...

USAID administratorunun müavini Azərbaycanda səfərdədir

Siyasət Materials 18 May 2017 17:02 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən xanım Marqo Ellis 16 may tarixində dörd günlük səfərlə Azərbaycana gəlib.
USAID administratorunun müavini Azərbaycanda səfərdədir

Bakı. Trend:

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən xanım Marqo Ellis 16 may tarixində dörd günlük səfərlə Azərbaycana gəlib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, o, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün xarici işlər nazirinin müavini cənab Xələf Xələfovla, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədir cənab Azay Quliyevlə və digər hökumət nümayəndələri ilə görüşüb.

Həmçinin, M.Ellis Azərbaycanda göstərilən xarici yardım haqqında ətraflı öyrənmək üçün ölkədə təmsil olunan beynəlxalq təşkilatlar və qurumlarla, o cümlədən Avropa Birliyi, BMT, Avropa Şurası, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə görüşlər keçirib. O, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşüb.

Səfər zamanı M.Ellis söyləyib: “USAID-in məqsədi Azərbaycanla möhkəm və müsbət münasibətlərə malik olmaq və ölkələrini stabil, firavan və demokratik görmək istəyən Azərbaycan vətəndaşlarına yardım etməkdir.”

19 may tarixində M.Ellis Goranboy, Şəmkir və Samuxa səfər edərək yerli icma üzvləri, habelə USAID və Azərbaycan hökumətinin dəstəklədiyi layihələrdən faydalanan şəxslərlə görüşəcək. Həmçinin, o, Gəncə şəhərində Azərbaycanın regionlarında qadınların imkanlarının artırılması mövzusunu müzakirə etmək üçün yerli qadınlarla görüşəcək.

M.Ellis beynəlxalq inkişaf və humanitar yardım sahəsində 25 illik təcrübəyə malikdir. O, Avropa və Avrasiya Bürosuna 2016-cı ilin avqust ayında qatılıb. Bundan əvvəl 2008-2010-cu illərdə xanım Ellis USAID Administratorunun Asiya Bürosu üzrə müavini vəzifəsini icra edib və üç il Uqandada Missiya Direktoru işləyib. 1999-2005-ci illər arasında M.Ellis Qərb Sahilində və Qəzzada USAID-in missiyasında aparıcı vəzifələrdə çalışıb. O, Kolumbiya Universitetini maliyyə sahəsində maqistr dərəcəsi və Kornel Universitetini iqtisadiyyat sahəsində bakalavr dərəcəsi ilə bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti