Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisinin cümə günü keçirilən iclasında "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər qəbul olunub.
Trend-in məlumatına görə, qanuna dəyişikliklər dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin bölüşdürülməsini əks etdirir.
Qanuna edilən əlavəyə görə, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Parlamentində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa müzakirələr zamanı bildirib ki, qanuna belə bir dəyişikliyin müzakirəyə çıxarılması hakimiyyətin siyasi islahatlar həyata keçirməsindən xəbər verir. O, həmçinin, dəyişikliklərdə siyasi partiyaların müharibə təbliğatı aparmasına qadağaya etiraz bildirib.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, seçkilər siyasi partiyaların cəmiyyətdə yerini müəyyən edir. Onun sözlərinə görə, qanuna dəyişikliklərdə qeyd olunan siyasi partiyaların maliyyə hesabatları verməsi çox mühüm məsələdir. "YAP maliyyə hesabatları təqdim edən yeganə patrtiyalardan biridir, heç bir müxalif partiyası maliyyə hesabatı təqdim etmir", - o deyib.
Qanuna dəyişikliyə görə, siyasi partiyaların bələdiyyə orqanları və onların tabeliyində olan qurumları, xarici dövlətlər və xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yetkinlik yaşına çatmamış şəxslər, soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını və nömrəsini göstərməyən fiziki şəxslər, hərbi hissələr, ictimai birliklər və fondlar, dini qurumlar, hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsi, o cümlədən ianələr qəbul etməsi qadağandır.
Siyasi partiyalar qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları maliyyə hesabatına daxil etməli olacaqlar. Həmçinin, qanuna edilən dəyişilkliyə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi inforrnasiya vasitələrində dərc etdirməlidir.
Qanuna olunan əlavəyə görə, siyasi partiya dövlət qeydiyyatına alınan zaman proqramını və sonradan həmin proqrama edilən hər hansı dəyişikliyi müvafiq icra hakimiyyəti orqanına məlumat üçün təqdim edir.
Həmçinin, qeyd olunub ki, siyasi partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilati strukturlarının Azərbaycanın dövlət orqanlarında fəaliyyətinə yol verilmir.
Dəyişiklikdə göstərilir ki, dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz.
Həmçinin, qanuna edilən əlavəyə görə, dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilməyəcək.
Qanuna dəyişikliklər siyasi partiyalar qarşısında müəyyən vəzifələr də qoyur. Belə ki, qanunun "Siyasi partiyaların fəaliyyət formaları" maddəsində qeyd olunur ki, partiyalar vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparmalıdır.
Yeni qanun layihəsində göstərilir ki, siyasi partiyanın nizamnaməsini və proqramını qəbul etmiş, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları siyasi partiyaya üzv ola bilərlər. Siyasi partiyalar tərəfindən üzvlərinin qeydiyyatı aparılır.
Siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır.
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, artıq Azərbaycanda küçə müxalifətçiliyindən əl çəkərək sivil müxalifətçiliyə keçməyin vaxtı çatıb. "Dövlət həmişə kompromisin tərəfdarı olub. Biz iqtidar-müxalifət dialoqunu hər zaman Milli Məclisdə müzakirə etmək istəyirik", - Əsgərov deyib.