...

Əli Həsənov: ÜAK Azərbaycan haqqında obyektiv informasiyanın yayılması üçün böyük iş aparır

Siyasət Materials 28 Dekabr 2016 18:00 (UTC +04:00)
Dekabrın 28-də Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) IV Qurultayı öz işinə başlayıb.
Əli Həsənov: ÜAK Azərbaycan haqqında obyektiv informasiyanın yayılması üçün böyük iş aparır

Bakı. Trend:

Dekabrın 28-də Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) IV Qurultayı öz işinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qurultayda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, digər rəsmi şəxslər və Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi iştirak edirlər.

Tədbir Rusiya və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlayıb. Qurultay iştirakçılarına ÜAK-ın ötən illər ərzində fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.

Qurultayı giriş sözü ilə açan Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini qurultay iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Əli Həsənov çıxış edərək bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra diasporun təşəkkülü və inkişafı, onun milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi, tarixi vətənlə əlaqələrin güclənməsi respublikamızın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub: “Ümummilli lider xarici ölkələrə çoxsaylı səfərlərinin gedişində hökmən həmvətənlərimizlə görüşür, onların həyatı və problemləri ilə maraqlanırdı. Nəticədə, 2001-ci ildə diaspor təşkilatlarının inkişafının əsas vektorlarını və onların fəaliyyət perspektivlərini müəyyən edən Dünya azərbaycanlılarının I Qurultayı keçirildi, dövlət komitəsi yaradıldı, bu, xaricdə yaşayan həmvətənlərimizin sıx birləşməsi, xalqın mədəni irsinin qorunub saxlanması, ölkəmizlə geniş əlaqələr qurulması prosesinə şərait yaratdı”.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, həyata keçirilmiş tədbirlərin heç də tam olmayan bu siyahısı həmvətənlər məsələsinin diqqət mərkəzinə çəkilməsi barədə təsəvvür yaradır: “Bu, ümummilli lider Heydər Əliyevin böyük rolu və xidmətidir. Onun təşəbbüsü ilə dünyanın praktiki olaraq bütün ölkələrində həmvətənlər təşkilatları yaradılmağa başlandı. O cümlədən Rusiya Federasiyasında Ümumrusiya Azərbaycanlıları Konqresi yaradıldı. Hazırda 70-dən çox regionda ÜAK-ın bölmələri fəaliyyət göstərir. Xüsusilə qeyd etməliyəm ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu təşəbbüsü dəstəkləyib”.

Ə.Həsənov qeyd edib ki, mövcud olduğu illər ərzində ÜAK nüfuzlu ictimai təşkilata çevrilib, təşkilat milli bənzərsizliyin qorunub saxlanması, bizim multikultural ənənələrin təbliği, Azərbaycan haqqında obyektiv informasiyanın yayılması və iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük iş aparır: "Azərbaycanlıların gənc nəsli də ÜAK-ın diqqət mərkəzindədir. Konqres Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinə yönəlmiş layihələr həyata keçirir, bu layihələr Azərbaycanın və Rusiyanın taleyinə laqeyd qalmamaq hissləri formalaşdırır, gəncləri xalqlarımızın tarixi və mədəniyyəti ilə tanış edir. Konqres həm də sədri Leyla Əliyeva olan Rusiya Azərbaycanlı Gənclər Birliyi ilə fəal əməkdaşlıq edir".

Azərbaycan Prezidentinin köməkçisi bildirib: "Qurultay təşkilat üzvlərini narahat edən əsas məsələlər barədə “ortaq məxrəcə gəlməyə” imkan verəcək, yaxın gələcək üçün qarşılıqlı fəaliyyətin prioritetlərini müəyyən edəcək, sizin daha sıx birləşməyinizə yeni təkan verəcək və əlbəttə, ölkələrimizi və xalqlarımızı daha yaxınlaşdıracaq".

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri N.İbrahimov çıxışında bildirib ki, qurultay Ümumrusiya Azərbaycanlıları Konqresinin ötən illər ərzindəki fəaliyyətinə qiymət verəcək, eləcə də gələcək fəaliyyətini müəyyənləşdirəcək. Qurultayda Rusiyanın bütün bölgələrindən ölkəmizi təmsil edən nüfuzlu azərbaycanlılar toplaşıb.

N.İbrahimov vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsası ondan ibarətdir ki, harada yaşamasından və işləməsindən asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövləti üçün dəyərlidir.

O qeyd edib ki, xaricdə yaşayan soydaşlarımıza ən yüksək qiyməti və dəyəri ümummilli liderimiz Heydər Əliyev verib: "Ümummilli liderimiz hər zaman qeyd edirdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız bizim üçün əzizdir, dəyərlidir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev də xaricdə yaşayan azərbaycanlılara qayğı ilə yanaşır. Azərbaycanlıların təşkilatlanması, hüquqlarının müdafiəsi, yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası Azərbaycan dövlətinin hər zaman diqqətindədir”.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, diaspor üzvləri Azərbaycanı dünyada tanıtmaq, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün çox işlər görürlər. Dövlət Komitəsinin başlıca vəzifəsi isə dövlətlərin daxili işilərinə qarışmadan, diaspor təşkilatlarının fəaliyyətinə dəstək olmaqdır.

N.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin ÜAK-ın yeni seçiləcək heyəti ilə sıx əməkdaşlıq edəcəyini bildirib.

Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğlu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənovun çıxışında diasporumuzun həm siyasi, həm də ictimai sahələrdə vəzifələrinin dəqiq analiz edildiyini bildirib.

Səfir vurğulayıb ki, qurultayda Azərbycan rəhbərliyinin yüksək vəzifəli şəxslərinin iştirakı Azərbaycan Prezidenti İlham Əliyevin diasporun işinə veridiyi böyük önəmin nümunəsidir.

Diplomatr ulu öndərin xaricdə yaşayan azərbaycanlılara tövsiyəsini xatırladıb: “Harada yaşamağınızdan asılı omayaraq, unutmayın ki, siz azərbaycanlısınız”.

P.Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılarla iş sahəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Fondun Rusiya nümayəndəliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin işini xüsusi vurğulayıb.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Konqresin hesabat məruzəsi ilə çıxış edib, gündəlikdə olan məsələlər barədə məlumat verib.

Qurultay işini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti