Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbirlər İ.İzzət, S.Əhmədova/
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hələlik heç bir inkişaf yoxdur. Bu ona görə deyil ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə çalışmırlar. Hesab edirəm ki, səbəb iki ölkənin prezidentlərinin bir-birinə etibar etməməsidir. Belə bir etibarın yaranmasına kimsə kömək etməlidir.
Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri, Estoniyanın Müdafiə Məsələləri üzrə Beynəlxalq Mərkəzinin rəhbəri, səfir Metyu Brayza bildirib.
Onun fikrincə, bu funksiyanı ABŞ Prezidenti Barak Obamanın administrasiyası, dövlət katibi Con Kerri oynaya bilər. ABŞ-ın münaqişənin həllində rolunun artacağına ümid edən diplomat hesab edir ki, ilk addım ABŞ tərəfindən yeni həmsədrin təyin edilməsi ola bilər: "Mənim dostum, təcrübəli diplomat Kerri kimisə bu vəzifəyə təyin edə bilər. Məsələn, bu münaqişə Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün, eyni zamanda, həmsədr ölkələrin prezidentlərin görüşünün də qrafikində olmalıdır. Onlar da bu münaqişəni mütləq müzakirə etməlidirlər. Mən deyə bilmərəm ki, bu işləri sona çatdıracaq, lakin bunsuz Əliyev və Sarqsyan arasında etibar olmayacaq. Bax, bu rolu ABŞ oynaya bilər".
Lakin Brayza hesab edir ki, münaqişə edən ölkələrdə seçkilərə qədər nəyisə əvvəldən başlamaq çətin olacaq, çünki prezidentliyə namizədlər adətən mühafizəkar olurlar.
Azərbaycandakı seçkilərdən gözləntilərinə gəlincə, Brayza qeyd edib ki, o, Azərbaycan seçicilərinin öz azad seçimini edəcəklərinə ümid edir:
"Ümid edirəm ki, seçkilərdən sonra bütün müşahidəçilər, ATƏT deyə biləcək ki, bu, Azərbaycan tarixində ən azad və təmiz seçkilər olub".