Bakı. Trend:
Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyevin Trend-ə müsahibəsi
- Kütləvi informasiya vasitələrində Norveçin Azərbaycanda səfirliyinin fəaliyyətinin dayandırılması barədə məlumat verildi. Bu barədə nə deyərdiniz?
- Bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük. Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir. Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur.
Norveçin Azərbaycanda səfirliyi 1998-ci ilin iyununda təsis edilib və əsas məqsəd o zaman "Statoil" adı ilə fəaliyyət göstərən Norveçin neft şirkətinin fəaliyyətini yüngülləşdirmək və onun biznes maraqlarını təşviq etmək idi. Azərbaycanın Norveçdə səfirliyi açılmayıb və açıq desək, belə bir fikir də olmayıb. Azərbaycanın İsveçdəki səfirliyi qeyri-rezident əsasda, eyni zamanda Norveçdə də akkreditasiya olunub.
Azərbaycanda iqamətgahı Bakıda olmaqla 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Bunların içərisində 25 səfirlik Avropa ölkələrinə məxsusdur. Həmçinin, ölkəmizdə 4 Baş konsulluq fəaliyyət göstərir. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 Baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir. Avropa ölkələrində ölkəmizin otuza yaxın səfirlik və diplomatik nümayəndəliyi akkreditə olunub.
- Norveçin Azərbaycanda səfirliyinin fəaliyyəti birmənalı olmayıb, Azərbaycanın daxili işlərinə qarışmaq və bu səbəbdən vaxtilə Norveç səfirinin persona non-qrata elan edilməsi kimi məsələlər gündəmə gəlib. Bu barədə nə deyərdiniz?
- Bu keçmişdə qalan məsələdir, amma qeyri-hökumət təşkilatı fəaliyyəti ilə diplomatiyanı qarışıq salan səfir və diplomatların olması faktları mövcuddur.
Əvvəlki illərdə Norveçin Azərbaycanda səfiri işləmiş Steynar Gil adlı şəxs diplomatik protokol qaydalarına uyğun gəlməyən və diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını pozmaqla fəaliyyət göstərərək Azərbaycan və Norveç arasındakı əlaqələrə böyük zərbə vurub. Həmin şəxs səfir statusunu daşıdığı halda, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhdlər göstərib və ikitərəfli əlaqələrlə məşğul olmaq əvəzinə müxalifətin mitinqlərində iştirak edərək digər bu qəbildən olan qeyri-legitim fəaliyyətləri həyata keçirib.
Nəticə etibarilə bu, ona gətirib çıxardı ki, Azərbaycan hökuməti onun ölkəmizdən çıxarılması haqqında məsələləri müzakirə etməyə başlamışdı. Yekunda Norveç hökuməti onu vaxtından əvvəl geri çağırdı. Norveçin ictimai-siyasi dairələrində və mediasında kənar qüvvələrin ölkənin daxili işlərinə təsiri və müdaxiləsinin xüsusi həssaslıqla qarşılandığının və daim öz suverenliyinin qorunmasına xüsusi əhəmiyyət verdiyinin fövqündə, görəsən, rəsmi Oslo belə bir davranışlı səfirin ölkədə fəaliyyətinə dözərdimi? Əlbəttə ki, xeyr.
Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və öz daxili işlərinə də digər dövlətlərin qarışmasını heç zaman qəbul edə bilməz.
Azərbaycanın uğurlu xarici siyasəti var, məzmun və coğrafi baxımdan müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələrimiz davamlı olaraq inkişaf edir.