...

Böyük Britaniya Parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin illik naharı keçirilib (FOTO)

Siyasət Materials 9 Dekabr 2012 15:49 (UTC +04:00)
Böyük Britaniya Parlamenti İcmalar Palatasının məşhur Çörçil zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik naharı keçirilib.
Böyük Britaniya Parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin illik naharı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Böyük Britaniya Parlamenti İcmalar Palatasının məşhur Çörçil zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik naharı keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri Lord Freyzer və Nərgiz xanım Paşayeva, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, həmçinin Cəmiyyət üzvləri və müxtəlif ölkələrin nümayəndələri iştirak edib.

Tədbiri açan Cəmiyyətin İngiltərədən olan həmsədri Lord Freyzer iştirakçılara qurumun fəaliyyəti, cari il ərzində gördüyü işlər barədə ətraflı məlumat verib. Təşkilatın fəaliyyətini dəstəkləyən ayrı-ayrı şəxslərə və şirkətlərə, o cümlədən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə minnətdarlığını bildirən Lord Freyzer həmsədri olduğu Cəmiyyətin bundan sonra da iki ölkə arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsi istiqamətində səylərini daha da artıracağını qeyd edib.

Cəmiyyətin Azərbaycandan olan həmsədri, professor Nərgiz xanım Paşayeva qonaqları salamlayaraq, həmsədri olduğu təşkilatın tarixi, keçdiyi inkişaf yolu, həyata keçirdiyi müxtəlif layihələr haqqında ətraflı məlumat verib. 1997-ci ildən fəaliyyət göstərən Cəmiyyətin iki ölkə arasında mövcud olan münasibətlərin inkişaf etməsində əvəzsiz xidmətləri olduğunu bildirən Nərgiz Paşayeva sözügedən qurumun son illər ərzində daha aktiv fəaliyyət göstərdiyini, ölkəmizdə, həmçinin Böyük Britaniyada bir sıra uğurlu humanitar, sosial və mədəni layihələr həyata keçirdiyini xüsusilə qeyd edib. O, həmçinin Azərbaycan-Britaniya mədəni və humanitar əlaqələrinin inkişafında xüsusi rolu olan Cəmiyyətə həmsədrlik etməkdən, ölkəmizi təmsil və təbliğ etməkdən qürur duyduğunu bildirib.

Tədbir zamanı səfir Fəxrəddin Qurbanov İngiltərə-Azərbaycan Cəmiyyətinin ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirib və Cəmiyyətin ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına xüsusi töhfə verdiyini qeyd edib. Səfir, həmçinin bu dövr ərzində səfirlik və Cəmiyyətin birgə reallaşdırdığı tədbirlər haqqında iştirakçılara məlumat verərək, ötən il ərzində bir sıra uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. Qurbanov səfirliyin Cəmiyyətin bundan sonrakı fəaliyyətinə hərtərəfli dəstək verəcəyini bildirib.

Tədbir çərçivəsində İngiltərə-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Londonda təhsil alan gənc azərbaycanlı skripka ustası Nigar Mirzəyeva dünya musiqi klassiklərinin əsərlərindən parçalar ifa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti