...

Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziya və İndoneziyada rəsmi səfərdə olacaq

Siyasət Materials 3 Noyabr 2012 12:27 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 5-dən 8-dək Malayziyada, noyabrın 8-dən 11-dək isə İndoneziyada rəsmi səfərdə olacaq.
Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziya və İndoneziyada rəsmi səfərdə olacaq

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 5-dən 8-dək Malayziyada, noyabrın 8-dən 11-dək isə İndoneziyada rəsmi səfərdə olacaq. Trend-in məlumatına görə, bunu şənbə günü keçirdiyi brifinqdə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Nümayəndə heyətinin tərkibinə parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Bəxtiyar Əliyev, Çingiz Əsədullayev, Mirkazım Kazımov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Malayziyaya səfər çərçivəsində nümayəndə heyəti ölkə parlamentində olacaq, Malayziya qanunvericilik orqanının fəaliyyəti ilə yaxından maraqlanacaq, parlamentin plenar iclasını müşahidə edəcək.

Burada Milli Məclis sədrinin Malayziya parlamentinin hər iki palatasının rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi barədə danışıqlar aparılacaq.

Nümayəndə heyətinin Malayziya Baş nazirinin ofisində keçiriləcək görüşündə ikitərəfli əlaqələrimizin daha da dərinləşməsi məsələləri müzakirə olunacaq.

Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyətinin İndoneziyaya səfəri zamanı nümayəndə heyətinin üzvləri ölkə parlamentinin fəaliyyəti ilə tanış olacaq, İndoneziya Xalq Məşvərət Məclisinin sədri, Regional Nümayəndələr Şurasının rəhbərliyi ilə görüşlər keçirəcəklər. Bu görüşlərdə qanunverici orqanlar arasında münasibətlərimizin inkişaf istiqamətləri barədə söhbətlər aparılacaq.

Milli Məclis sədrinin ölkə Prezidenti və xarici işlər naziri ilə nəzərdə tutulmuş görüşlərində iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımızın genişlənməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti