyfiyyəti itirmədən aparmalıyıq. İndi müasir texnologiyalar vardır. Mənə bu yaxınlarda iqtisadi inkişaf naziri məruzə etmişdir, Azərbaycanda da tətbiq edilir. Bağçılıq sahəsində müasir texnologiyalara uyğun şəkildə istixanalar tikilir. Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərlə məşğuldur. Bu, əlbəttə ki, məhsul istehsalının həcmini artıracaqdır. Ancaq bununla bərabər, biz keyfiyyətə və ən önəmlisi meyvələrin, tərəvəzlərin dadına da daim fikir verməliyik.

Yəni, bir müddət əvvəl qarşıya qoyulan vəzifə icra edilir. 2011-ci ildə dövlət tərəfindən verilən vəsait hesabına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə böyük vəsait ayrılmışdır. Biz bu il - 2012-ci ildə də rekord göstəriciyə çatırıq - sahibkarlara güzəştli şərtlərlə 200 milyon manat kreditlər veriləcəkdir. Mən çox şadam ki, bu, həm maliyyə dəstəyidir, həm də sahibkarlara çox yaxşı məsləhətlər, işə başlamaq üçün maddi imkanlardan asılı olaraq müxtəlif biznes-planlar verilir. Biz doğrudan da sahibkarlara çox böyük diqqətlə yanaşırıq. Mən deyə bilmərəm hansı başqa ölkədə belə yanaşma vardır. Fermerlərə güzəştli şərtlərlə yanacaq, gübrələr, aqrolizinq xətti ilə texnikalar verilir.

Aqroservislər yaradılıbdır. İribuynuzlu cins mal-qara gətirilir, fermerlərə verilir. Ondan sonra güzəştli şərtlərlə kreditlər verilir. Bu il 200 milyon manat kredit veriləcəkdir. Daha sonra, biznes-planlar, investisiya layihələri, bir hektarlıq, beş hektarlıq, iyirmi beş hektarlıq planlar hazırlanır. Yəni, sahibkar sadəcə gəlib təkcə bu işi görməlidir. İndi bizdə keçən ilin sonunda azot gübrəsi zavodunun təməl daşı qoyulubdur. Yəni, biz özümüzü gübrələrlə, azot gübrələri ilə tam şəkildə təmin edəcəyik, ixrac da edəcəyik. Bu da aşağı qiymətlə veriləcəkdir. Bizim böyük qaz ehtiyatlarımız vardır. Biz o zavoda əlbəttə ki, güzəştli şərtlərlə qazı verəcəyik ki, səmərəlilik artsın. Yəni, özümüzü təmin etmək üçün, bir daha demək istəyirəm ki, böyük işlər görülübdür. İşlər bu il də, gələn il də, ondan sonra da görüləcəkdir. Gərək biz indidən gələcəyi düşünək. İndi biz bir çox mövqelər üzrə özümüzü təmin edirik, ya da ki, bu il, yaxud gələn il təmin edəcəyik.

Bizdə quşçuluq sahəsində istehsalımız aşağı səviyyədə idi. İndi görüləcək tədbirlər nəticəsində 2012-ci və 2013-cü illərdə yeni tikiləcək quşçuluq fabriklərinin fəaliyyəti hesabına biz özümüzü quş əti ilə də təmin edəcəyik. Süd emalı, konserv kombinatları tikilir, bağçılıq, bitkiçilik inkişaf edir. Bitkiçilikdə əlbəttə, biz hələ ki, idxaldan asılıyıq, yəqin ki, bir müddət asılı olacağıq. Ancaq bütün başqa mövqelər üzrə biz ya özümüzü təmin edirik, ya bir-iki ildən sonra tam şəkildə təmin edəcəyik. Sual yaranır ki, ondan sonra nə olacaqdır? Çünki biz indi kənd təsərrüfatının inkişafına böyük investisiyalar qoyuruq. Böyük təsərrüfatlar, zavodlar, fabriklər yaradılır. Azərbaycanda sahibkarlar sinfi yaradılıbdır. Onlar əldə edilən gəlirlərin bir hissəsini yeni müəssisələrə yönəldirlər. Belə olan halda, 4-5 ildən sonra bizə əlavə xarici bazarlar lazım olacaqdır. İndi bizim ənənəvi bazarlarımız vardır. Bu bazarlarda Azərbaycan məhsullarına ehtiyac və tələbat vardır. Ancaq biz gələcəyə baxmalıyıq. Bizim potensialımız indiki ixrac imkanlarımızdan bəlkə bir neçə dəfə artıq olacaqdır. Ona görə, mən İqtisadi İnkişaf Nazirliyinə müvafiq göstərişlər verdim. Çünki indi onların əlaqələri çox genişdir, biz müxtəlif ölkələrlə biznes forumlar keçiririk.
Yəni, böyük maraq vardır, xarici əlaqələr artır və biz xarici bazarlara daha da məqsədyönlü şəkildə çıxmalıyıq. Öz biznes strukturlarımıza kömək etməliyik. Xarici siyasət sahəsində tərəfdaşlarla danışıqlarda bu mövzu daim mövcud olmalıdır. Bizə xarici bazarlar lazım olacaqdır. Biz ənənəvi bazarlara və yeni bazarlara daha da böyük həcmdə çıxmalıyıq. Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir. Yəni, belə məhsulların sayı artacaqdır və biz, - yeni bazarların tapılması ilə deyə bilməzdim, çünki onları tapmaq çətin deyildir, - yeni bazarlara çıxmaq üçün baxmalıyıq ki, əlavə hansı tədbirləri görə bilərik.

Keçən ilin sonunda üzümçülüyün inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilmişdir. Bu da bizim niyyətimizi göstərir. Üzümçülüyün Azərbaycanda böyük ənənələri vardır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-1980-ci illərin əvvəllərində böyük üzüm bağları salınmışdır. Azərbaycanda iki milyon ton üzüm istehsal edilmişdir. Sovet məkanında ən böyük istehsalçı Azərbaycan idi. Ondan sonra, antialkoqol kampaniyası nəticəsində nədənsə, ancaq Azərbaycanın üzüm bağları kəsildi, dağıdıldı. Nə Ukraynada, nə Gürcüstanda, nə Ermənistanda, nə Moldovada belə vəhşilik edilməmişdir. Bu da o vaxtkı sovet rəhbərliyinin Azərbaycana qarşı mənfi münasibətinin təzahürüdür. Həm sovet rəhbərliyi, həm də ki, burada oturanlar, yerli yaltaqlar çalışırdılar ki, tezliklə, üzüm bağlarını qırsınlar, raport versinlər ki, biz burada sizin göstərişinizi icra edirik. Onların antimilli hərəkətləri nəticəsində bizim üzüm bağlarımız dağıdıldı. Bizim torpağımız iki milyon ton üzüm verirdi. İndi 130 min ton. Həmin torpaq, həmin şərait, həmin iqlim, yəni, bu, mümkündür. Ona görə də üzümçülüyün inkişafına dair Dövlət Proqramının məqsədi də məhz ondadır ki, biz bu sahəyə böyük diqqət göstərək. Düzdür, indi əvvəlki dövrdə salınmış üzüm bağlarının yerində başqa bitkilər əkilmişdir, ona baxmaq lazımdır. Ancaq hesab edirəm ki, böyük potensial, bazarlar da vardır. Bu sahəyə dövlət dəstəyi əlbəttə ki, daha da böyük və uzunmüddətli olmalıdır. Çünki hamımız yaxşı bilirik ki, üzüm bağlarının salınması və yetişdirilməsi üçün kifayət qədər çox vaxt lazımdır. Hər halda biz bu işə başlamışıq və bu işlər davam etdiriləcəkdir.
Məhsulların saxlanması ilə bağlı əsas məsələlər həllini tapmışdır. Kifayət qədər soyuducu anbarlar tikilmişdir. Mənə məruzə edildi ki, bu il də tikiləcəkdir. Taxıl anbarları da tikilir. Yəni, məhsulların saxlanması üçün və qiymətlərin normal vəziyyətdə olması üçün biz bu şəraiti yaradırıq.

Mən çox şadam ki, bayramlar ərəfəsində - həm Yeni il bayramı, ondan əvvəl Qurban bayramı ərəfəsində qiymətlərdə artım müşahidə edilməmişdir. Bəzi hallarda qiymətlər aşağı düşür. Bu da çox yaxşı nəticədir, yaxşı göstəricidir. Bu, onu göstərir ki, bazarlara nəzarət yüksək səviyyədədir. Möhtəkirliklə məşğul olanlara qarşı mübarizə aparılır və bu mübarizə daim aparılmalıdır. Yəni, bu hadisələr, bayram ərəfəsindəki vəziyyət onu göstərir ki, bu mübarizəni aparmaq mümkündür. Sadəcə olaraq, bütün aidiyyəti qurumlar vicdanla işləməlidirlər, süni qiymət artımına yol verməməlidirlər ki, kimsə burada əsassız varlansın, insanlar isə əziyyət çəksinlər. Biz maaşları, əmək haqlarını, pensiyaları qaldırırıq. Onsuz da bizim böyük investisiya layihələrimiz istər-istəməz qiymətin artımına gətirib çıxarır. Necə ola bilər ki, 20 milyard dollar investisiya qoyulsun və bunun inflyasiyaya təsiri olmasın?! Hələ inflyasiyanı 7,9 faiz səviyyəsində saxlamağımız böyük nailiyyətdir. Elə etməməliyik ki, burada biz dövlət hesabına, büdcə hesabına maaşları, pensiyaları artırırıq, kimsə bundan bəhrələnib dərhal qiymətləri artırsın. Bunlara qarşı ciddi mübarizə aparılmalıdır, aparılır, aparılacaqdır. Bizim siyasətimizə zidd olan adamlar, yaxud da ki, əsassız gəlirlər əldə etmək istəyənlər çox ciddi şəkildə cəzalandırılacaqlar. Yenə də deyirəm, bu sahədəki son hadisələr müsbətdir. Mən bunları dəstəkləyirəm və bu məsələni daim diqqətdə saxlayacağam.

Keçən il Bakı və Bakı qəsəbələrinin inkişafı proqramı qəbul edilmişdir. Bu proqrama böyük ehtiyac var idi. Vaxtilə - bir neçə il bundan əvvəl buna oxşar proqram qəbul edilmişdir, müəyyən işlər görülmüşdür. Bu dəfə bu proqram daha konkretdir, daha qısamüddətlidir - 2011-2013-cü illər. Nəzərə alsaq ki, biz bu proqramı 2011-ci ilin yarısında başlamışıq, deməli, iki il yarım ərzində qəsəbələrdə bütün məsələlər öz həllini tapmalıdır. Bu, çox böyük vəzifədir. Mən bilirəm ki, çox çətin vəzifədir. Amma hesab edirəm ki, iki il yarım ərzində biz bu məsələləri həll edə bilərik. Əgər belə fikirləşməsəydim, onda deyərdim ki, 2011-2015-ci illər. Yox, edə bilərik. İndi necə işlər başlayıb, mən görürəm ki, biz məqsədlərimizə çatmalıyıq. Qəsəbələrdə bütün infrastruktur yenilənməlidir, yenilənir. İndi elektrik xətləri, qazlaşdırma, kanalizasiya, içməli su, yollar ilə bağlı işlər gedir. Bütün qəsəbələrdə sosial infrastruktur - məktəblər, tibb mərkəzləri, mədəniyyət ocaqları tam şəkildə təmir edilməlidir, yenidən yaradılmalıdır. Biz proqramı başlayandan sonra mən bir çox qəsəbələrdə şəxsən olmuşam, - ümumiyyətlə mütəmadi qaydada - Bakıətrafı qəsəbələrdə oluram, - vəziyyətlə tanış olmuşam, göstərişlər vermişəm. Bir müddətdən sonra gedib yoxlayacağam ki, işlər necə gedir?! Mən, ümumiyyətlə, hər bölgədə işlərin gedişatını yoxlayıram. Bəzi hallarda bölgələrə hər gün getmək mümkün deyildir, amma burada - Bakıda hər gün getmək olar. Həftədə bir dəfə özüm gedib yoxlayacağam və elə olmalıdır ki, mən razı qalım. Mən deyəndə, xalq razı qalsın. Xalq razı qalarsa, mən də razı qalacağam. Bu məqsədlərə çatmaq üçün vəsait vardır. 2012-ci ilin investisiya proqramında da vardır, olacaqdır. Burada işlər keyfiyyətli və cədvəl üzrə aparılmalıdır.
Bu işlər Bakı Şəhər İcra Hakimiyyətinə və İqtisadi İnkişaf Nazirliyinə həvalə edilib. Onlar da birgə işləyirlər, nəzarət edirlər. Deyə bilərəm ki, müsbət hallarla yanaşı, mənfi hallar da vardır. Bu aylar ərzində böyük işlər görülmüşdür. Ancaq bəzi hallarda tələskənliyə yol verilmişdir, biz keyfiyyətdə uduzmuşuq. Ancaq nəzarət çoxpilləli olmalıdır. Son nəzarəti mən özüm aparacağam. Ona görə indidən deyirəm ki, bu məsələ ilə məşğul olan bütün qurumlar və podratçılar, iş icraçıları məsuliyyətlə yanaşsınlar. Kim keyfiyyətsiz iş görəcəksə, əgər bu şirkətdirsə, gedib qüsurlarını öz hesabına bərpa edəcəkdir. Əgər dövlət qurumudursa, onda ciddi cəzalandırılacaqdır. Biz bu proqramı 2013-cü ilin sonuna qədər başa çatdırsaq, onda qəsəbələrdə, bir daha demək istəyirəm ki, bütün sosial infrastruktur məsələləri öz həllini tapacaqdır. Bundan əlavə, qəsəbələrdə iş yerlərinin açılması üçün müvafiq göstərişlər verilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu vəsait artıq 2011-ci ildən ayrılmağa başlanmışdır. Əvvəlki dövrdə Fondun xətti ilə vəsait ancaq bölgələrə gedirdi. 2011-ci ildə Bakı qəsəbələrinə 25 faiz vəsait yönəldilib, 2012-ci ildə bu rəqəm 30-40 faiz olacaqdır.
2012-ci ildə sosial infrastrukturun tikintisi həm Bakıda, həm bölgələrdə davam etdiriləcəkdir - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri inşa ediləcəkdir. İndi 10 olimpiya kompleksi tikilir. Üç kompleksin tikintisi üçün hazırlıq işləri gedir. Uşaq bağçaları təmir edilməlidir və onların sayı artırılmalıdır. Müvafiq göstərişlər verilibdir. Hesab edirəm ki, 2012-ci ildə bu sahədə də ciddi dönüş yaradılacaqdır, həm şərait, həm təminat yaxşılaşdırılacaqdır. Təminatla bağlı maliyyə naziri mənə bir neçə təklif vermişdir. Mən onları dəstəkləyirəm. Bu təkliflər əsasında, xüsusilə uşaqları yeməklə təmin etmək üçün yeni müasir sistem qurulmalıdır. Dünya praktikasından istifadə etməliyik. Əgər biz o təklifləri reallaşdıra bilsək hər bir uşaq, hər bir valideyn görəcəkdir ki, bu sahədə də çox ciddi və müsbət dönüş yaranmışdır.

Ordu quruculuğu ilə bağlı mən giriş sözümdə fikirlərimi bildirdim. Qeyd etmək istəyirəm ki, 2012-ci ildə də həm maddi-texniki təchizatla bağlı məsələlər həll olunacaqdır, həm hərbi hissələrin binalarının əsaslı təmiri məsələləri həllini tapacaqdır. Mən qarşıya vəzifə qoymuşam ki, bütün hərbi hissələrimizin binaları yüksək səviyyədə təmir edilsin, bəlkə də yeniləri tikilsin, yeni hərbi bazalar, hərbi şəhərciklər yaradılmalıdır. Orduda xidmət edənlər yaxşı şəraitdə xidmət etməlidirlər. Onların həm məişət, həm iş şəraiti yaxşı olmalıdır. Onlar çətin, ağır şəraitdə, bəzi hallarda soyuqda, istidə xidmət aparırlar. Bütün hərbi hissələrdə, o cümlədən ilk növbədə təmas xəttində yerləşən hərbi hissələrdə 2012-2013-cü illərdə yaşayış, xidmət aparmaq üçün bütün infrastruktur yeniləşməlidir, yenidən yaradılmalıdır. Hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. İyirmi il qüsursuz xidmət göstərmiş gizirlər, zabitlər dövlət tərəfindən mənzillərlə təmin ediləcəklər.

Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Baş nazirin müavini Əli Həsənov da kifayət qədər dolğun məlumat verdi. Doğrudan da böyük işlər görülür. Daha da çox işlər görüləcəkdir. Keçən il də yeni şəhərciklərin açılışını qeyd etmişdik, bu il də qeyd edəcəyik. Hesab edirəm ki, bu il bu məsələlərə nəzərdə tutduğumuzdan ən azı iki dəfə çox vəsait sərf edilməlidir, ən azı iki dəfə, bəlkə də üç dəfə. Çünki bu məsələ ən ciddi, vacib məsələdir. Burada Əli Həsənov məlumat verdi ki, köçkünlər arasında olan yoxsulluq 70 faizdən 18 faizə düşmüşdür. Bu, böyük nəticədir. Amma ölkə üzrə bu göstərici 7,6 faizdir. Yəni, onların arasında iki dəfədən çox yoxsul vardır.

Biz bu vəziyyəti yaxşılaşdırırıq, daha da ciddi şəkildə yaxşılaşdırmalıyıq. Ona görə məcburi köçkünlər üçün yeni tikiləcək şəhərciklərin sayı da çoxalmalıdır. Yataqxanalarla bağlı, o da proqramda vardır. Biz gərək köçkünləri fin evlərindən, yataqxanalardan yaxşı mənzillərə köçürək. Bütün bu işlər vəsait tələb edir. Ona görə deyirəm, onsuz da böyük vəsait ayrılır. Ancaq indi hələ ki, mən rəqəmləri dəqiq demək istəmirəm. Bu məsələ hökumətdə indi müzakirə edilir. Ən azı nəzərdə tutduğumuzdan iki dəfə artıq olmalıdır.

2011-ci ildə ekoloji tədbirlər görülmüş, 7 milyon ağac əkilmişdir. Mən çox şadam ki, "Ekologiya ili" başa çatdıqdan sonra da bu sahə diqqət mərkəzində qalır, belə də olmalıdır. 2012-ci il üçün də konkret təklifləri hazırlayın! Yəqin ki, bu təkliflər var, baxacağıq, vəsait ayrılacaqdır. Bu ekoloji tədbirlər hər bir vətəndaş üçün çox vacibdir.

2011-ci ildə 32 kənddə modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir və təkcə keçən il 50 minə yaxın əhali, hansı ki, təmizlənməmiş sudan istifadə edirdi, təmiz su içir. 2012-ci ildə də bu proqram davam etdirilməlidir.

Çirklənmiş ərazilərin təmizlənməsi prosesi gedir. Balaxanı poliqonu parka dönüb. Vaxtilə o, bəlkə də ölkəmizin ən bərbad ekoloji vəziyyətdə olan, fəlakət vəziyyətində olan bir yeri idi. Balaxanı zibilxanasını görən adam dəhşətə gəlirdi. Şəhər əhalisi sadəcə olaraq oradan qalxan tüstünü görürdü və bu tüstü bütün şəhəri bürüyürdü. İndi o zibilxananın yerində parklar salınıb, 100 hektar ərazidə poliqon yaradılıb, ağaclar əkilib, müasir sistemlər qurulur. Buraya zibil gətirən bütün maşınlar dezinfeksiya olunur. Budur müasir yanaşma. Eyni zamanda, orada məişət tullantılarının yandırılması zavodu uğurla tikilir. Azərbaycan dövləti böyük vəsait ayırmışdır. Ümid edirəm ki, zavod bu il açılacaqdır və bu, ekoloji tədbirlərə ən böyük töhfəmiz olacaqdır.
Sənayeləşmə ilə bağlı işlər gedir, texnoparklar fəaliyyət göstərir. Sumqayıt Texnologiya Parkı öz fəaliyyətini genişləndirir. Bununla bərabər keçən il çox vacib qərarlar verilmişdir. Balaxanıda yeni Texnologiya Parkı, Sumqayıtda Kimya Parkı yaradılacaq, iş yerləri açılacaqdır. Kimya kompleksində istehsal olunan məhsullardan özəl qurumlar, şirkətlər istifadə etməlidirlər. Yerlər ayrılıbdır, kommunikasiyalar, infrastruktur yaradılır. Təki sahibkarlar, iş adamları gəlsinlər, orada iş görsünlər, biz də kömək göstərəcəyik.

Bu il də sənayeləşmə üçün əlavə imkanlar yaradılacaqdır. Gəncədə yeni alüminium zavodu işə başlayacaqdır. Bu böyük hadisədir. Alüminium sənayesinin inkişafı üçün böyük addımdır. Ancaq birinci addımdır. Metallurgiya sənayesinin inkişafına böyük diqqət göstərilməlidir. Bu sahədə də böyük imkanlar vardır. Nəzərə alsaq ki, bizdə kifayət qədər metal qırıntıları var, onlardan səmərəli istifadə edilməlidir. Xaricdən indi məhsullar gətirilir. Bizim Daşkəsəndə filiz yataqlarımız vardır. Yəni, güclü metallurgiya sənayesinin yaradılması bizim gündəliyimizdədir və biz bunu edəcəyik.

Burada qeyd olundu ki, müasir texnologiyalara əsaslanmış sement zavodu tikilir. İsveçrə şirkəti tərəfindən bu il istifadəyə veriləcəkdir. Ondan sonra növbəti sement zavodu tikilir. Yəni, biz elə etməliyik ki, növbəti 3-4 il ərzində özümüzü tam şəkildə sementlə təmin edək. Əlbəttə ki, bizim tələbatımız da artır, ancaq bunu etmək üçün imkanlar vardır.

Biz gərək özəl investorları stimullaşdıraq, onlara şərait yaradaq ki, onlar bu sahəyə daha çox investisiya qoysunlar. Dövlət də kömək göstərməlidir. Yəni, bu sahədə biz özümüzü tikinti materialları ilə tam təmin etməliyik. Keçən ilin sonunda bir neçə zavodun açılışında iştirak etmişəm. Bu sahədə işlər yaxşı gedir.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tam ciddiliyi ilə davam etdirilməlidir. 2011-ci ildə bu sahədə çox böyük işlər görülmüşdür. 2012-ci ildə daha da böyük işlər görülməlidir. Bu mübarizə heç vaxt dayanmamalıdır, daim aparılmalıdır. Bu mübarizənin yaxşı nəticələri vardır, daha da yaxşı nəticələr ola bilər. Burada həm cəza tədbirləri, inzibati tədbirlər və həm də institusional tədbirlər olacaq, sistem xarakterli dəyişikliklər ediləcəkdir. Mənim Sərəncamım ilə bütün nazirliklər, dövlət qurumları "Elektron hökumət"in fəaliyyəti, biznes sahəsində icazələrin verilməsi məsələlərində şəffaflıq, operativlik, elektron xidmətlərin göstərilməsi ilə bağlı təkliflərini təqdim edib.
Dünya praktikası var, müsbət praktika var, Avropa İttifaqının təcrübəsi var. Biz yaxşı təcrübəni həmişə götürməliyik.
Mən demirəm ki, biz orada olan bütün yenilikləri tətbiq etməliyik. Bu mümkün deyildir. Bəzi hallarda milli mentalitetimizə zidd olan təşəbbüsləri biz burada heç vaxt tətbiq edə bilmərik. Ancaq müsbət, bizə lazım olan praktikanı tətbiq etməliyik, xüsusilə bu sahədə.

Nəhayət son məsələyə toxunmaq istəyirəm. 2012-ci ildə Yay Olimpiya oyunları keçiriləcəkdir. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni, ümidlərimiz böyükdür. 2012-ci ildə bizim on olimpiya kompleksimiz tikiləcəkdir. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fazaya keçəcəkdir. Altmış beş minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri tikilməkdədir. Böyük gimnastika kompleksi, Bakı "Kristal" İdman Konsert Kompleksi tikilir. Yəni, bu sahəyə həmişə olduğu kimi, böyük diqqət göstərilmişdir. 2012-ci ildə həm ölkə daxilində olan hadisələr, həm olimpiya oyunlarına hazırlıq, olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulur. Mən hesab edirəm ki, biz 2012-ci ili "İdman ili" elan etməliyik. Bu məsələ ilə bağlı öz fikrimi bildirirəm və müvafiq sərəncamı da hazırlayın ki, bu gün mən bunu imzalayım.

Beləliklə, 2012-ci il başlayır. 2012-ci ildə görüləcək işlər çoxdur. Hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm. Sağ olun.

Xəbər lenti

Xəbər lenti