Bakı. Trend:
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.
Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.
Əfv olunanlar arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov, "Nida" hərəkatının üzvləri Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə, "Texnikabank" ASC-nin Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da var.