...

Tovuzun Qovlar şəhərində Gənclər Evi istifadəyə verilib (FOTO)

Siyasət Materials 16 Fevral 2016 20:14 (UTC +04:00)
Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhərindəki Gənclər Evinin açılışında iştirak edib.
Tovuzun Qovlar şəhərində Gənclər Evi istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhərindəki Gənclər Evinin açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti 2003-cü ildən başlayaraq Azərbaycanda uğurlu nəticələrlə yadda qalıb. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" bu proseslərdə çox mühüm rol oynayıb. Daha sonra həyata keçirilən "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" bu tədbirlərin məntiqi davamıdır. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul yaratmaqdır.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və Gənclər mərkəzləri, o cümlədən Tovuz rayonunun Qovlar şəhərində Gənclər Evinin yaradılması da bu məqsədə xidmət edir.

Dövlətimizin başçısına Qovlar şəhər parkında görülən işlər barədə ətraflı məlumat verildi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, Gənclər Evinin binası zirzəmi ilə birgə dörd mərtəbədən ibarətdir. Ərazisi 4400 kvadratmetr olan Gənclər Evinin binası respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Gənclər Evinin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, Tovuz rayonuna səfərlərini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Gənclər Evində istedadlar, ünsiyyət və gənclərin intellektual klubları fəaliyyət göstərəcək. Bu layihələr Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır.

Diqqətə çatdırıldı ki, burada gənclərin intellektual klubu, gənc iqtisadçılar klubu, kompyuter dərnəyi, peşəyönümü mərkəzi, istedadların hazırlıq laboratoriyası, elektron kitabxana, karyera mərkəzi, rəqs zalı, toxuculuq və tikiş dərnəkləri, vətənpərvərlik klubu fəaliyyət göstərəcək. Gənclər Evindəki 120 yerlik akt, 36 yerlik toplantı zallarında rayon və respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Sərgi salonunda gənc rəssamların əl işləri nümayiş etdirilir. Bilyard, tennis və fitnes zallarında yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək.

Azərbaycanda gəncliyə dövlət qayğısı gələcək uğurlara hesablanan siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bu da Azərbaycan gəncliyinin sabahına inamla baxmağa əsas verir. Gənclər evlərinin yaradılması isə bu siyasətin uğurla həyata keçirilməsində mühüm rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti