Azərbaycan, Bakı, 22 noyabr / Trend, müxbirlər E.Mehdiyev, Y.Kosolapova /
Cümə axşamı Bakıda işə başlayan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası (İCAPP) iştirakçıları arasında qarşılıqlı anlaşmanı qaydaya salmaq üçün yaxşı imkan yaradır. Trend-in məlumatına görə, bunu BMT-nin baş katibi Pan Gi Mun forum iştirakçılarına ünvanladığı təbrik məktubunda deyib.
"Bu görüş nəticədə sabit çiçəklənməyə və azadlığa gətirib çıxara biləcək yaxşı qarşılıqlı anlaşmanı qaydaya salmağa imkan verir", - BMT-nin baş katibi qeyd edib.
Pan Gi Mun beynəlxalq konfransın iştirakçılarını salamlamaq imkanına görə şad olduğunu vurğulayıb və bu görüşün təşkili üçün Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildirib.
"Təşkilatın formatı regiondakı hökumətlərin, müxalifətin və müstəqil qüvvələrin hərəkətlərini əlaqələndirməyə və dialoqu qaydaya salmağa qadir olan əhəmiyyətli forum səviyyəsinə qədər böyüyüb", - məktubda deyilir.
Pan Gi Munun sözlərinə görə, münaqişələr və anlaşılmazlıqlar beynəlxalq əməkdaşlığı çətinləşdirir.
O, məktubunda təşkilata daxil olan partiyaları ekstremizm və iqlim dəyişiklikləri kimi ümumi təhlükələrlə birgə mübarizə aparmağa, həmçinin insan hüquqlarının müdafiəsi üçün tədbirlər görməyə çağırıb.
"BMT Sizinlə energetikadan təhsilə, münaqişələrin qarşısının alınmasından təbii fəlakətlərin risklərinin azaldılmasına kimi müxtəlif məsələlərdə əməkdaşlığa davam edəcək", - Pan Gi Munun təbrik məktubunda deyilir.