...

Berlində Avropa Azərbaycanlıları Konqresinin IV qurultayı işinə başlayıb

Siyasət Materials 29 Aprel 2012 15:02 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayı aprelin 29-da Almaniyanın paytaxtı Berlin şəhərində öz işinə başlayıb.
Berlində Avropa Azərbaycanlıları Konqresinin IV qurultayı işinə başlayıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Mehdiyev/

Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayı aprelin 29-da Almaniyanın paytaxtı Berlin şəhərində öz işinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bazar günü Trend-ə daxil olan məlumata görə, Qurultayda Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərləri, Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkə deputatları, AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin digər xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak edirlər.

Qurultayda AAK prezidenti Başar Kömürün ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinləniləcək. Daha sonra digər qurultay nümayəndələri və qonaqlar çıxış edərək AAK-ın ötən dövrdəki fəaliyyətinə, təşkilatın qarşısında dayanan vəzifələrin icrasına qiymət verəcəklər.

Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələrin aparılması, AAK-a yeni üzv-təşkilatların qəbulu da planlaşdırılır.

Toplantıda "Gücümüz birliyimizdədir" sənədli filmi nümayiş etdiriləcək, toplantı çərçivəsində Dünya Azərbaycanlılarının III Qurultayının yekunlarına həsr olunmuş kitabın təqdimatı keçiriləcəkdir.

Qurultayda AAK-ın rəhbər orqanları seçiləcək, həmçinin bir sıra sənədlər, o cümlədən AAK-ın IV Qurultayının Qətnaməsi qəbul ediləcək. AAK-ın IV Qurultayında "Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin Məşvərət Şurası"nın yaradılması gözlənilir.

Avropa Azərbaycanlıları Konqresi 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Qurumun yaradılmasında əsas məqsəd Avropa ölkələrində məskunlaşmış soydaşlarımızın tarixi Vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, onların milli, sosial və vətəndaş hüquqlarının müdafiəsi, milli-mənəvi dəyərlərin birgə qorunması və Azərbaycan icma və birliklərinin regionda fəaliyyətlərinin əlaqələndirilməsi olub. Avropa Azərbaycanlıları Konqresində Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı təmsil olunur.

Xəbər lenti

Xəbər lenti