...

Bakıda Fransa səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Siyasət Materials 25 Yanvar 2012 13:43 (UTC +04:00)
Bakıda Fransa səfirliyinin bunası qarşısında etiraz aksiyası keçirilib
Bakıda Fransa səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib
(FOTO)

Fotolar əlavə olunub (İlk xəbər 11:25-də yayılıb)

Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir E.Mehdiyev/

Beynəlxalq Diaspor Mərkəzi, Qarabağ Azadlıq Təşkilatı, Beynəlxalq Atatürkçü Düşüncə Təşkilatı Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin qəbul olunmasına etiraz olaraq, Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısındakı parkda etiraz aksiyası keçirib.

Trend-in məlumatına görə, polis aksiyanın səfirliyin qarşısında keçirilməsinə icazə verməyib.

Aksiyanın şüarları "Fransa, dayan!", "Ar olsun Fransaya!", "Rədd olsun Fransa!", "ATƏT, cinayətkar Sarkisyana bax!", "Türkün düşməni qatil Sarkisyan!", "Qarabağı işğal edən Ermənistana dəstəyi dayandır!" olub.

Aksiya iştirakçıları bəyannamələri oxuyaraq Fransanın Azərbaycandakı səfirliyinə təqdim ediblər.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti