...

Bakıda Norveçin Konstitusiya Günü qeyd olunub

Siyasət Materials 16 May 2013 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Norveçin Konstitusiya Günü qeyd olunub.

Trend-in məlumatına görə, tədbirdə xarici ölkələrin səfirləri, Azərbaycanın dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Norveçin Azərbaycandakı səfiri Erlinq Şönsberq Norveç Konstitusiyasının tarixi haqqında məlumat verib.

Norveç ilə Azərbaycan arasında münasibətlərə toxunan səfir qeyd edib ki, Azərbaycan ilə əlaqələr Norveç üçün mühüm əhəmiyyət kəsb edir. Səfirin sözlərinə görə, bu münasibətlər enerji sahəsindən tutmuş, mədəniyyət və digər sahələri əhatə edir.

Səfir vurğulayıb ki, Azərbaycan ilə Norveç arasında diplomatik əlaqələr də yüksək səviyyədədir. İki ölkə arasında bu əlaqələr Azərbaycan müstəqillik əldə etdikdən sonra qurulub və indiyə qədər xeyli inkişaf edib.

Onun sözlərinə görə, iki ölkə arasında yüksək dövlət rəsmilərinin səfərləri bu münasibətlərin daha da inkişafına öz töhfəsini verir. Şönsberq onu da vurğulayıb ki, iki ölkə arasında münasibətlər həm ikitərəfli formada, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir.

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Norveç xalqını Konstitusiya Günü münasibətilə Azərbaycan hökuməti adından təbrik edib, sülh və əminamanlıq arzulayıb.

Norveç ilə Azərbaycan arasında əlaqələrin 1992-ci ildə qurulduğunu vurğulayan nazir qeyd edib ki, ötən illər ərzində bu münasibətlər böyük inkişaf yolu keçib.

Nazir bildirib ki, iki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə yüksək əlaqələr mövcuddur. Azərbaycanda mədəniyyətlərarası dialoq ilə bağlı keçirilən bütün tədbirlərdə Norveç yaxından iştirak edir.

Qarayev, həmçinin iki ölkə arasında münasibətlərin bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti