...

Müsavat başqanının müşaviri müxalifətin xroniki xəstəliyindən danışdı

Siyasət Materials 9 Dekabr 2013 14:08 (UTC +04:00)
"Söz savaşı bizim mental xüsusiyyətlərimizdən biridir, xüsusən seçkilərdən sonra bir az zaman keçməlidir ki, sakitlik bərpa olunsun".
Müsavat başqanının müşaviri müxalifətin xroniki xəstəliyindən danışdı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.Mehdiyev/

"Söz savaşı bizim mental xüsusiyyətlərimizdən biridir, xüsusən seçkilərdən sonra bir az zaman keçməlidir ki, sakitlik bərpa olunsun". Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsindən sonra Müsavat ilə AXCP arasında yaranan gərginliyə münasibət bildirərkən deyib.

S.Əlisoy hesab edir ki, Rüstəm İbrahimbəyovun fəxri sədr olub-olmaması nəyisə dəyişmir: "Fəxri sədr heç bir siyasi status deyil, yəni fəxri sədr olmaq siyasətə müdaxilə etmək demək deyil. Lap Rüstəm İbrahimbəyovu fəxri sədrlikdən də, Milli Şuradan da çıxaraq. Sonra nə olacaq? Siyasi dividentimiz nə olacaq?"

O qeyd edib ki, bütün baş verənlər sadəcə söz atışmasıdır və müxalifətin birliyini xeyli zəiflədir: "Belə qarşılıqlı atışmalar ilə zamanı öldürəcəyik, bir gün gözümüzü açıb görəcəyik ki, bələdiyyə, parlament seçkilərinə 3-5 ay qalıb. Onda yenə birlik haqqında danışacağıq, yenə yeni birlik forması haqqında düşünəcəyik, seçkilərə gedəcəyik və uduzacağıq və yenidən bir-birimizə müharibə elan edəcəyik".

S.Əlisoy bildirib ki, burada bəzi funksionerlərin özlərini Napaleon ordusunun qərərgah rəisi kimi, Stalin ordusunun Jukovu kimi aparması qəribə gəlir: "Elə sərt ifadələr işlədirlər ki, dünən müttəfiqlik etdiyi insanlar barədə sərt ittihamlar işlətmək heç bir etik çərçivəyə sığan söhbət deyil. Biz bu prosesi 20 ildir keçirik. 2014-cü il bələdiyyə seçkilərində, 2015-ci il parlament seçkilərində də keçəcəyik. Bu, bizim müxalifətin xroniki xəstəliyidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti