...

Səfir: Xocalıda baş verənlərə dair beynəlxalq səviyyədə daha geniş məlumatlandırma vacibdir

Siyasət Materials 17 Fevral 2017 10:04 (UTC +04:00)
Bir azərbaycanlı kimi baş verənləri bu gün xatırlamaq bir sıra səbəblərdən çox ağrılıdır. İlk öncə ona görə ki, qətlə yetirilənlər dinc sakinlər olublar və onların yeganə günahı azərbaycanlı olmaları idi. Bu, mənim xalqıma qarşı etnik təmizləmə idi.
Səfir: Xocalıda baş verənlərə dair beynəlxalq səviyyədə daha geniş məlumatlandırma vacibdir

Bakı. Trend:

Bir azərbaycanlı kimi baş verənləri bu gün xatırlamaq bir sıra səbəblərdən çox ağrılıdır. İlk öncə ona görə ki, qətlə yetirilənlər dinc sakinlər olublar və onların yeganə günahı azərbaycanlı olmaları idi. Bu, mənim xalqıma qarşı etnik təmizləmə idi.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Agenparl” xəbərlər agentliyinin saytında dərc olunmuş müsahibəsində deyib.

Dilpomat Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ölkəmizin mövqeyi, habelə gələn il İtaliyanın ATƏT-ə sədrilyindən gözləntilərimizlə bağlı sualları cavablandırarkən bildirib ki, bəşəriyyətin müasir tarixinin ən kədərli səhifələrindən biri olan Xocalı soyqırımının baş verməsindən 25 il ötüb.

M.Əhmədzadə Ermənistan silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb: “Bu faciədən sağ qalmış azsaylı şahidlərin xatirələrini oxuduqda onların məruz qaldığı vəhşiliklər və işgəncələrin qarşısında söz tapmaq olmur. İkincisi ona görə ağrılıdır ki, Xocalı soyqırımı ayrılıqda baş vermiş bir hadisə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən ağrılı anıdır və bu təcavüz indiyə qədər də davam edir”

Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayon olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdiyini, Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz əzəli torpaqlarına qaytımaqdan məhrum olduğunu deyən M.Əhmədzadə Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldiyini və beynəlxalq ictimaiyyət tərəfindən lazımi hüquqi və siyasi qiymət verilərək pislənilməli olduğunu, əks halda, cəzasız qalan cinayətlərin yeni cinayətlərə yol açacağını bildirib. “Beynəlxalq ictimaiyyətin bu məsələyə dair qəti mövqeyi Ermənistanın Xocalı soqyırımı ilə bağlı öz inkarçı mövqeyindən və Azərbaycana qarşı hərbi işğaldan əl çəkməsi üçün önəmlidir. Bunun üçün, hər şeydən öncə, Xocalıda baş verənlərə dair beynəlxalq səviyyədə daha geniş məlumatlandırma vacibdir”, deyən diplomat bu il Xocalı soyqırımının 25-ci ildönümünün İtaliyanın müxtəlif şəhərlərində çoxsaylı tədbirlərlə qeyd ediləcəyini, Romada 20 fevral tarixində italyan musiqiçilərinin və aktyorlarının ifasında ədəbi-musiqili tamaşanın nümayiş etdiriləcəyini bildirib.

Diplomat Azərbaycanın hərbi təcavüzün qurbanı olduğunu, beynəlxalq hüququn tam şəkildə Azərbaycanın tərəfində olduğunu, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin ölkəmizin mövqeyi ilə üst-üstə düşdüyünü, lakin onların heç birinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini bildirib. Ermənistan ordusunun Azərbaycanın işğal altında olan ərazilərində qalmasının münaqişənin nizamlanmasına ən böyük maneə və regionda sülhə təhdid olduğunu deyən diplomat əlavə etmişdir: “Hazırkı status-kvo dəyişməli, Ermənistan ordusu işğal olunmuş bütün ərazilərdən çıxmalı, ölkəmin ərazi bütövlüyü bərpa olunmalı, bütün azərbaycanlı qaçqın və məcburi köçkünlər, o cümlədən Dağlıq Qarabağdan qovulmuşlar, öz evlərinə qayıtmalıdırlar. Bundan sonra, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa erməni və azərbaycanlı icmalarının sülh içində birgə yaşayışını təmin edəcək mümkün ən yüksək muxtariyyət statusu nəzərdən keçirilə bilər. Bu, münaqişənin beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərə, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına uyğun yeganə həlli yoludur”.

Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək öz ərazi bütövlüyünü bərpa etmək hüququna hər zaman malik olsa da, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, buna görə də ölkəmizin uzun illərdir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara sadiq qaldığını, lakin Ermənistanın destruktiv fəaliyyəti nəticəsində bu danışıqların nəticə vermədiyini bildirmişdir. “Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaqdır və öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün imkanlardan istifadə edəcəkdir. Ermənistan anlamalıdır ki, vaxt onun xeyrinə işləmir və hər gün imkanlar itirməkdədir. Ermənistanın öz işğalçı siyasətindən əl çəkməsi regionda sülhü təmin edəcək, habelə bu ölkənin qarşılaşdığı ağır iqtisadi və sosial problemlərin həllinə yardım göstərəcəkdir” - deyə M.Əhmədzadə vurğulayıb.

Azərbaycan diplomatı İtaliyanın Minsk Qrupunun ilk sədri olduğunu və vaxtikən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması planını da təqdim etdiyini, təəssüf ki, çox illər keçsə də vəziyyətin dəyişmədiyini və Ermənistan silahlı qüvvələrinin hələ də işğal olunmuş ərazilərdə qaldığını bildirib: “İtaliyanın rəhbər şəxsləri dəfərlərlə bəyan ediblər ki, ATƏT-in növbəti sədri kimi İtaliya münaqişənin həllinin tapılması istiqamətində öz səylərini əsirgəməyəcəkdir. Bunları nəzərə alaraq, İtaliyanın sədrliyinin münaqişənin həllinə töhfə verəcəyini gözləyirik və münaqişənin həlli status-kvonun dəyişməsindən keçir ki, bunun üçün də ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır” - deyə diplomat fikirlərini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti