...

QDİƏT PA: Yüksək seçici fəallığı əhalinin aparılan siyasətə dəstəyini göstərir

Siyasət Materials 10 Oktyabr 2013 10:59 (UTC +04:00)
Azərbaycanda seçki məntəqələrində atmosfer çox yaxşı idi, səhər saatlarından etibarən məntəqələrdə səs vermək istəyənlərin növbəsi müşahidə olunurdu.
QDİƏT PA: Yüksək seçici fəallığı əhalinin aparılan siyasətə dəstəyini göstərir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Tariverdiyeva /

Azərbaycanda seçki məntəqələrində atmosfer çox yaxşı idi, səhər saatlarından etibarən məntəqələrdə səs vermək istəyənlərin növbəsi müşahidə olunurdu. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasından (QDİƏT PA) olan müşahidə missiyasının Rusiya Dövlət Dumasından olan üzvü Saliya Murzabaliyeva bildirib.

Onun sözlərinə görə, yüksək seçici fəallığı Azərbaycanda yüksək vətəndaş aktivliyindən, vətənpərvərlik hisslərindən və vətənə sevgidən xəbər verir. Murzabaliyeva bildirib ki, ölkənin bütün əhalisinin bu gün aparılan siyasi kursu və ölkənin sonrakı inkişafını dəstəklədiyi aydınlaşır.

Missiyanın Gürcüstan Parlamentindən olan üzvü Mixail Mançvariani bildirib ki, seçkilər yüksək səviyyədə təşkil edilib.

Onun sözlərinə görə, bütün partiyaların nümayəndələri missiya ilə söhbət zamanı təsdiqləyirdilər ki, heç bir pozuntu olmayıb.

Onun sözlərinə görə, missiya Sumqayıt və Bakıdakı məntəqələrdə olub və müşahidəçilərə də seçkilərin müşahidə olunması ilə bağlı heç bir maneə olmayıb.

Mançvarianinin sözlərinə görə, səsvermə prosesi zamanı pozuntular olmayıb və seçkilər yüksək səviyyədə keçirilib.

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti