Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir S.Əhmədova/
Vilnüs sammiti Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq baxımından əlverişli imkan olacaq. Trend-in məlumatına görə, bunu Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle "Avropa İttifaqı və Azərbaycan Vilnüs sammiti ərəfəsində" başlıqlı məqaləsində bildirib.
Ş.Füle qeyd edib ki, viza rejiminin sadələşdirilməsinə dair sazişin, ardınca isə readmissiya sazişinin imzalanması Azərbaycan vətəndaşlarının Avropaya səfər etməsini asanlaşdıracaq və Aİ-yə üzv ölkələrin vətəndaşları ilə qarşılıqlı əlaqələri təşviq edəcək: "Bizim müzakirə etdiyimiz strateji tərəfdaşlığa dair saziş enerji sahəsindən kənar əməkdaşlığa strateji elementlər gətirə bilər".
Aİ komissarının sözlərinə görə, hər bir tərəfdaş unikaldır və qarşılıqlı əlaqələr üçün unikal xüsusiyyətlərə malikdir: "Azərbaycana gəlincə, sözsüz ki, enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır və biz artıq birgə səylərimiz nəticəsində konkret fayda görürük. "Cənub Qaz Dəhlizi" artıq nəzəri layihə deyil və reallaşdırılmaq üzrədir".
Ş.Fülenin sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq ümumi dəyərlərə - demokratiya, insan hüquqları və fundamental azadlıqlar və qanunun aliliyi - əsaslanır: "Biz, həmçinin İslam dünyası ilə ənənəvi əlaqələri sayəsində Azərbaycanın "Şərq tərəfdaşlığı"nda oynadığı xüsusi rolu anlayırıq".
O, qeyd edib ki, Avropanın münaqişələrin həllində təcrübəsi var və bu təcrübəni paylaşmaqdan şad olardı.
Ş.Füle vurğulayıb ki, bu sadalananlar Azərbaycanın "Şərq tərəfdaşlığı" və "Vilnüs" sammitində fəal iştirakı üçün əsas səbəblərdir: "Biz bu əməkdaşlığın daha da genişlənməsinə sadiqik".