...

Prezident İlham Əliyev: Bir çox hallarda bu süni əngəllər yenə də korrupsiya və rüşvətxorluqla bağlıdır

Siyasət Materials 13 Oktyabr 2015 01:02 (UTC +04:00)
“Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik. Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq ediləcək”.
Prezident İlham Əliyev: Bir çox hallarda bu süni əngəllər yenə də korrupsiya və rüşvətxorluqla bağlıdır

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

"Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik. Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq ediləcək".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zaman deyib.

Dövlət başçısı bildirib ki, bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır:

"Çünki görürük ki, inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi hallarda insanların dəyişməsi o qədər də böyük səmərə vermir. Ona görə, sistem xarakterli islahatlar davam etdirilməlidir, yeni təkliflər verilməlidir və əlbəttə ki, "ASAN xidmət"in təcrübəsi geniş tətbiq edilməlidir.

ASAN xidmət"in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. Artıq 6 milyon insan qısa müddət ərzində "ASAN xidmət"ə müraciət etmişdir. İnsanların mütləq əksəriyyəti onlara göstərilən xidmətlərdən razıdır. "ASAN xidmət"də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. "ASAN xidmət"də bu, mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə, burada hər bir dövlət qurumu nəticə çıxarmalıdır. "ASAN xidmət"in praktikası bütün yerlərdə tətbiq edilməlidir və "ASAN xidmət"in funksiyaları genişləndirilməlidir. Bu il də biz "ASAN xidmət"ə yeni funksiyalar vermişik, məhz o funksiyaları ki, ən çox korrupsiyaya uğramış sahələrə aid idi. Ona görə, burada mən hökumətdən yeni təkliflər gözləyirəm ki, hansı xidmətləri, hansı funksiyaları biz "ASAN xidmət"ə əlavə olaraq verməliyik. Bir daha demək istəyirəm ki, bütün başqa qurumlar da bu praktikanı tətbiq etməlidirlər".

İlham Əliyev bildirib ki, əlbəttə, vətəndaşlardan da çox şey asılıdır: "Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır".

İlham Əliyev vurğulayıb ki, gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır:

"Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar. İndi bölgələrdə əsas infrastruktur layihələri demək olar başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri çəkilir. Ona görə, biznesin inkişafı üçün bölgələrdə və Bakıda yaxşı imkanlar var.

Biz isə çalışmalıyıq ki, xarici investisiyaları qeyri-neft sektoruna cəlb edək. Bu günə qədər xarici sərmayədarlar daha çox neft-qaz sektoruna maraq göstəriblər. Bu da təbiidir, çünki orada daha da böyük qazanc əldə edirlər. Amma bizim siyasətimiz ondan ibarətdir ki, əlbəttə, neft-qaz sektoruna da xarici sərmayə qoyulmalıdır və qoyulur. Nəzərə alsaq ki, indi "Cənub" qaz dəhlizi icra edilir, - əlbəttə, bu, böyük vəsait tələb edir, - ancaq bizim əsas prioritetimiz xarici sərmayəni qeyri-neft sektoruna cəlb etməkdir. Hesab edirəm ki, burada bütün qurumlar daha da fəal işləməlidirlər. Həm təqdimatlar keçirilməlidir, - əlbəttə, biznes forumlar keçirilir, biz xarici investorları maraqlandırırıq, - eyni zamanda, Azərbaycanda biznes mühiti yaxşılaşdırılmalıdır. Bunun üçün əlavə tədbirlər görülməlidir və mən hökumətdən təkliflər gözləyirəm ki, biznes mühitini biz hansı yollarla yaxşılaşdıra bilək.

Qeyd etməliyəm ki, Azərbaycanda aparılan islahatlara beynəlxalq maliyyə qurumları, mötəbər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymət verilir. Əslində, bugünkü Azərbaycan reallıqları bunu göstərir. Belə çətin geosiyasi vəziyyətdə - həm siyasi, həm iqtisadi - maliyyə böhranının mövcudluğu şəraitində biz iqtisadiyyatımızı inkişaf etdiririk. Ancaq mən istəyirəm ki, inkişaf daha da sürətli olsun. İnkişafa mane olan bütün əngəllər, süni maneələr aradan götürülsün. Bir çox hallarda bu süni əngəllər yenə də korrupsiya və rüşvətxorluqla bağlıdır. Ona görə, korrupsiya, rüşvətxorluq sadəcə olaraq ictimai yara, xəstəlik deyil. Bu, bizim iqtisadiyyatımıza çox böyük əngəldir, maneədir. Ona görə, biznes mühitinin yaxşılaşdırılması prioritet məsələ kimi qeyd edilməlidir".

Dövlət başçısı bildirib ki, bununla bərabər, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə də böyük ehtiyac var, bu sahəyə yenidən baxmalıyıq:

"İndi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vaxt var idi bizim iqtisadi artım ildə 20-30 faiz təşkil edirdi. Bu, əlbəttə ki, neft hasilatının kəskin şəkildə artması və neft qiymətlərinin qalxması ilə bağlı idi. İndi o dövr arxada qaldı. İndi neft hasilatı Azərbaycanda sabitləşib və əminəm ki, uzun illər bundan sonra sabit olaraq qalacaqdır. Əlbəttə ki, biz indi böyük qaz layihəsi üzərində işləyirik. Bu da bizə əlavə gəlir gətirəcək. Bununla bərabər, hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir.

Qeyri-neft sektorunun inkişafı, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Qeyd etdiyim kimi, artıq ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu, çox gözəl göstəricidir. Ancaq o da həqiqətdir ki, biz ixracda, əlbəttə, başqa mənzərə ilə üzləşirik. Bu da yəqin ki, təbiidir, çünki bizim əsas ixrac məhsullarımız neft-qaz məhsullarıdır. Bununla bərabər, son illər ərzində biz daha çox daxili bazarı yerli məhsullarla təmin etməyə, idxaldan asılılığı azaltmağa çalışmışıq və demək olar ki, buna nail oluruq. Ona görə, bundan sonra çalışmalıyıq ki, qeyri-neft sektorunda istehsal edilən məhsullar rəqabətqabiliyyətli məhsullar olsun və biz ixracyönümlü siyasət aparmalıyıq.

Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır - kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq".

İlham Əliyev deyib ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər:

"Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər".

Dövlət başçısı qeyd edib ki, bizdə lisenziyaların sayı həddindən artıq çoxdur: "Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti