...

Azərbaycan səfiri etimadnaməsini Tacikistan Prezidentinə təqdim edib

Siyasət Materials 26 Aprel 2012 13:06 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Kərəm oğlu Həsənov Tacikistan Prezidenti İmoməli Rəhmona etimadnaməsini təqdim edib.
Azərbaycan səfiri etimadnaməsini Tacikistan Prezidentinə təqdim edib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Kərəm oğlu Həsənov Tacikistan Prezidenti İmoməli Rəhmona etimadnaməsini təqdim edib.

Tacikistandakı səfirlikdən Trend-ə verilən məlumata görə, etimadnamənin təqdim edilməsi mərasimindən sonra ikitərəfli söhbət zamanı səfir Abbasəli Həsənov Tacikistan Prezidenti İmoməli Rəhmona Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb.

Səfir bildirib ki, coğrafi uzaqlığa baxmayaraq, iki dost Azərbaycan və Tacikistan xalqları tarixən iqtisadi, ticari, elmi və mədəni əlaqələrini inkişaf etdiriblər. Bu gün müstəqillik dövründə də xalqlarımız arasında bu ənənə davam etməkdədir.

Həsənov bildirib ki, cari ilin mart ayının 5-də Düşənbə şəhərində Azərbaycan-Tacikistan Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyasının iclasının yekununda bütün sahələr üzrə imzalanmış protokolun həyata keçirilməsi istiqamətində iş aparılır və bəzi uğurlar var, lakin görüləcək işlər çoxdur.

Prezident İmoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə onun səmimi salamlarını çatdırmağı xahiş edib və bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var. Azərbaycan-Tacikistan Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyasının fəaliyyətini məqbul hasab edərək qeyd edib ki, elə etmək lazımdır ki, komissiyanın növbəti iclasınadək bütün sahələr üzrə nəzərdə tutulmuş işlər həyata keçirilsin.

Daha sonra Rəhmon Sovet İttifaqı dövründə Tacikistanın sənaye müəssisələrinin yaranmasında həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyevin müstəsna xidməti və dəstəyi olduğunu xüsusi ilə qeyd edib. Həmin dövrdə Heydər Əliyevin dəstəyi ilə bir çox zavod, fabrik və sair sənaye obyektləri, o cümlədən "Nurek" SES və Kurqan-Tyube - Kulyab dəmir yolu tikilib. Buna görə də Tacikistan xalqı daima Heydər Əliyevin xatirəsini qəlbində yaşadır.

Tacikistan Prezidenti xalqlarımızın talelərində oxşarlığın olduğunu və müstəqillik illərinin əvvəlindən etibarən müharibə acısını daddığını, lakin Azərbaycan və Tacikistan xalqlarının öz müstəqilliklərini qoruyub saxlamağı bacardığını bildirib və deyib ki, bu gün Azərbaycandakı inkişaf və uğurlar bizi çox sevindirir.

Səfir vurğulayıb ki, Azərbaycanla Tacikistanın ikitərəfli münasibətlərinin inkişafına maneə törədən başlıca amillərdən biri də iki ölkə arasında birbaşa hava əlaqəsinin olmamasıdır.

Bu istəyin, arzunun hər iki ölkədə yaşayan qarışıq ailələrin və onların çox saylı qohumlarının arzusu və istəyi olduğunu da bu yaxınlarda Azərbaycanla Tacikistan arasında ilk dəfə həyata keçirilmiş "Telekörpü" televiziya layihəsində səsləndiyini Həsənov Prezidentin diqqətinə çatdırıb.

Tacikistan Prezidenti ikitərəfli münasibətlərin inkişafında Düşənbə-Bakı təyyarə reysinin vacibliyini qeyd edərək bildirib ki, öz tərəfindən lazımi tədbirlərin görülməsi üçün müvafiq göstəriş verəcək.

Görüş səmimi şəraitdə keçib və məhsuldar olub.

Xəbər lenti

Xəbər lenti