...

Əli Həsənov: Jurnalistin təzyiqə məruz qalmasını pisləyirik

Siyasət Materials 20 Aprel 2012 20:20 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistin təzyiqə məruz qalmasını pisləyib.
Əli Həsənov: Jurnalistin təzyiqə məruz qalmasını pisləyirik

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistin təzyiqə məruz qalmasını pisləyib.

"İdrak Abbasovun Sulutəpədəki söküntülər zamanı təzyiqə məruz qalmasını pisləyirik. Jurnalistin yerindən, situasiyadan asılı olmayaraq, öz peşə funksiyasını yerinə yetirmək imkanı olmalıdır", - bunu Trend-ə açıqlamasında Əli Həsənov deyib.

"Hazırda hadisə araşdırılır. Lakin indiyə qədər verilən açıqlamalardan anladığıma görə, onun döyülməsi məhz jurnalist olduğuna görə baş verməyib. Sadəcə, söküntü prosesindəki anlaşılmazlıq nəticəsində insident yaranıb. Bu hadisə müdafiə olunanla söküntünü həyata keçirmək istəyən arasında çəkişmə zəminində baş verib", - Həsənov qeyd edib.

PA rəsmisi hadisənin ölkədə söz, mətbuat azadlığına basqı kimi dəyərləndirilməsinin yanlış olduğunu bildirib.

"Bu, qətiyyən Azərbaycanda söz, mətbuat azadlığına basqı deyil, bəzi mətbuat orqanlarının qələmə verdiyi kimi, mətbuatla hakimiyyət arasındakı qarşıdurma da deyil. Azərbaycanda söz, mətbuat azadlığı Konstitusiya normasıdır, Azərbaycan hakimiyyəti də bunu qoruyur, bundan sonra da qoruyacaq. Azərbaycan hakimiyyəti söz, mətbuat azadlığının qarantıdır, bundan sonra da belə qalacaq", - o deyib.

Həsənov jurnalistlərin bu tipli aksiyalarda iştirak edərkən öz geyim və davranışları, seçdikləri yer, həyata keçirdikləri fəaliyyətlə hadisələrin iştirakçılarından fərqlənmələrinin vacib olduğunu bildirib.

"Bu ona görə lazımdır ki, qayda-qanun yaradan, söküntü aparanlar da jurnalistlə hadisə iştirakçısını fərqləndirə bilsinlər. Belə aksiyaları işıqlandıran jurnalistlərin ayrıcı forma geyinmələri, hadisələrə müdaxilə etməmələri, iştirakçılara qarışmamaları vacibdir", - o bildirib.

Əli Həsənov hazırda məsələnin araşdırıldığını bildirib. Onun sözlərinə görə, hadisənin hansı şəraitdə baş verdiyi, kimin tərəfindən törədildiyi, onların İdrak Abbasovun jurnalist olub-olmadığını bilib-bilməmələri araşdırılır. "Lakin dünən ARDNŞ əməkdaşlarının açıqlamasından belə məlum oldu ki, bu hadisəni törədənlər onun jurnalist olduğunu bilməyiblər. Onların dediyinə görə, İdrak Abbasovun yaxın qohumlarının oradakı qanunsuz tikililəri sökülürmüş, o da onları müdafiə etmək məqsədilə ora gəlib, bu müdafiə fonunda da qarşıdurma yaranıb. İstənilən halda Neft Şirkəti araşdırma aparır, nəticə haqqında məlumat veriləcək", - şöbə müdiri əlavə edib.

Xəbər lenti

Xəbər lenti