...

Politoloq: Davos görüşü işğalçı Ermənistanın rəhbərində məsuliyyət hissini artıra bilər

Siyasət Materials 24 Yanvar 2019 13:34 (UTC +04:00)
Davos görüşü işğalçı Ermənistanın rəhbərində məsuliyyət hissini artıra bilər.
Politoloq: Davos görüşü işğalçı Ermənistanın rəhbərində məsuliyyət hissini artıra bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüş təmasların intensivləşdirilməsi və Azərbaycanın ədalətli mövqeyinin ardıcıl müdafiə olunması istiqamətində növbəti bir addım idi. Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.

O xatırladıb ki, Davos Forumu çərçivəsində Prezident İlham Əliyevlə N.Paşinyan arasında sayca üçüncü görüş baş tutub: "Bundan öncə Düşənbə görüşü zamanı tərəflər sərhəddə vəziyyətin nəzarətdə saxlanılması, təmasların davam etdirilməsi və münaqişənin dinc tənzimlənməsi prinsiplərinə sadiq qalacaqları barədə şifahi razılıq əldə ediblər. Elə Düşənbə görüşü zamanı müşahidə etdik ki, Paşinyan əvvəlki sərt ritorikasından tamamilə imtina edib. Belə ki, o, hakimiyyəti yeni ələ keçirdiyi vaxtlarda Dağlıq Qarabağın Ermənistanın tərkibinə birləşdirilməsi, danışıqlar prosesində qondarma rejimin də ayrıca tərəf kimi iştirakının vacibliyi ilə bağlı pafoslu çıxışlara üstünlük verirdi. Məqsəd kütlənin şüuruna yenə də Ermənistanın əvvəlki rəhbərləri kimi “Qarabağ” kartı ilə təsir etmək və onların dəstəyini qazanmaq idi. Çünki Paşinyanın elektorat qazanmaq üçün təklif edəcəyi başqa bir şey yox idi".

Politoloq qeyd edib ki, Düşənbə görüşü zamanı isə N.Paşinyan əvvəl səsləndirdiyi sərsəm fikirlərdən heç birini dilə gətirmədi: "Bu isə o demək idi ki, onun Azərbaycanın mövqeyi haqqında dəqiq məlumatı var və bu haqlı mövqeni qəbul etmək məcburiyyətindədir. Davosdakı görüş də planlaşdırılmadığı üçün əvvəlcədən anonsu verilməmişdi. İstənilən halda bu görüş bir neçə prizmadan əhəmiyyətli kimi qiymətləndirilə bilər. Hər şeydən öncə münaqişə tərəfləri arasında ali səviyyədə ümumi vəziyyətlə bağlı müzakirələrin aparılması əhəmiyyətlidir".

E.Mirbəşiroğlu əlavə edib ki, Azərbaycan Prezidentinin ölkəmizin mövqeyini bir daha bəyan etməsi həm Ermənistana, həm də Dünya İqtisadi Forumu kimi mötəbər tədbirin iştirakçılarına növbəti işarədir:

"Davos Forumu dünyanı kiçik bir məkana sığışdıran tədbirdir. Belə bir forum çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin liderlər səviyyəsində müzakirə olunması dünyanın diqqətini bir daha bu məsələyə yönəldir. Həmçinin hesab edirəm ki, Davos görüşü işğalçı Ermənistanın rəhbərində müəyyən qədər məsuliyyət hissini artıra da bilər. Çünki xatırladım ki, Düşənbə görüşündən sonra Paşinyan özünün “Facebook” səhifəsində görüşün nəticələri ilə bağlı dərhal qondarma rejimin rəhbəri Bako Saakyanla danışdığını bildirib. Yəni Paşinyan işarə edib ki, cəbhədə atəşkəs rejiminə əməl olunması ilə bağlı üzərinə götürdüyü şifahi öhdəliyə əməl etmək istəyir. Aydın məsələdir ki, təmas xəttində atəşkəs rejimini pozan və insidentlər törədən işğalçı Ermənistandır. Bu baxımdan bütün hallarda Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri arasında baş tutmuş görüş təmasların intensivləşdirilməsi və Azərbaycanın ədalətli mövqeyinin ardıcıl müdafiə olunması istiqamətində növbəti bir addım idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti