...

Aqil Abbas: "Özləri də bilirlər ki, yalanları ifşa olunacaq"

Siyasət Materials 13 Aprel 2015 17:41 (UTC +04:00)
“Bu gün Azərbaycana qarşı aparılan beynəlxalq qarayaxma kampaniyasının arxasında ermənilər və Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr dayanır”.
Aqil Abbas: "Özləri də bilirlər ki, yalanları ifşa olunacaq"

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Bu gün Azərbaycana qarşı aparılan beynəlxalq qarayaxma kampaniyasının arxasında ermənilər və Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr dayanır". Bu barədə Trend-ə Milli Məclisin deputatı Aqil Abbas ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.

O, qeyd edib ki, ilk Avropa Oyunları Azərbaycanın dünyada böyük təbliğidir: "Burada çoxlu sayda idman növləri olduğu üçün yarışlar keçirilən zaman bütün dünyanın diqqəti Azərbaycana yönələcək, ölkəmizə xaricdən çoxlu sayda insanlar gələcək və onlar Azərbaycan reallıqları ilə, Azərbaycanın inkişafı ilə yerində tanış olacaqlar".

A.Abbas bildirib ki, belə olan halda isə indiyə qədər Azərbaycana qarşı kampaniya aparan bəzi QHT-lərin və ermənilərin yalanları ifşa olunacaq: "Onlar özləri də bunu yaxşı bilirlər və ona görə də indidən canfəşanlıq edərək Oyunların üzərinə kölgə salmağa, Azərbaycanın artan nüfuzuna xələr gətirməyə çalışırlar. Əfsuslar olsun ki, Azərbaycandakı bəzi antimilli qüvvələr də onların bu yalanına dəstək verir".

Millət vəkili deyib ki, bu kampaniyanın əvvəllər olduğu kimi, indi də heç bir nəticəsi olmayacaq: "Bir-iki nəfərin nəsə deməyi ilə heç nə dəyişən deyil. Azərbaycan ona göstərilən etimadı doğruldacaq və bu Oyunlara möhtəşəm şəkildə ev sahibliyi edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti