...

İran XİN rəhbəri: Qərbin təzyiqi çıxış yolu deyil

Siyasət Materials 2 Aprel 2012 15:35 (UTC +04:00)
ABŞ-ın İran neftinin 11 idxalçısını sanksiyalardan azad etməsi Qərb ölkələrinin İranla bağlı mövqeyini dəyişdirməsi demək deyil.
İran XİN rəhbəri: Qərbin təzyiqi çıxış yolu deyil

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbirlər D.Xatınoğlu, E.Tariverdiyeva/

ABŞ-ın İran neftinin 11 idxalçısını sanksiyalardan azad etməsi Qərb ölkələrinin İranla bağlı mövqeyini dəyişdirməsi demək deyil. Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi IRNA dövləvt agentliyinə müsahibəsində deyib.

"Qərb İranın hələlik öz gücünü saxladığını və öz nüvə proqramından imtina etmək fikrində olmadığını hesab edənədək təzyiqləri davam etdirəcək", - Salehi deyib.

Nazir əlavə edib ki, İran öz düşmənlərinin planları barədə bilməli və onların sanksiyalarına qarşı müqavimət göstərməlidir.

Birləşmiş Ştatlar məlumat verib ki, İran neftinin alışını azalda bildiklərinə görə Aİ-nin 10 üzvü və Yaponiya daxil olmaqla, 11 ölkəni İrana qarşı sərt sanksiyaların tətbiqindən azad edir.

Bir az əvvəl ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, sanksiyalara əməl etməkdən azad edilmə 11 ölkənin - Belçika, Böyük Britaniya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Yaponiya, Niderland, Polşa və İspaniyanın maliyyə müəssisələrinə şamil edilir.

Dekabrın 31-də qəbul edilən qərara uyğun olaraq, Aİ ölkələri iyunun 28-dək "İran neftinin alış həcmini xeyli azaltdıqları"nı nümayiş etdirməli idilər.

Salehinin sözlərinə görə, İrana qarşı sanksiyalar ölkə üçün cüzi problemlər yaratsa da, İran öz yolunda davam edəcək.

"Bizim müqavimətimiz onlar üçün çox böyük olanda, təslim olacaqlar, lakin onlar hələ bu nöqtəyə çatmayıblar", - Salehi qeyd edib və İranın Qərbin təzyiqinə davam gətirəcəyini əlavə edib.

BMT Təhlükəsizlik Şurası 2006-2010-cu illərdə İrana qarşı sanksiyalar tətbiq edib və Tehranı öz nüvə proqramını dayandırmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti