...

Azərbaycan və Estoniya hökumətlərarası komissiyanın fəaliyyətini gücləndirir (FOTO)

Siyasət Materials 8 Mart 2016 18:21 (UTC +04:00)
Matrın 8-də Estoniyanın hökumət evi “Stenbock House”da Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli Estoniyanın Baş naziri Taavi Roivas ilə görüşüb.
Azərbaycan və Estoniya hökumətlərarası komissiyanın fəaliyyətini gücləndirir (FOTO)

Bakı. Trend:

Matrın 8-də Estoniyanın hökumət evi "Stenbock House"da Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli Estoniyanın Baş naziri Taavi Roivas ilə görüşüb.

Azərbaycanın Estoniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Baş naziri Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyətlə bağlı həqiqətlər və ölkə Prezidenti İlham Əliyevin başçılığı altında Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə məlumatlandırıb. M.Nəcəfbəyli Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyini, digər ölkələrlə bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu siyasət həyata keçirdiyini vurğulayıb.

Səfir T.Roivasa Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi barədə məlumat verib, Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və nəticədə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, eyni zamanda Ermənistanın münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları imitasiya etdiyi barədə məlumat verib.

Tərəflər Azərbaycan-Estoniya arasında siyasi sahədə ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, iqdisadi münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş müzakirə ediblər. Bu xüsusda, Azərbaycan və Estoniya arasında mövcud olan Ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib. Tərəflər komissiyanın fəaliyyətinin səmərəliyinin artırılması məqsədilə onun yeni tərkibinə xüsusi diqqət yetirilməsi, komissiyanın daha geniş olmaqla müxtəlif qurumların nümayəndələrinin təmsil olunmasının vacibliyini vurğulayıblar. Azərbaycanla Estoniya arasında ikitərəfli iqdisadi əlaqələrin böyük potensialı sözügedən Komissiyadan səmərəli platforma qismində uğurla istifadəyə imkan yaradır.

Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edərək, bu səfərlərin ikitərəfli əlaqələrin inkişafına təkan, biznes dairələrə isə impuls verəcəyini bildiriblər.

Görüşdə Azərbaycanla Estoniya arasında ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli müstəvidə əməkdaşlıq da müzakirə olunub.

Görüşün sonunda Baş nazir Estoniyanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazır olduğunu və iqtisadi əlaqələrin mövcud siyasi əməkdaşlıq səviyyəsinə yüksələcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti