...

Çikaqoda Xocalı soyqırımının 25-ci ildönümü anılıb (FOTO)

Siyasət Materials 20 Fevral 2017 03:15 (UTC +04:00)

Bakı. Trend:

Hər il olduğu kimi 18 fevral 2017-ci il tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) ən böyük şəhərlərindən və qabaqcıl mədəniyyət mərkəzlərindən biri olan Çikaqo şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyində Trend-ə verilən məlumata görə, tədbirdə əsasən ölkəmizin diasporasının üzvləri, yerli sakinlər, Çikaqoda fəaliyyət göstərən beynəlxalq hüquq sahəsində mütəxəssislər, eləcə də tələbələr iştirak edib.

İlk öncə, tədbirin təşkilatçısı, Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America) sədri Mehriban Məmmədova və Azərbaycan icmasının digər fəal üzvləri çıxış edərək tədbir barədə məlumat vermiş, Xocalı faciəsi barədə fikirlərini bölüşmüş və Xocalı həqiqətlərinin təhrif olunmasına yönəlmiş səylərin qarşısını almaq üçün dünya ictimaiyyətinin qərəzsiz və müfəssəl məlumatlarla təmin edilməsində ölkəmizin xaricdəki diaspora təşkilatlarının rolu barədə danışıb.

Daha sonra tədbirdə iştirak edən Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşı Azad Aslanov təqdimatla çıxış etmişdir. Bu təqdimatda Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, bu təcavüz aktı zamanı Xocalı soyqırımın törədilməsi və onun dünya mediasında geniş işıqlandırılması, Xocalıda törədilən əməllərə hüquqi qiymət və cinayətkarların cəzalandırılması zərurəti, həmçinin soyqırımın dünya birliyi tərəfindən daha geniş tanınmasının regionda sülhün bərqərar olunması üçün əhəmiyyəti kimi məsələlər barədə iştirakçılara geniş məlumat verilib.

Tədbirin ikinci hissəsində “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filminin təqdimatı keçirilmişdir. Filmin təqdimatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.

Tanınmış prodüser Aleksandras Brokas və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun tərəfindən çəkilmiş bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub.

Qeyd edək ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi 2015-ci ilin aprel ayında ABŞ-ın İllinoys ştatının Azərbaycan icması üzvləri tərəfindən təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti