...

Rafael Hüseynov: İnsanları seçki məntəqələrinə yönəldən əsas amil verilmiş vədlərin söz olaraq qalmamasıdır

Siyasət Materials 28 Yanvar 2014 03:19 (UTC +04:00)
İnsanları seçki məntəqələrinə yönəldən əsas amil verilmiş vədlərin söz olaraq qalmaması, onların əmələ çevrilməsi və xalqın iradəsinin, dövlət başçısına etibarının ifadəsi idi.
Rafael Hüseynov: İnsanları seçki məntəqələrinə yönəldən əsas amil verilmiş vədlərin söz olaraq qalmamasıdır

Fransa, Strasburq, 28 yanvar/ Trend, müxbir A. Məhərrəmli/

İnsanları seçki məntəqələrinə yönəldən əsas amil verilmiş vədlərin söz olaraq qalmaması, onların əmələ çevrilməsi və xalqın iradəsinin, dövlət başçısına etibarının ifadəsi idi.

Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günü qurumun Bürosunun və Daimi komitəsinin fəaliyyətinin müzakirəsi zamanı çıxışında Azərbaycanın nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Mənim ölkəmdə - Azərbaycanda prezident seçkiləri keçirildi və həmin seçkilər bir neçə cəhəti ilə fərqləndi. Bu, Azərbaycanın 70 il sovet rejimi içərisində qaldıqdan sonra yenidən bərpa etdiyi müstəqillik dövründə keçiçirilən altıncı prezident seçkiləri idi. Təbii ki, hər yeni seçki ilə ölkənin demokratiya vərdişləri daha da mükəmməlləşir və ötən seçkilərə nisbətən daha artıq irəliləyişə nail olunur. Söz yox ki, xalqın seçki mədəniyyəti də daha artıq cilalanır.

Bu dəfəki seçkilərdə Azərbaycan əhalisinin 72.31 faizi iştirak etdi və dünyanın onlarca ölkəsindən gəlmiş müşahidəçilər də bütün ölkə boyu seyr etdilər ki, əhalidə hansı ruh yüksəkliyi vardı. Zənnimcə, ən böyük nailiyyət, ən əsas nəticə də elə bundan ibarətdir ki, xalqda seçkilərə və öz müqəddəratını müəyyən etməkdə əsas qüvvə olmasına inam hissi qəti şəkildə formalaşıbdır. Mən isveçli xanım həmkarımızın (xanım Purbax-Landin) əsassız iradlarına cavab olaraq bəyan edirəm ki, əgər bu inam hissi olmasaydı, heç bir qüvvə 4 milyona yaxın insanı belə coşqun əhvali-ruhiyyə ilə seçki məntəqələrinə yönəldə bilməzdi. Corc Vaşinqtonun məşhur sözləridir ki, bir insanı çox dəfə aldatmaq olar, çox insanı bir dəfə aldatmaq olar. Amma çoxlu insanı dəfələrlə aldatmaq mümkün deyil. Azərbaycanda tamamilə azad və şəffaf keçirilmiş Prezident seçkilərində məntəqələrə gələn 4 milyona yaxın insan son 10 ildə ölkədə hansı irəliləyişlərin əldə edildiyinə, hansı inkişafa nail olunduğuna, həyatlarının necə yaxşılaşdığına bilavasitə şahid olublar. Onları seçki məntəqələrinə yönəldən əsas amil verilmiş vədlərin söz olaraq qalmaması, əmələ çevrilməsi idi. Səs verənlərin 85 faizə yaxın hissəsi Prezident İlham Əliyevi yenidən ölkənin rəhbəri görmək istədisə, bu xalqın iradəsinin, dövlət başçısına etibarının ifadəsi idi"- deyə Hüseynov deyib.

Millət vəkili bu kontekstdə dövlətlərin müstəqil siyasət aparmalarının nə qədər çətin olduğunu və heç də bütün üzv ölkələrin Azərbaycan kimi kənar xarici təsirlər altına düşmədən öz daxili və xarici siyasətini yeritməyə qadir olmadıqlarını vurğuladı:

"Bir həqiqəti də açıq demək lazımdır ki, Azərbaycan dövlətinin apardığı müstəqil siyasətdən narahat olan qüvvələr də var. Azərbaycanda keçirilmiş prezident seçkiləri öncəsi, eləcə də seçkidən sonra həm xalqın iradəsinə və həm də ümumiyyətlə cərəyan edən proseslərə kənardan müdaxilə etmək, təsir göstərmək cəhdlərini də müşahidə etdik. Əslində mənim bu çıxışda məqsədim Avropa Şurasına üzv olan bir sıra müstəqil ölklərə müstəqil siyasət aparmaqda mane olan təhlükələrə diqqət yönəltməkdir. Burada bizim sıralarımızda artıq elə dövlətlər var ki, onların suverenliyi sırf formal xarakter daşıyır və onlar hər addımlarını kənardakı böyük dövlətin diqtəsi ilə atırlar. Bir sıra üzv dövlətlərin müstəqil siyasət aparmağa qadir olmamalarının, kənar təsirlərdən asılılığının nəticəsidir ki, müəyyən münaqişələr düyünə düşərək heç cür həllini tapa bilmir, hansısa yeni münaqişələr başlanır, dövlətarası münasibətlərdə namüəyyənliklər ortaya çıxır. Son olaraq bütün bunların zərbələri həmin ölkələrin sadə insanlarına, xalqa, onların indisi və gələcəyinə dəyir. Müstəqil siyasət aparmaq o qədər müşküldür ki, müşahidələrimizə görə bəzən hətta nüfuzlu beynəlxalq təşkilatlar, o sıradan Avropa Şurası da kənardan təsirlərə məruz qala bilir.

Bundan nicat tapmağın mümkün yollarından biri bir-birimizə dəstək olmağımız, kənar təsirləri sadəcə seyrçi kimi müşahidə etməyərək səsimizi qaldırmağımızdır"- millət vəkili əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti