Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/
Bakıda Azərbaycan və Xorvatiya Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, memorandumu Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov və Xorvatiyanın ədliyyə naziri Orsat Milyeniç imzalayıblar.
Nazirlər mərasimdə çıxış edərək bu mühüm sənədin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu qeyd edib, ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə qarşılıqlı fəaliyyətin genişlənəcəyinə əmin olduqlarını söyləyiblər.
Azərbaycanlı həmkarı ilə görüş zamanı O.Milyeniç Azərbaycanda məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlara böyük maraq göstərərək əldə olunmuş nailiyyətləri təqdir edib, qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Azərbaycana səfərinin hüquqi sahədə əlaqələrin inkişafına töhfə verəcəyini bildirən qonaq əməkdaşlığın daha da genişləndirilməsi üçün dəstək verməyə hazır olduğunu söyləyib.
Xorvatiyalı nazir, həmçinin Ali Məhkəmədə və Məhkəmə-Hüquq Şurasında rəsmi görüşlər keçirib, ölkəmizdə məhkəmə və ədliyyə sahəsində aparılan islahatlara böyük maraq göstərərək Yasamal rayon məhkəməsinin müasir informasiya texnologiyaları ilə təchiz olunmuş binası ilə tanış olub, habelə beynəlxalq standartlara uyğun inşa olunmuş Bakı İtintaq təcridxanasına baş çəkib, yaradılmış şəraiti təqdir edib.
Xorvatiya nümayəndə heyətinin "ASAN xidmət"in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulur.