...

Avropa Parlamentinin italiyalı müşahidəçisi Azərbaycanda demokratik seçkilərin keçirildiyini qeyd edir

Siyasət Materials 10 Oktyabr 2013 17:23 (UTC +04:00)
Azərbaycan təkcə iqtisadi münasibətlərə görə deyil, həm də enerji təhlükəsizliyi baxımından Avropa və İtaliya üçün böyük əhəmiyyət kəsb edən ölkədir.
Avropa Parlamentinin italiyalı müşahidəçisi Azərbaycanda demokratik seçkilərin keçirildiyini qeyd edir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan təkcə iqtisadi münasibətlərə görə deyil, həm də enerji təhlükəsizliyi baxımından Avropa və İtaliya üçün böyük əhəmiyyət kəsb edən ölkədir. Trend-in məlumatına görə, bunu cümə axşamı mətbuat konfransında Avropa Parlamentinin (AP) müşahidəçisi, Xarici əlaqələr komitəsinin vitse-prezidenti Fiorello Provera deyib:

"Bizim missiya baş çəkmək istədiyimiz bütün seçki məntəqələrində, daha doğrusu, 18 məntəqədə olub və heç bir maneə ilə qarşılaşmayıb".

Onun sözlərinə görə, AP-nin missiyası ötən illərlə müqayisədə seçki sisteminin inkişafını vurğulayıb: "Missiya seçkilərdə sakit ab-havanı qeyd edib, heç bir pozuntu və şikayət qeydə almamışıq. Buna görə də demək olar ki, seçkilər azad və ədalətli keçib".

İtaliyalı müşahidəçi deyib ki, böyük dəyişiklik və inkişaf təkcə Bakıda müşahidə olunmur, yaşayış standartları ölkə üzrə artıb, xeyli yeni bina var və ümumilikdə ölkədə ab-hava çox müsbətdir:

"AP missiyasının məqsədi ölkədə daxili siyasi vəziyyət haqqında rəy vermədən seçki prosesini müşahidə etməkdir. Namizədlər eyni şəraitə malik olublar. Bilirəm ki, bizim rəyimizlə və Avropa Şurası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi arasında fərq var. Hər kəsin öz fikrini söyləmək hüququ var və hamı öz fikrinə görə məsuliyyət daşıyır. Heç kəsdən mükəmməl demokratiya tələb etmək olmaz, çünki belə demokratiya heç bir yerdə yoxdur. Aİ ölkələrinin vəzifəsi Bakıya mərhələli, addım-addım inkişaf etməyə hakim kimi yox, dost kimi kömək etməkdir. Biz Azərbaycanı tərəfdaş kimi həvəsləndirməliyik".

F.Provera qeyd edib: "Jurnalistlərin sıxışdırıldığı barədə danışan tənqidçilərə cavab olaraq demək istəyirəm ki, İtaliyada hazırda diffamasiya ittihamı üzrə 4 jurnalist həbs edilib, onlardan birinin yaşı 70-i ötüb. Tənqidin ikinci məqamı prezidentliyə qadın namizədin olmamasıdır. Lakin heç vaxt qadının prezidentliyə namizəd olmadığı ABŞ nümunəsi var, bu da onu göstərir ki, demokratiya və qadın prezidentin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan 20 ildir müstəqil ölkədir və biz ölkəyə demokratiyanın inkişaf etdirilməsində kömək etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti