Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Səba Ağayeva/
Bu gün Bakıda Macarıstanın milli bayramı - Müstəqillik Günü qeyd edilib.
Trend-in məlumatına görə, Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Müstəqillik Gününün macarlar üçün çox vacib bayram olduğunu bildirib: "Bizim üçün əlamətdar olan bu gündə yaxın dostlarımızı bir araya topladıq".
Azərbaycan hökumətinin adından çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Macarıstan xalqını təbrik edərək sülh və əmin-amanlıq arzulayıb.
O, qeyd edib ki, Azərbaycan və Macarıstan strateji tərəfdaşlardır və iki ölkənin rəhbərləri münasibətlərin inkişafının tərəfdarıdırlar.
Macarıstanın Avropa İttifaqında vacib yer tutduğunu vurğulayan M.Məmməd-Quliyev ümid etdiyini bildirib ki, rəsmi Budapeşt Azərbaycana bu təşkilata inteqrasiya etməkdə dəstək verəcək.
Macarıstanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə iki ölkə arasında əlaqələrin inkişafına verdiklərə töhfəyə görə Azərbaycan Xarici İşlər Nazirliyinin Protokol xidmətinin rəhbəri Pərvin Mirzəzadə və azərbaycanlı iş adamı Nazim Ağamalıyevə Macarıstan Prezidenti adından ordenlər təqdim olunub.