...

Azərbaycanla Sloveniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Siyasət Materials 29 Avqust 2013 15:49 (UTC +04:00)
Avqustun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bakıda Sloveniyanın müdafiə naziri Roman Yakiçi qəbul edib.
Azərbaycanla Sloveniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İzzət/

Avqustun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bakıda Sloveniyanın müdafiə naziri Roman Yakiçi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Sloveniya əlaqələrinin son illər inkişaf etdiyini qeyd edən Səfər Əbiyev iki ölkə arasında imzalanmış hərbi sazişin bu sahədə də əməkdaşlığın tərəqqisinə geniş imkanlar yaratdığını vurğulayıb. O, görüş zamanı sloveniyalı həmkarına bölgədəki gərgin hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin bu günədək sülh yolu ilə həll edilməməsinin səbəbləri barədə məlumat verib.

Sloveniyanın müdafiə naziri Roman Yakiç də öz növbəsində bu münaqişəni yaradan amillər və problemin həllinə maneçilik törədən yanaşmalardan xəbərdar olduğunu bildirib.

Görüş zamanı nazirlər hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini və digər zəruri əlaqələrin inkişafını önə çəkiblər.

Sloveniyanın müdafiə naziri gələn il hər iki ölkənin ortaq qəhrəmanı olan əfsanəvi "Mixaylo"nun-Mehdi Hüseynzadənin 95 illiyinin Sloveniyada təntənəli surətdə qeyd ediləcəyini bildirib. Roman Yakiç Azərbaycanın müdafiə nazirini həmin tədbirdə iştirak etməyə dəvət edib.

Görüşdə Azərbaycan Respublikasının Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti