...

ATƏT ölkələrinin parlamentariləri transmilli təhlükələri və insan hüquqlarını müzakirə edəcəklər

Siyasət Materials 3 Oktyabr 2013 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir S.Əhmədova/

ATƏT-ə üzv ölkələrin parlamentariləri Monteneqronun Budva şəhərində oktyabrın 13-15-də keçiriləcək ATƏT Parlament Assembleyasının payız sessiyasında Suriyadakı vəziyyəti, transmilli təhlükələri və insan hüquqlarını müzakirə edəcəklər.

Trend-in ATƏT PA-ya istinadən verdiyi məlumata görə, 50 ölkədən təxminən 200 parlamentari sessiyada iştirak etmək üçün artıq qeydiyyatdan keçib.

Payız sessiyası çərçivəsində Aralıq dənizi Forumu, Assambleya Bürosunun iclası, Daimi Komitənin nümayəndə heyətləri rəhbərlərinin iclası və parlament konfransı keçiriləcək.

Oktyabrın 13-də keçiriləcək Aralıq dənizi Forumunda Suriyadakı vəziyyət müzakirə olunacaq. Oktyabrın 14-də isə ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin spikeri Ranko Krivokapiç "Transmilli təhkükələrin aradan qaldırılması və insan hüquqlarının müdafiəsi: ATƏT-in rolu" mövzusunda keçiriləcək parlament konfransını açıq elan edəcək.

Qeyd edək ki, bundan əvvəl Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, sessiyanın gündəliyindən asılı olmayaraq, Azərbaycanın nümayəndə heyəti bu tədbirdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü gündəmə gətirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti