...

Prezident İlham Əliyev: Qoşulmama Hərəkatı dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır (YENİLƏNİB-3)

Siyasət Materials 5 Aprel 2018 09:53 (UTC +04:00)
Qoşulmama Hərəkatı dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Prezident İlham Əliyev: Qoşulmama Hərəkatı dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır (YENİLƏNİB-3)

Bakı. Elçin Mehdiyev - Trend:

Qoşulmama Hərəkatı dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Qoşulmama Hərəkatı beynəlxalq hüquq normalarına, bütün üzv ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinə qətiyyətlə sadiqdir.

Prezident vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür: "Biz bu ailəyə 2011-ci ildə qəbul edilmişik və elə həmin andan təşkilatımız, üzv ölkələr tərəfindən dəstək görməyə başlamışıq. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi proseduru zamanı da nümayiş etdirildi. 2011-ci ildə qəbul edildikdən dərhal sonra tərəfdaşlarımızdan da bu dəstəyi hiss etmişik. Bu, asan olmayıb, çünki bizim güclü rəqiblərimiz var idi. Rəqiblər təşkilatımızın üzvləri deyildilər. Bizə seçilməyimiz üçün 155 ölkənin dəstəyi ilə 16 raund lazım oldu. Qoşulmama Hərəkatının, eləcə də İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim aparıcı beynəlxalq orqana seçilməyimiz üçün həlledici oldu.

Bu, bir daha bizim gücümüzü nümayiş etdirir və göstərir ki, biz birlikdə olanda bir çox şeylərə nail ola bilərik. Bu, həmçinin üzv dövlətlər arasında həmrəyliyi və təşkilatın imkanlarını göstərir".

İlham Əliyev bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildikdən sonra iki il ərzində bütün üzv dövlətləri təmsil etdi: "Biz bəyan etdik ki, bir çox illər ərzində bir çox hallarda pozulan ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub, bunu yaşayıb".

Dövlət başçısı əlavə edib ki, Azərbaycan torpaqları 25 ildən artıqdır ki Ermənistanın işğalı altındadır: "Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və digər tarixi bölgələrimiz, 7 rayonumuz erməni işğalı altındadır. Azərbaycanın beynəxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizim xalqımız Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti ilə üzləşib. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın 10-dan çox ölkəsi bu soyqırımı tanıyıb. Biz, həmçinin üzv dövlətlərin bu problemin həlli üçün dəstəyinə və insanlığa qarşı törədilmiş bu cinayətə münasibətdə mövqelərini ifadə edəcəyinə ümid edirik".

Azərbaycan Prezidenti vurğulayıb ki, Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq ağır işgəncələrə məruz qalıb və qətlə yetirilib, minlərlə insan itkin düşüb: "Təəssüflər olsun ki, işğal bu günə qədər davam edir.

Qoşulmama Hərəkatına Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəkləyən qətnamə qəbul etdiyinə görə bir daha minnətdarlığımı bildirmək istərdim".

Dövlətimizin başçısı qeyd edib ki, digər beynəlxalq təşkilatlar da analoji qətnamələr qəbul ediblər: "BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr yerinə yetirilməyib, onların icra mexanizmi mövcud deyil. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. Təəəssüf ki, beynəlxalq hüququn kobud şəkildə pozulmasına, ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilməsinə baxmayaraq, bu ölkəyə qarşı hər hansı sanksiya qəbul edilməyib. Əgər Ermənistana münaqişənin əvvəlində sanksiya tətbiq edilsəydi, düşünürəm ki, münaqişə çoxdan nizamlanmışdı".

İlham Əliyev vurğulayıb ki, işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb: "ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərdi. Missiyanın hesabatı da göstərdi ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlar, muzeylər erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazisinin işğalı dayandırılmaılıdır, yalnız bundan sonra regiona sülh gələcək".

Dövlət başçısı bildirib ki, Ermənistanda ksenofobiya artır: “Ermənistan monoetnik ölkədir, orada digər xalqlar yaşamır. Bütün azərbaycanlılar və digər etnik qrupların nümayəndələri bu ölkədə etnik təmizləməyə məruz qalıb. Ermənistandan fərqli olaraq, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası, dinlərarası dialoqun, sivilizasiyaların dialoqunun, həmçinin multikulturalizmin mərkəzi kimi tanınır. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir".

Prezident xatırladıb ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub: “Biz multikulturalizm dəyərlərini, dinlər arasında sülh və əməkdaşlığı təşviq edən çoxsaylı beynəlxalq tədbirlər təşkil etmişik. Bu tədbirlər arasında multikulturalizm işinə töhfə verən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Dünya Dini Liderlərinin Forumu, Bakıda müntəzəm keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq tədbirlər var”.

İlham Əliyev deyib ki, Azərbaycan “Bakı Prosesi”nin başlanmasına təşəbbüs göstərib: "İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası üzv dövlətlərinin rəsmi şəxslərini dəvət etmək bizim təşəbbüsümüz idi. Azərbaycan hər iki təşkilata daxil olan azsaylı ölkələrdən biridir. Biz onları Bakıya mədəniyyətlərarası dialoq və etnik və dini zəmində gərginliyin azaldılması məsələlərinin həlli, dialoq və qarşılıqlı anlaşma üçün platformanın yaradılması və dünyada ksenofobiya problemlərinin ciddi şəkildə həlli üçün dəvət etmişdik”.

Dövlət başçısı əlavə edib ki, bu təşəbbüs BMT tərəfindən dəstəklənib və bu il “Bakı Prosesi”nin 10 illiyi qeyd ediləcək: “Bu, Avropa və müsəlman dünyası ölkələrini birləşdirən unikal beynəlxalq platformadır. Bu platforma bütün ölkələrə açıqdır və onun məqsədi müxtəlif ölkələr, dinlər və etnik qrupların nümayəndələri arasında anlaşmanı daha da yaxşılaşdırmaqdır”.

Prezident Azərbaycanın öz tarixi ilə fəxr etdiyini bildirib: “Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dinc və şərəflə yaşayıblar və bu gün bizim tarixi abidələrimiz bu mədəni müxtəlifliyi əks etdirir. Bizim gücümüz mədəni müxtəliflikdədir və multikulturalizmin alternativi yoxdur. Bunun əksi ayrı-seçkilik, ksenofobiya, islamofobiyadır. Ona görə də hesab edirəm ki, biz bu məsələləri həll etməliyik və Azərbaycan bu dəyərlərin təbliğində mühüm rol oynamaqda davam edəcək”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan nisbətən gənc müstəqil ölkədir: “Biz müstəqilliyi yalnız 26 il əvvəl əldə etmişik. Biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdik və bu il müsəlman dünyasında ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Bu, Azərbaycan xalqının azadlıq və demokratiya uğrunda iradəsinin əksi idi”.

Dövlət başçısı əlavə edib ki, təqribən 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səs hüququnun verildiyini elan edib: “Bu, həmin vaxt azadlığın səviyyəsini nümayiş etdirən çox vacib addım idi. Müstəqil ölkə kimi biz yalnız 26 ildir mövcuduq, amma bu, xüsusilə, ilk illərdə elə də asan olmayıb. Bizim problemlərimiz var idi: erməni işğalı, daxili çətinliklər, siyasi böhran, iqtisadi eniş. Lakin bu çətinliklərin öhdəsindən gələ bildik və indi ölkə çox sürətli iqtisadi inkişaf nümayiş etdirir”.

Prezident vurğulayıb ki, iqtisadi inkişaf Azərbaycanın müstəqilliyinin əsasıdır: “Biz anlayırıq ki, iqtisadi cəhətdən güclü olmalıyıq, digər ölkələrdən və ya maliyyə mərkəzlərindən asılı olmamalıyıq. Yalnız bu halda biz Azərbaycanın fəxr etdiyi müstəqil siyasət yürüdə bilərik. Ona görə də diqqətimizi iqtisadi gündəliyimizdə duran məsələlərə ayırmışıq və güclü iqtisadiyyat yaratmışıq”.

Dövlət başçısı qeyd edib ki, son 15 il ərzində Azərbaycanın iqtisadi göstəriciləri sürətlə artıb:

"Son 15 il ərzində ÜDM 3,2 dəfə artıb. Düşünürəm ki, bu, dünya rekordudur. Eyni zamanda, biz insan kapitalına xeyli sərmayə yatırmışıq. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son 15 il ərzində Azərbaycanda 3100-dən çox məktəb, 600-dən çox xəstəxana inşa olunub və yenidən qurulub. Əhalimizin 5 milyon nəfərdən çoxu hər il xəstəxanalarımızda pulsuz tibbi yoxlanış imkanı əldə edir. Və insanların ömrü uzanır. Xalqımızın sosial müdafiəsi bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Mən dəfələrlə bildirmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, sağlamlığı, təhlükəsizliyi dayanır. Biz hər şeyi edirik ki, insanlarımız üçün daha yaxşı şəraiti təmin edək, lakin bunun üçün bizə güclü iqtisadiyyat, iqtisadiyyatın şaxələndirilməsi lazımdır”.

İlham Əliyev bildirib ki, Azərbaycanın son 15 il ərzində əldə etdiyi nailiyyətlərdən biri yoxsulluq və işsizliyin tez bir zamanda azaldılmasıdır: “Yoxsulluğun səviyyəsi 49-dan 5,4 faizə, işsizliyin səviyyəsi isə 5 faizə enib. Həmçinin 1,5 milyon nəfər artan Azərbaycan əhalisini nəzərə almalıyıq. Buna görə də yeni iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir və əlbəttə ki, bunun üçün bizə maliyyə resursları, yaxşı investisiya mühiti lazımdır".

Prezident deyib ki, Azərbaycan son 15 il ərzində ölkəyə 230 milyard dollardan çox birbaşa investisiya cəlb etməyə müvəffəq olub:

“Bizim iqtisadi nəticələrimiz aparıcı maliyyə və iqtisadi təşkilatların hesabatlarında əks olunub. Azərbaycan Davos Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətlilik hesabatında 35-ci, illik İnklüziv inkişaf indeksində isə inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerdə qərarlaşıb. Bütün bunlar Azərbaycan xalqı və bizim siyasətimiz sayəsində əldə olunub. Biz heç kimdən dəstək görməmişik. Biz diqqətimizi milli maraq kəsb edən və strateji əhəmiyyət daşıyan məsələlərə cəmləmişik. Və biz nümayiş etdirdik ki, əgər inkişafa sadiqsinizsə, əgər həqiqətən də müstəqilsinizsə, 26 il ərzində çox şey əldə etmək olar”.

Dövlət başçısı bildirib ki, Azərbaycan regional inkişafda təkcə humanitar və mədəni baxımdan vacib rol oynamır: “Ölkə qitələrin birləşməsində, qarşılıqlı səmərəli əməkdaşlıq üçün platformanın yaradılmasında mühüm rol oynayır”.

İlham Əliyev, həmçinin Azərbaycanın qitələr arasında dəmir yolu əlaqəsinin yaradılması üzrə səylərini qeyd edib:

“Bu gün ölkəmizin və qonşularımızın səyləri sayəsində "Şərq-Qərb" dəmir yolu dəhlizi artıq fəaliyyət göstərir. Biz bunu qonşularımızla birgə reallaşdırırıq, çünki qarşılıqlı əlaqələrin təmin olunması üçün qonşularla və region ölkələri ilə yaxşı münasibətlər lazımdır. Ona görə də "Şərq-Qərb" dəhlizi reallıqdır. Ötən ilin oktyabrında bu dəhliz Bakıda işə salınmışdı. Dəhliz Asiyadan Avropaya və Avropadan Asiyaya yüklərin daşınmasında azı iki həftəyə qənaət etməyə imkan verir. Bu bizim səylərimizin yalnız bir hissəsi idi”.

Azərbaycan Prezidenti bildirib ki, digər vacib layihə hazırda region ölkələrinin səyləri ilə reallaşdırılan "Şimal-Cənub" dəhlizidir:

“Bu da reallığa çevrilir. Azərbaycan bu dəhlizlərin yaradılmasına əhəmiyyətli vəsaitlər qoyur və "Şərq-Qərb", "Şimal-Cənub" dəhlizlərinin fəal iştirakçısıdır. Biz beynəlxalq bazarlara və dənizə çıxışı olmayan Azərbaycanı Avrasiya nəqliyyat qovşağına çevirə bildik. İndi biz digər layihə - "Cənub-Qərb" layihəsi üzərində işləyirik. Bu layihə Asiyadan Cənubi və Mərkəzi Avropaya malları tədarük etməyə imkan verəcək”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan çox sayda vacib beynəlxalq tədbirlər təşkil edib.

Prezident İlham Əliyev mədəniyyətlərarası dialoq, müxtəlif millətlər, ölkələr və dinlərin nümayəndələri arasında əməkdaşlıq və qarşılıqlı anlaşma üçün mühüm əhəmiyyət kəsb edən iki tədbiri xüsusi qeyd edib:

“2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarını keçirdi. Bu oyunlar Yay Olimpiya Oyunları səviyyəsində təşkil edildi. 2017-ci ildə biz 4-cü İslam Həmrəyliyi Oyunlarını keçirdik. Beləliklə də biz iki il ərzində bir şəhərdə həm Avropa, həm də İslam oyunlarını təşkil etdik. Bu, mədəniyyətlərarası dialoqa və dünyanın bütün xalqları arasında qarşılıqlı anlaşmaya töhfə idi”.

İlham Əliyev həmçinin xatırladıb ki, Azərbaycan “EXPO 2025” sərgisinin keçirilməsi üçün müraciət edən yeganə Qoşulmama Hərəkatı ölkəsidir:

“Bu onu göstərir ki, biz belə mühüm qlobal tədbirin təşkilini bacardığımızı hesab edirik. Düşünürəm ki, bu, həqiqətən də müstəqil olaraq, cəmi 26 yaşı olan dövlət üçün nəyə nail olduğumuzu və nail ola biləcəyimizi nümayiş etdirmək baxımından yaxşı imkan olacaq. Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycanın namizədliyinin dəstəklənməsinə ümid edirik. Bu da həmrəyliyin daha bir göstəricisi olacaq. Biz bir-birimizi dəstəkləməliyik. Bizim qarşımızda az-çox oxşar çağırışlar və problemlər dayanır. Biz hamımız öz həyatımızı yaşamaq istəyirik, müstəqil olmaq istəyirik. Biz istəmirik ki, kimsə daxili işlərimizə qarışsın, bizə diktə etsin. Buna nail olmaq üçün biz güclü olmalıyıq və yalnız birlikdə güclü ola bilərik”.

Azərbaycan Prezidenti konfransın işinə uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti