...

Mübariz Əhmədoğlu: Rusiya rəhbərliyinin Serj Sarkisyana münasibəti hədsiz pisdir

Siyasət Materials 4 Aprel 2012 15:33 (UTC +04:00)
Rusiya rəhbərliyinin Ermənistan Prezidenti Serj Sarkisyana münasibəti hədsiz pisdir və bunu nümayiş etdirməkdən çəkinmir.
Mübariz Əhmədoğlu: Rusiya rəhbərliyinin Serj Sarkisyana münasibəti hədsiz pisdir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Mehdiyev/

Rusiya rəhbərliyinin Ermənistan Prezidenti Serj Sarkisyana münasibəti hədsiz pisdir və bunu nümayiş etdirməkdən çəkinmir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü Trend BİA-nın konfrans zalında keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Sarkisyanın sədrlik etdiyi partiyanın qurultayına Rusiyanın daxilində heç bir siyasi çəkisi olmayan, erməni mənşəli populyar elm adamı Artur Çilinqarov göndərildi.

Əhmədoğlu qeyd edib ki, "Çiçəklənən Ermənistan" partiyasının qurultayında Rusiyanı Dövlət Dumasının vitse-spikeri, "Vahid Rusiya" partiyasının sədr müavini Sergey Neverov təmsil etdi.

"Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edən Sarkisyanın iki gün orada qalmasına baxmayaraq, onu nə Dmitri Medvedev, nə də Vladimir Putin qəbul etdi. Sarkisyanın Moskvaya səfərindən 3-4 gün əvvəl Putin eks-prezident Robert Koçaryanı qəbul etmiş və bu barədə Putinin mətbuat xidməti məlumat yaymışdı", - politoloq deyib.

Ermənistanda keçiriləcək parlament seçkilərinə toxunan Əhmədoğlu qeyd edib ki, seçkilərdə üç ssenari uğrunda mübarizə gedir.

Onun sözlərinə görə, birinci ssenari Sarkisyana məxsusdur.

"O, "demokratik seçki" adı altında şou keçirməklə özünə lazım olan bütün xarakterli adamları parlamentə yığmaq istəyir. 2 milyon 845 min əhalisi olan Ermənistanda 2 milyon 450 min seçici qeydiyyatdan keçib. Bu, absurddur. Seçici siyahılarında, ən azı, 700 mindən artıq adam var. Heç kim seçici siyahılarını dəqiqləşdirmək istəmir", - Əhmədoğlu vurğulayıb.

O bildirib ki, fövqəladə vəziyyət rejimi haqqında qanun qəbul etdirməklə, Sarkisyan 2008-ci ilin 1 mart hadisəsi tipli hadisədən də çəkinməyəcəyini nümayiş etdirir.

"Başqa bir misal Sarkisyanın seçkidə saxtakarlıq niyyətinin qətiyyətini göstərən ən yaxşı nümunədir. Məşhur oliqarx, keçmiş deputat, Qarabağ döyüşlərində iştirak etmiş Xaçatur Sukiasyanın 2008-ci ilin 1 mart hadisələrinə görə ölkədə olmadığını əsas götürərək Ermənistan polisi onun beş il ardıcıl Ermənistanda yaşamadığı haqqında arayış verdi. Bununla da Sukiasyanın deputatlığının qeydə alınması mümkün olmadı. Ermənistan polisi tərəfindən beş il ərzində axtarışda olan Eduard Mədətyana ("Xuçuç Edo") isə həmin Ermənistan polisi beş il ərzində onun Ermənistanda, Yerevanda yaşadığı barədə arayış verdi", - politoloq qeyd edib.

O bildirib ki, ikinci ssenari ABŞ-ın ssenarisidir.

"ABŞ Sarkisyanın partiyasının parlament seçkilərini udmasını arzulayır və bunun mümkün qədər demokratiyaya uyğun şəkildə reallaşdırılmasını istəyir. Müəyyən qisim saxtakarlıqlara göz yummağa hazırlaşır", - Əhmədoğlu bildirib.

Üçüncü ssenarinin Rusiyaya məxsus oluğunu nəzərə çatdıran politoloq deyib ki, Rusiya Ermənistandakı parlament seçkilərində Sarkisyanın uduzmasının tərəfdarıdır.

"Rusiya hakim koalisiyasının üzvü, adı eks-prezident Koçaryanın partiyasının sədri kimi hallanan, multimilyoner Qaqik Çarukyan olan "Çiçəklənən Ermənistan" partiyasının udmasında maraqlıdır. Rusiyanın xüsusi xidmət orqanlarına bağlı olan Cavaxetiya erməniləri təşkilatı erməniləri "Çiçəklənən Ermənistan" partiyasına səs verməyə çağırıb", - politoloq vurğulayıb.

Xəbər lenti

Xəbər lenti