...

Azərbaycan Meksikada keçirilən Yaxın Şərq və Qafqaz üzrə həftəlikdə təqdim olunub (FOTO)

Siyasət Materials 31 Mart 2017 09:37 (UTC +04:00)
Meksikanın tanınmış Anahuak (“Anáhuac”) Universitetində təşkil olunmuş Yaxın Şərq və Qafqaz üzrə akademik və mədəni həftənin açılışı keçirilib.
Azərbaycan Meksikada keçirilən Yaxın Şərq və Qafqaz üzrə həftəlikdə təqdim olunub (FOTO)

Bakı. Trend:

Meksikanın tanınmış Anahuak (“Anáhuac”) Universitetində təşkil olunmuş Yaxın Şərq və Qafqaz üzrə akademik və mədəni həftənin açılışı keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir Universitetin tələbə və müəllim heyəti tərəfindən böyük maraqla qarşılanıb. Burada Universitet və onun Qlobal Tədqiqatlar fakültəsinin rəhbərliyi, eləcə də tədbirdə iştirak etmək üçün dəvət olunmuş Azərbaycan, Pakistan, İran, Qazaxıstan, Mərakeş və Səudiyyə Ərəbistanının Mexikodakı diplomatik missiyalarının rəhbərləri iştirak edib.

Universitetin rektoru Çipriano Sançez Qarsiya çıxışında tədbir qonaqlarını salamlayaraq üçüncü ildir ki keçirilən və artıq gözəl ənənəyə çevrilmiş bu təşəbbüsün əsas məqsədinin Meksika cəmiyyətinin dünyanın müxtəlif regionları və spesifik olaraq Yaxın Şərq və Qafqazla daha yaxın tanış olması, orada yerləşən ölkələr barədə biliklərinin genişləndirilməsi olduğunu qeyd edib. O, dünyanın hazırda gərgin dövr yaşadığını vurğulayaraq sülh və əmin-amanlıq naminə dialoqun zəruriliyini qeyd edib.

Ölkəmizi tədbirdə təmsil edən Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxışında ölkəmizin tarixi və mədəniyyəti barədə məlumat verib, ölkəmizin regionda tarixən proqressivliyi ilə seçildiyini və məhz Azərbaycanda Şərqin ilk demokratik dövlətinin yarandığını deyib. Azərbaycan diplomatı 25 il öncə müstəqilliyini bərpa etmiş ölkəmizin üzləşdiyi çətinliklərə baxmayaraq bütün sahələrdə regionun liderinə çevrildiyini, irimiqyaslı qlobal layihələrin məhz ölkəmizin təşəbbüsü ilə uğurla həyata keçirildiyini bildirib. O, rektor Sançez Qarsiyanın çıxışında qeyd etdiyi, dünyada dialoqa zərurət məsələsinə toxunaraq cəmiyyətində tolerantlığın nümunəvi dərəcəsi ilə tanınmış Azərbaycanın bu sahədə olduqca böyük töhfəsinin olduğunu deyib. Tədbir zamanı ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanılıb, ölkəmizin gözəl təbiəti, tarixi abidə və memarlığı ilə bağlı şəkillər nümayiş etdirilib.

Qonaqlar Azərbaycanla daha yaxından tanış olmağa və ölkə barəsində daha geniş məlumatın öyrənilməsinə böyük maraq göstərib, bir sıra tələbə isə ölkəmizdə təhsil almaq imkanları ilə maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti