Yaxın Şərq redaksiyasının rəhbəri
Rufiz Hafizoğlu - Trend:
Ermənilərlə bağlı "sadiq millət" ifadəsini işlətmək ancaq bir məna verə bilər - onlara 1915-ci il hadisələri ilə bağlı öz məqsədlərinə çatmaqda yardım arzusu.
Türklərə qarşı düşmən əhval-ruhiyyədə olan tarixçilər həmişə bu ifadədən sui-istifadə edirlər. Guya deportasiya zamanında ermənilər "sadiq millət" olublar.
Amma Osmanlı imperiyasının arxivləri diqqətlə öyrənilsə, hələ 1915-ci il hadisələrinə qədər ermənilərin müsəlmanlara qarşı əsl münasibətinə dair yüzlərlə sübut tapılar.
Məsələn, beş vilayətdə - Trabzon, Ərzincan, Van, Bitlis və Ərzurum vilayətlərində 1914-cü ildə əhalinin 3 milyon 300 min olması ilə bağlı Osmanlı dövrünə aid arxiv sənədi var. Çoxu fərarilərdən ibarət olan erməni quldur dəstələrinin hücumları nəticəsində adıçəkilən vilayətlərdə əhalinin sayı bir ilin içində 600 minə qədər azaldı.
Bu vilayətlərin müsəlman əhalisinin əksəriyyəti qətliama və işgəncələrə məruz qaldı, bir hissəsi isə daha sakit vilayətlərə qaçaraq xilas oldu.
Ermənilərin vəhşiliklərinə cavab olaraq türklər erməni əhalini tərk-silah etməyi qərara aldılar. Ermənilər isə iddia edir ki, "bu soyqırım törətməyə doğru birinci addım olub". Lakin sual yaranır: əgər türklər erməniləri qırmaq istəsəydi, niyə onlara silah verirdi?
Bu, bir daha onu göstərir ki, ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddiaları yalandan başqa bir şey deyil.
Bundan başqa, Osmanlı dövrünə aid arxivlərdə sənədlər var ki, erməni siyasi dairələrinin Eçmiədzindəki erməni katolikosu ilə yazışmalarını sübut edir. Katolikosun ABŞ prezidenti və Qafqazın general qubernatoru ilə sıx əlaqələri olub.
Hələ 1915-ci il hadisələrinə qədər Eçmiədzindəki erməni katolikosu Vorontsova teleqram ünvanlamışdı: "Vasitəçilərdən, İstanbul patriarxı və erməni milli assambleyasından aldığımız məlumatlara əsaslanaraq, sizdən İmperator Əlahəzrətlərinə onun təbəələrinin, habelə Türkiyə ermənilərinin sədaqət və simpatiyasını çatdırmağı rica edirik".
Katolikosun bu məktubu İstanbuldakı erməni siyasi dairələrinin xəyanəti faktını sübuta yetirir.
Amma Türkiyə ermənilərinin xəyanətinə dair sübutlar hələ bitmir.
Bir çox fakt var ki, ermənilərin özü də inkar etmir. Məsələn "Patriotism perverted" kitabının müəllifi K.S.Papazyan yazır: "Türkiyədə "Daşnak" partiyasının üzvləri loyal qalmaq vədlərini tutmadılar... Onların hərəkətlərinə Rusiya hökumətinin maraqları təsir etdi. Silahlı erməni könüllüləri, habelə fərarilər türklərə qarşı döyüşmək üçün Qafqaz cəbhəsinə getdilər".
Ermənilərin hər yolla dövləti içəridən dağıtmaq çabalarını sübut edən faktlar o qədərdir ki, mənim qeydlərim onların cüzi bir hissədir.
Ermənistanı bu gün fəal şəkildə dəstəkləyən ölkələr də, ermənilərin dəyişkənliyi barədə düşünsə yaxşı olar.