...

Prezident İlham Əliyev: Bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülməlidir

Siyasət Materials 1 Mart 2019 15:01 (UTC +04:00)
Bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülməlidir.
Prezident İlham Əliyev: Bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülməlidir

Bakı. Trend:

Bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

Görüşdə mədəniyyət sahəsində vəziyyətə toxunan dövlətimizin başçısı qeyd edib: “O ki qaldı mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız - Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı. Muzeylərimiz, Bakı şəhərinin muzeyləri demək olar ki, tam şəkildə əsaslı təmir edildi - Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fəaliyyətə başladı, digər muzeylər, mən indi hamısını xatırlaya bilmərəm. Hər bir şəhərdə Tarix-Diyarşünaslıq muzeyləri fəaliyyətə başladı”.

Prezident dini abidələrin əsaslı şəkildə təmir edildiyini bildirib: “Bakıda və bölgələrdə yüzlərlə məscid əsaslı şəkildə bərpa olundu. Onların arasında böyük mənəvi əhəmiyyət daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edildi, Heydər Məscidi tikildi. Yəni, bunlar bizim milli irsimizdir.

Digər sahələrdə. Yadımdadır, elə ilk qərarlarımdan biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirək. Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu”.

İlham Əliyev deyib ki, kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması sevindirici haldır: “Nizami Kino Mərkəzi əsaslı şəkildə təmir edildi. Görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyuldu. Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət xadimlərimizin xatirəsi əbədiləşdirildi. Görülən bütün işləri yada salmaq çətindir. Bizim iki konservatoriyamızdan biri əsaslı şəkildə təmir edildi, o birisi yenidən tikildi.

İndiyədək bu sahədə görülən işlər bundan ibarətdir. Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz”.

Dövlət başçısı əlavə edib: “Mən düz bir ay bundan əvvəl gənclərlə görüşdə dedim ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür. Ona görə bu məsələlərlə və istənilən məsələ ilə bağlı bu gün mən sizinlə danışmaq istərdim. Hesab edirəm, mən giriş sözümü yekunlaşdırmalıyam ki, sizə daha çox imkan yaradım və siz öz sözünüzü deyəsiniz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti