Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir M.Əliyev/
Azərbaycanda insan haqları ilə bağlı vəziyyət bir neçə ildir ki, "Freedom House" təşkilatı tərəfindən hazırlanan hesabatlarda təhrif edilir. Bunu Trend-ə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov deyib.
"Bu təhriflər təsadüfi deyil, çünki illərlə təkrar edilən hesabat təsadüf ola bilməz", - Əhmədov bildirib.
Onun sözlərinə görə, hər bir dövlətdə insan haqları ilə bağlı vəziyyətin barometri həmin dövlətin əhalisinin münasibəti və baxışlarıdır.
"Azərbaycandakı sabitlik, inkişaf, vətəndaşların hökumətin həyata keçirdiyi siyasətə yüksək etimadı və inamı ölkənin insan haqları ilə bağlı durumunu qiymətləndirmək üçün ən başlıca kriteriya olmalıdır", - Əhmədov deyib.
YAP-ın sədr müavini qeyd edib ki, dəfələrlə "Freedom House" təşkilatı tərəfindən Azərbaycanda insan haqları ilə bağlı yayılan hesabatlarda qeyri-obyektivliklər yer alıb. "Bu qeyri-obyektivliyi sübut etmək üçün kifayət qədər faktlar və sübutlar da gətirilib. "Freedom House" öz qeyri-səhih hesabatlarının hazırlanması zamanı o qədər də ciddi olmayan mənbələrə üstünlük verir", - Əhmədov bildirib.
"Freedom House" təşkilatı illik hesabatında Azərbaycanla bağlı neqativ fikirlər səsləndirib.