Bakı. Trend:
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar Cavanşir Feyziyev və Kamran Bayramov martın 5-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Trend-in məlumatına görə, millət vəkilləri Avropa Siyasət Mərkəzi, LİNKS qeyri-hökumət təşkilatının birgə təşəbbüsü və Avronest Parlament Assambleyasının üzvü, Avropa Parlamentində Yaşıllar siyasi qrupunun sədr müavini Heidi Hautalanın ev sahibliyi ilə keçiriləcək dəyirmi masada iştirak edəcəklər.
Tədbirdə “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əlaqələri daha yüksək səviyyəyə çatdırmaq” mövzusunda müzakirələr aparılacaq. Milli Məclisin komitə sədri Fuad Muradov toplantının aparıcılarından biri olacaq.
Deputatlar Avronest PA və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində bir sıra görüşlər keçirəcəklər.
Səfər martın 9-da başa çatacaq.