Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir S.Əhmədova /
ATƏT-in iqtisadiyyat və ətraf mühit üzrə XXI forumunun "Stabilliyin və təhlükəsizliyin artırılması: ATƏT regionunda enerji ilə bağlı fəaliyyətin ətraf mühitə təsirinin yaxşılaşdırılması" mövzusunda yekun iclası sentyabrın 11-13-də Çexiyanın paytaxtı Praqada keçiriləcək. Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi internet saytında bildirilir.
Məlumatda bildirilib ki, təşkilata üzv olan 57 ölkədən vətəndaş cəmiyyəti, biznes və bir sıra digər sahələri təmsil edən 350 nümayəndənin iştirak edəcəyi iclas Ukraynanın ATƏT sədrliyi və ATƏT-in İqtisadi və Ekoloji Fəaliyyətlərinin Koordinasiyası İdarəsi tərəfindən təşkil olunub.
Yekun iclasın əsas məqsədi ATƏT çərçivəsində siyasi dialoqun gücləndirilməsi, təhlükəsizlik ilə bağlı iqtisadi və ətraf mühit məsələlərinə siyasi təkan vermək və xüsusi tövsiyələrin hazırlanmasına töhvə verməkdir.