...

Milli Şuranın mitinqi alınan pulların hesabatını vermək üçün keçirilir

Siyasət Materials 12 Sentyabr 2016 13:12 (UTC +04:00)
Milli Şuranın mitinqləri xaricdən alınan pulların hesabatını vermək üçün keçirilir.
Milli Şuranın mitinqi alınan pulların hesabatını vermək üçün keçirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Şuranın mitinqləri xaricdən alınan pulların hesabatını vermək üçün keçirilir. Bunu Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

A.Əlizadə bildirib ki, mitinqə gələnlər ancaq Milli Şura rəhbərlərinin qohum-əqrəbasıdır: “Xalq onları dəstəkləmir, çünki xalqın onlara inamı 25 il bundan əvvəl itib. Ona görə də Qərb ölkələrinin səfirlərinə mitinqə on minlərlə adam çıxaracağını vəd edən Əli Kərimli stadionunun yarısını doldura bilmədi”.

ASDP sədri bildirib ki, mitinqin mənasız olduğunu görən azsaylı iştirakçılar da aksiya başlayandan 10-15 dəqiqə sonra mitinqi tərk etdilər: "Bu aksiya cəhdi radikal müxalifətin xalq tərəfindən qəbul edilmədiyini, insanların Milli Şura ideoloqlarının iddialarına qeyri-ciddi yanaşdığını açıq göstərdi".

A.Əlizadə əlavə edib ki, Milli Şuranın daha bir mitinq təyin etməsinin də məqsədi eynidir: “Növbəti mitinq də eyni məqsəd daşıyır. Alınan pulların hesabatını vermək lazımdır, ya yox?! Əgər bir insan işləmirsə, lakin uşaqlarını xaricdə oxutdurursa, cangüdənlərlə gəzirsə, haradandır bu pullar?! Bax bu pullar üçün onlar mitinq keçirirlər”.

Politoloq Qabil Hüseynli də Milli Şuranın mitinqinin nəticəsiz olduğunu bildirib: “Azərbaycan xalqı mitinqlərdən heç bir şey gözləmir. Siyasətçilər də insanları aldadıblar, söz veriblər, amma nəzərdə tutulan hədəflərə çata bilməyiblər”.

Q.Hüseynli deyib ki, ümumiyyətlə, müxalifət partiyalarının gücü qalmayıb: “Müxalifət partiyalarının nə gücü var ki?! Müxalifət parçalanıb. 31 müxalifət partiyası var, onların da ancaq ikisi-üçü mitinqə qatılmışdı. Müxalifətin siyasi inteqrasiyası bərbad vəziyyətdədir, hamısı bir-biri ilə mənasız rəqabət aparır və ona görə də belə vəziyyətə düşüblər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti