...

XİN: Həmsədr Fransa qondarma rejim təmsilçilərinin Ermənistan pasportları ilə ölkəyə daxil olmasının qarşısını almalıdır

Siyasət Materials 11 Yanvar 2018 11:36 (UTC +04:00)
Fransa tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şenqen viza qaydalarını pozaraq, Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir.
XİN: Həmsədr Fransa qondarma rejim təmsilçilərinin Ermənistan pasportları ilə ölkəyə daxil olmasının qarşısını almalıdır

Bakı. Trend:

Fransa tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şenqen viza qaydalarını pozaraq, Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir.

Bunu Trend-in sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qondarma rejimlə əlaqədar Fransada keçirilən tədbirlərlə bağlı bildirib.

XİN rəsmisi deyib ki, 2 iyul 2015-ci ildə Fransa hökuməti tərəfindən xarici işlər və daxili işlər nazirlikləri səviyyəsində yerli prefekturalar və ali komissarlara sirkulyar təlimat göndərilib:

"Həmin təlimatda yerli özünü idarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edilir və mərkəzi hakimiyyətin siyasətinə və Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulur".

H.Hacıyev qeyd edib: "Fransanın hansısa qəsəbə və ya şəhərciyinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə əlaqə qurması özü-özünü aldatmaqdan başqa bir şey deyildir. Təcrübə göstərir ki, bu kimi qəsəbə və şəhərciklərin rəhbərləri ərazidə yaşayan erməni icmasının yerli seçkilərdə dəstəyini qazanmaq üçün bu kimi öz fəaliyyətlə məşğul olurlar. Hətta bu məqsədlə mənəvi-etik çərçivələri belə aşaraq qondarma rejimin işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsi olmasına belə göz yummağa çalışırlar. Erməni lobbi təşkilatları regionda davamlı sülhün əldə edilməsinə və münaqişənin Fransanın da həmsədr olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar yolu ilə həllinə töhfə vermək əvəzinə, bu yolla erməni diaspora nümayəndələrini aldatmaq və onların vəsaitlərini mənimsəməklə məşğuldur. Hesab edirik ki, Fransa tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şenqen viza qaydalarını pozaraq Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir".

Qeyd edək ki, Fransanın müxtəlif şəhərlərində “Qarabağ günləri” adı altında tədbirlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti