...

Benilüks Azərbaycanlıları Konqresi Rusiyanın şovinist addımlarını pisləyir və bunun beynəlxalq gərginliyə səbəb ola biləcəyindən narahatdır

Siyasət Materials 18 Oktyabr 2013 07:23 (UTC +04:00)
Benilüks Azərbaycanlıları Konqresi (BAK) son günlər Moskvadakı hadisələrlə əlaqədar azərbaycanlılara qarşı rəsmi Rusiyanın yürütdüyü diskriminasiya siyasətinə etiraz əlaməti olaraq bəyanat qəbul edib.
Benilüks Azərbaycanlıları Konqresi Rusiyanın şovinist addımlarını pisləyir və bunun beynəlxalq gərginliyə səbəb ola biləcəyindən narahatdır

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Benilüks Azərbaycanlıları Konqresi (BAK) son günlər Moskvadakı hadisələrlə əlaqədar azərbaycanlılara qarşı rəsmi Rusiyanın yürütdüyü diskriminasiya siyasətinə etiraz əlaməti olaraq bəyanat qəbul edib.

Trend-ə daxil olan bəyanatda deyilir ki, tarixdə "xalqlar həbsxanası" kimi tanınan Çar Rusiyasının, sonralar isə özünü Sovet İmperiyasının varisi elan etmiş Rusiya bu missiyanı indi də davam etdirir:

"Rusiya Federasiyasında yaşayan qeyri-rus xalqlar daima qatı millətçi və şovinist ünsürlərlə üz-üzə gəliblər. Artıq bu hal bir dövlət siyasətinə çevrilib desək, daha doğru olardı. Bütün qeyri-rus xalqlara kəskin münasibətilə seçilən Y.Jirinovski, hazırda azərbaycanlıların Rusiyadan deportasiya olunması üçün imzatoplama kampaniyasına başlamış müxalifət lideri, qatı şovinist A.Novalninin hərəkətləri şovinist rejimin bariz nümunəsidir. Məhz bunun nəticəsidir ki, ölkə boyu kriminal mühit fəallaşır, qeyri-rus xalqlara qarşı dözülməz münasibət, diskriminasiya, qatı milliyyətçilik, irqçilik daha da intensivləşir".

Qeyd olunur ki, son günlər Orxan Zeynalovla Yuri Şerbakov arasında baş vermiş və Y.Şerbakovun ölümü ilə nəticələnən adi bir məişət insidentindən bir bəhanə kimi istifadə olunur. Belə hadisələr dünyanın hər bir ölkəsində, hətta eyni millətdən olan fərdlər arasında yüzlərlə və minlərlə baş verir. Əlbəttə ki, istənilən halda ortada bir ölüm hadisəsi, bir cinayət var və cinayətkar cəzasını almalıdır:

"Benilüks Azərbaycanlıları Konqresi hər cür qanun və hüquq pozğunluğunu, cinayətkarlığı pisləyir. Eyni zamanda, BAK rus rəsmilərin xüsusən də azərbaycanlılara qarşı apardığı siyasi kampaniyanı qəti şəkildə pisləyir. Dünyanın heç bir hüquqi dövlətində bir nəfərə görə bütün xalq günahlandırılmır və diskriminasiyaya uğramır. Avropa və Amerikanın müxtəlif ölkə və şəhərlərində rus millətinin nümayəndələrindən ibarət yüzlərlə kriminal qruplaşma mövcuddur. Bu qruplaşmaların törətdikləri cinayətlərə görə heç bir vaxt rusların digər nümayəndələri cavab vermir, onlara qarşı antipatiya hiss olunmur, hücumlara və diskriminasiyaya məruz qalmırlar".

Bəyanatda deyilir ki, Moskvanın "Biryuzova" ticarət mərkəzinə və "Pokrovka" meyvə-tərəvəz bazasına "skinhedlər"in hücumları, Tverdə 100-dən çox azərbaycanlının saxlanılması və həbsi, 27 yaşlı günahsız bir azərbaycanlının məhz azərbaycanlı olduğuna görə öldürülməsi faktı Rusiya kimi böyük bir dövlətə başucalığı gətirmir.

Benilüks Azərbaycanlıları Konqresi Rusiyaya özünü varis hesab etdiyinə görə asağıdakı tarixi faktları xatırlatmağı borc bilir:

"Azərbaycanın II Dünya müharibəsində verdiyi şəhidlər milliyətcə azərbaycanlılar idilər. Böyük Vətən müharibəsi zamanı sovet texnikasını 90% benzinlə təmin edən, arxa cəbhədə acqarına, gecə-gündüz çalışan məhz indi deportasiyaya məruz qalan azərbaycanlıların ata-anaları, baba və nənələri olublar. Müharibəni yanacaqla təmin edən məhz Qəhrəman Bakı olub. Halbuki indinin özündə belə bu şəhər Qəhrəman Şəhərlər siyahısına daxil edilməyib. Sovet Rusiyası üçün vuruşan yüzlərlə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını alıb: General Həzi Aslanov, "Mixaylo" ləqəbli əfsanəvi Mehdi Hüseynzadə, Leninqrad göylərini faşist bombardmanından qoruyan Hüseynbala Əliyev, sinəsini məhz rus komandiri üçün sipər edərək onu ölümdən qurtaran, lakin özü şəhid olan Qafur Məmmədov və minlərlə döyüşçü də Azərbaycan xalqının nümayəndələri idilər.

Rusiyaya xatırlatmaq istəyirik ki, 444-cü Diviziyada vuruşan və qəhrəmanlıqlar göstərənlər də azərbaycanlılardan ibarət diviziya olub. Müharibədə on minlərlə həlak olan, itkin düşən və şikəst olan da azərbaycanlılar idilər".

Daha sonra bəyanatda bildirilir ki, bu yaxınlarda Niderlandın Haaqa şəhərində rus diplomatın etdiyi qanun pozuntusuna görə polislər tərəfindən saxlanılması Rusiyada böyük səs-küyə səbəb olmuşdu:

"Rəsmi Moskvanın təkidi ilə Niderland XİN bu insidentə görə Rusiyadan üzr istəmişdi, lakin Moskva daha irəli gedərək həmin polislərin həbs olunmasını hələ də tələb etməkdədir. Görəsən, Prezident Putin dünən Moskvada naməlum şəxslər tərəfindən öz evində döyülmüş Niderland diplomatı və küçədə qətlə yetirilmiş 27 yaşlı günahsız azərbaycanlı üçün Niderland və Azərbaycan dövlətlərindən üzr istəyəcəkmi, cinayətkarları həbs edəcəkmi?"

Benilüks Azərbaycanlıları Konqresi, eyni zamanda, Rusiyada fəaliyyət göstərən azərbaycanlı icma və təşkilatların, həmçinin uzun illər Rusiyada yasayıb yaradan ayrı-ayrı ictimai şəxslərin səslərinin eşidilməməsindən çox təəssüf hissi keçirir. BAK bütün bunları nəzərə alaraq, Rusiyanın bu cür şovinist addımlarını qətiyyətlə pisləyir və bunun beynəlxalq gərginliyə səbəb ola biləcəyindən narahat olduğunu dilə gətirir.

Konqres baş verənləri Azərbaycan dövlətinə qarşı siyasi təzyiq kimi qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti