...

Milli Məclis Azərbaycan ilə İran arasında sadələşdirilmiş sərhəd-keçid qaydalarını ləğv edəcək

Siyasət Materials 10 Dekabr 2012 15:57 (UTC +04:00)
Milli Məclis Azərbaycan ilə İran arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkənin vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumu ləğv edəcək.
Milli Məclis Azərbaycan ilə İran arasında sadələşdirilmiş sərhəd-keçid qaydalarını ləğv edəcək

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir M.Əliyev/

Milli Məclis Azərbaycan ilə İran arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkənin vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumu ləğv edəcək.

Milli məclisin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" Memorandumun qüvvədə olma müddətinin bu ilin dekabrın əvvəlində bitməsi səbəbi ilə onun ləğv olunması barədə məsələ Azərbaycan Parlamentinin sabah keçiriləcək iclasının gündəliyinə salınıb.

Memorandum iki dövlət arasındakı sərhəd xəttindən hər iki tərəfə 45 km enində yerləşən sərhədyanı rayonlarda yaşayan tərəflərin dövlətlərinin vətəndaşlarına şamil edilir.

Qeyd edək ki, sənədə əsasən sərhədyanı rayonlarda daimi yaşayan Azərbaycan vətəndaşları sadələşdirilmiş qaydada İrana səfər etmək üçün xüsusi qeydlər səhifəsində sərhədyanı rayonlarda daimi yaşamaları barədə Azərbaycan və ingilis dillərində "qeyd" aparılan ümumvətəndaş pasportları əsasında sərhədi keçə bilərdilər, sərhədyanı rayonlarda daimi yaşayan İran vətəndaşları isə sadələşdirilmiş qaydada Azərbaycana səfər etmək üçün qəbul olunmuş formada fars və rus dillərində tərtib olunan "sərhəd keçidlərinə dair sertifıkat" əsasında sərhədi keçmək hüququna malikdirlər.

Milli Məclis, həmçinin "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında" Memorandumun təsdiq edilməsi barədə" 2006-cı il 1 mart tarixli qanunun da ləğv edilməsini müzakirəyə çıxaracaq.

Parlament dekabrın 11-də keçiriləcək iclasında ümumilikdə 25 məsələyə baxacaq. Bunların əksəriyyəti hökumətlərarası sazişlərin təsdiq olunmasıdır. Həmçinin, bir neçə qanunda, İnzibati Xətalar Məcəlləsində, Prosessual Məcəllədə dəyişiklik nəzərdə tutulur. Bundan əlavə, inzibati ərazi bölgülərində dəyişiklər məsələlərinə baxılacaq. Eyni zamanda, "Həmkarlar ittifaqı haqqında" qanuna və "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti