...

Azərbaycan ombudsmanı Fransa Milli Assambleyasında iki azərbaycanlının vəhşicəsinə döyülməsi ilə əlaqədar bəyanat verib

Siyasət Materials 28 Fevral 2013 18:22 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Fransa Milli Assambleyasında iki azərbaycanlının vəhşicəsinə döyülməsi ilə əlaqədar bəyanat verib.
Azərbaycan ombudsmanı Fransa Milli Assambleyasında iki azərbaycanlının vəhşicəsinə döyülməsi ilə əlaqədar bəyanat verib

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Fransa Milli Assambleyasında iki azərbaycanlının vəhşicəsinə döyülməsi ilə əlaqədar bəyanat verib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə daxil olan bəyanatda deyilir ki, fevralın 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Fransa-Ermənistan dostluq qrupunun üzvləri tərəfindən keçirilmiş yığıncaqda Fransadakı "Azərbaycan Evi"nin sədri Mirvari Fətəliyeva və Vüsal Hüseynov Fransa parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fransua Roşeblounun təhriki ilə erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb və onlara ağır bədən xəsarəti yetirilib, şərəf və ləyaqətləri alçaldılıb.

"Bu il bütün dünya dövlətləri insan hüquqları sahəsində fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyini qeyd etməyə hazırlaşır. Bəyannamə məhz Fransada, Parisdə qəbul edilib və bu möhtəşəm sənədin əsas müəllifi də tanınmış fransız hüquqşünas Rene Kassen olub. Belə bir zorakılıq hadisəsinin məhz Fransa parlamentində, parlament üzvünün təhriki ilə baş verməsi, digər iştirakçıların isə buna laqeyd qalması Fransanın "insan hüquqlarının beşiyi və keşikçisi" adına xələl gətirir. Fransa, həmçinin Avropa Şurasının, Avropa İttifaqının yaradıcılarından biri, Azərbaycanın da üzv olduğu "Şərq tərəfdaşlığı" proqramının əlaqələndiricisi, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Məhz buna görə də bu hadisəyə Fransanın aidiyyəti qurumları xüsusi həssaslıqla yanaşmalıdırlar", - bəyanatda bildirilir.

Qeyd olunur ki, bu vandalizm aktı, həmçinin hüquqi, demokratik dövlətin əsasını təşkil edən diskriminasiyaya yol verilməməsi prinsipi, həmçinin söz və düşüncə azadlığına böyük zərbədir. Qeyd olunan insan hüquqlarının bu fundamental prinsipləri Fransanın da iştirakçısı olduğu Mülki və siyasi hüquqlar haqqında Paktda və Avropa İnsan Hüquqları Konvensiyasında öz əksini tapıb. Fransa dövləti isə daim bu kimi sənədlərin qəbuluna və ratifikasiyasına çağırışlar edən dövlət kimi tanınır.

"Azərbaycanlılara qarşı ermənilər tərəfindən bu zorakılıq aktının Xocalı soyqırımının ildönümü günündə törədilməsi xüsusi hiddət doğurur. Məlum olduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilər genosid aktı törətmişlər. Artıq bir sıra ölkələrin parlamentləri tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınıb. Əminliyimi bildirmək istəyirəm ki, Fransa tərəfi baş vermiş zorakılıq aktına obyektiv hüquqi qiymət verməklə insan hüquqlarına, ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirəcək və bu hadisənin uzun illər davam edən Fransa-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirəcəyinə yol verməyəcək. Bunun üçün isə Fransanın müvafiq qurumları tərəfindən baş vermiş hadisənin operativ və obyektiv şəkildə araşdırılaraq cinayətkarların məsuliyyətə cəlb edilməsi və kobudcasına pozulmuş insan hüquqlarının bərpası zəruridir.

Eyni zamanda parlament üzvü üçün yolverilməz olan milli, irqi zəmində münaqişə yaratmağa yönələn hərəkətlərə yol vermiş F.Roşeblounun deputatlıq mandatından məhrum edilməsi, AŞ PA nümayəndə heyətinin üzvlüyündən məhrum edilməsi və törətdiyi əmələ görə məsuliyyətə cəlb edilməsi məsələsinin Fransa parlamentində müzakirəyə çıxarılması və bu hadisəyə hüquqi qiymət verilməsi zəruridir. Bu gün də öz əhəmiyyətini saxlayan 1789-cu ildə İnsan və vətəndaş hüquqları və azadlıqları haqqında Bəyannamənin qəbul edilməsi ilə başlayan və böyük ənənələrə malik fransız parlamentarizminin imicini qorumaq, insan hüquqlarına hörməti təmin etmək və ədalətin bərpası üçün belə bir addımın atılması labüddür. İnanıram ki, bu cinayəti törətmiş şəxslər qanuna müvafiq olaraq öz layiqli cəzalarını alacaqlar", - bəyanatda deyilir.

Bəyanat BMT-nin baş katibinə, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasının sədrinə, Avropa Şurasının baş katibinə, Avropa Şurasının insan hüquqları üzrə komissarına, Avropa Ombudsmanlar İnstitutunun prezidentinə, Asiya Ombudsmanlar Asossiasiyasının prezidentinə, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidentinə, Fransa Milli Assambleyasının prezidentinə, Fransa ombudsmanına, Fransanın İnsan hüquqları üzrə Məşvərət Komissiyasının baş katibinə, Azərbaycanın Fransadakı səfirinə və Fransanın Azərbaycandakı səfirinə ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti