Bakı. Elçin Mehdiyev – Trend:
Müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xilaskarı olan ulu öndər Heydər Əliyevin həyatı boyu Azərbaycan naminə xidmətləri misilsizdir. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.
A.Paşazadə bildirib ki, Heydər Əliyev ümummilli lider missiyasını həyata keçirərək, ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi.
Şeyxülislam əlavə edib ki, ulu öndər milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı:
“Dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev həzrətləri illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi. Əlbəttə, dinimizin dirçəldilməsi, dini dəyərlərə qayıdış sahəsində baş verən dəyişikliklər müstəqilliyimizin uğurları ilə əlaqədardır. Lakin bu da şəksizdir ki, əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı və müqəddəs islami dəyərlərin təşəkkülü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda islama heç də birmənalı münasibət bəslənmirdi. Məhz Heydər Əliyevin prezidentliyi dövründə islam xalqımızın həyatında layiqli yerini tutdu, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradıldı. Heydər Əliyev yüksək mədəniyyət və mənəviyyata malik insan kimi dinin yüksək ideallarını hər zaman dəyərləndirmək iqtidarına malik dahi idi”.
A.Paşazadə vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanı dağılmaq, xəritədən silinmək təhlükəsindən xilas etdi: “Allah-Təala bir xalqı istəsə, o xalqa müdrik öndər, rəhbər göndərər və bu xalqı zülmətdən nura aparar. Bəli, Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə ulu öndər Heydər Əliyev Azərbaycana gəldi və müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu. Lakin Heydər Əliyev həzrətlərinin bizə ən böyük əmanəti onun irsinin və siyasətinin davamçısı İlham Əliyevdir. Bu yolda dövlət başçımızın yardımçısı möhtərəm Mehriban xanım Əliyevadır. Mən bunu Allah-Təalanın Azərbaycan xalqına lütfü kimi qiymətləndirirəm”.
QMİ sədri qeyd edib ki, ulu öndərimizin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi:
“Əminəm ki, inşallah, xalqımız Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bu arzunu da gerçəyə çevirəcək. Bu günlərdə vəfatının 15-ci ildönümünü qeyd etdiyimiz Heydər Əliyev vaxtilə bədxahlar tərəfindən siyasi hakimiyyətdən uzaqlaşdırılmasaydı, nə Şuşa, nə digər əzəli torpaqlarımız işğala məruz qalmazdı”.
A.Paşazadə deyib ki, Heydər Əliyevin dövlətçilik məktəbi var olduqca, müstəqilliyimiz və rifahımız da əbədi olacaq: “Bu gün biz Heydər Əliyevin xatirəsini böyük məhəbbət, ehtiram və minnətdarlıqla yad edir, ruhuna dualar edirik”.