...

XİN: ATƏT anlamalıdır ki, Ermənistanın təxribatı danışıqlar prosesinin pozulmasına istiqamətlənib

Siyasət Materials 5 İyul 2017 13:37 (UTC +04:00)
ATƏT anlamalıdır ki, Ermənistanın bu fəaliyyəti danışıqlar prosesinin pozulmasına istiqamətlənib.
XİN: ATƏT anlamalıdır ki, Ermənistanın təxribatı danışıqlar prosesinin pozulmasına istiqamətlənib

Bakı. Səba Ağayeva - Trend:

"Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişə zonasında vəziyyətin eskalasiyasının əsas səbəbidir və Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasına başlıca maneədir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycanın bütün səfirlik və diplomatik nümayəndəliklərinə akkreditə olunduqları ölkələri erməni təxribatı barədə məlumatlandırmaq tapşırılıb:

"Xarici işlər naziri Elmar Məmmədyarov artıq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə son insidenti müzakirə edib. Kaspşik və onun köməkçisi hazırda atəş yerində araşdırma aparırlar. ATƏT anlamalıdır ki, Ermənistanın bu fəaliyyəti danışıqlar prosesinin pozulmasına istiqamətlənib".

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti