...

Azərbaycan XİN prezident seçkiləri ilə əlaqədar bəyanat verib

Siyasət Materials 10 Oktyabr 2013 19:36 (UTC +04:00)
Azərbaycan hökuməti və parlamentinin dəvət etdiyi 53 mindən artıq müşahidəçi, o cümlədən 1300 beynəlxalq müşahidəçi seçkilərdə uzunmüddətli və qısamüddətli müşahidələr aparıblar.
Azərbaycan XİN prezident seçkiləri ilə əlaqədar bəyanat verib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycan hökuməti və parlamentinin dəvət etdiyi 53 mindən artıq müşahidəçi, o cümlədən 1300 beynəlxalq müşahidəçi seçkilərdə uzunmüddətli və qısamüddətli müşahidələr aparıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir.

Müşahidəçilər 100 ölkəni, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, MDB, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi 50 beynəlxalq və qeyri-hökumət təşkilatını təmsil ediblər.

Seçkilər yerli qanunvericiliyə tam uyğun keçirilib və yüksək seçici fəallığı qeydə alınıb. Qeydə alınmış 5 145 643 seçicidən 72,31 faizi seçkilərdə iştirak edib.

Azərbaycan Mərkəzi Seçki Komissiyanın ilkin məlumatına görə, hazırkı dövlət başçısı İlham Əliyev səslərin 84,55 faizini toplayıb.
Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti nümayəndə heyətlərinin birgə bəyanatında qeyd olunub ki, seçki prosesi azad, ədalətli və şəffaf keçirilib, seçki prosedurları seçki ərəfəsində və seçki günü peşəkar və dinc şəkildə həyata keçirilib.

ATƏT Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının məlumatına görə, Mərkəzi Seçki Komissiyası seçki üçün texniki hazırlığı səmərəli görüb.

MDB-nin müşahidə missiyası isə seçkilərin demokratik, obyektiv və legitim olduğunu bildirib.

İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyası da seçkiləri uğurlu, azad və ədalətli kimi qiymətləndirib, bu da Azərbaycanda demokratiyanın möhkəmlənməsi istiqamətində vacib nailiyyətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti