Bakı. Samir Əli - Trend:
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Azərbaycan Prezidentinin bu fikri Zəngəzurla bağlı tarixi həqiqətləri tamamilə dolğun əks etdirir. Zəngəzur bölgəsi tarixi Azərbaycan torpağıdır. Zəngəzur mahalının ərazisi bəzi dəyişikliklərlə, əsasən, indiki Ermənistan Respublikasının Gorus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarının torpaqlarını əhatə edir.
Bu fikriləri Trend-ə açıqlamasında Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, bu bölgənin tarixi ilə bağlı bir neçə kitabın müəllifi, araşdırmaçı Hacı Nərimanoğlu deyib.
Birlik sədrinin sözlərinə görə, sahəsi 7.892 kv.km olan Zəngəzurun ərazisi tarix boyu ölkəmizin hüdudlarında mövcud olmuş dövlətlərin tərkibində olub: "E.ə. IV əsrdən başlayaraq Alban, Sacilər, Salarilər və Rəvvadilər, Atabəylər, Hülakülər, Cəlairlər, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin, XVI əsrin başlanğıcında Azərbaycanda mərkəzləşmiş dövlətin yaranması ilə əlaqədar olaraq Səfəvi dövlətinin tərkibində olub. XVI əsrdə baş vermiş Səfəvi-Osmanlı savaşları və XVII-XVIII əsrlərin qovşağında Səfəvi imperiyasının zəifləməsi ilə əlaqədar 1590-1612 və 1724-1735-ci illərdə qısa müddət ərzində Osmanlı idarəçiliyi altına düşüb. Zəngəzur ərazisi xanlıqlar zamanında Qarabağ xanlığının hakimiyyəti altında olmuşdur. XIX əsrin əvvəllərində çar Rusiyanın idarə sistemində Yelizavetpol quberniyasının, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağ general-qubernatorluğunun tərkibindəki 4 qəzadan biri olmuşdur".
H.Nərimanoğlu bildirib ki, Zəngilan adındakı “zəngi” etnonimdir, türk tayfa adıdır. Tarixi Türküstan, Orta Asiyadan üzübəri türklərin tarixən məskunlaşdığı bir çox ərazilərdə bu tayfanın adı daşlaşıb, səlcuqların, oğuzların izlərini yaşadır: "Məsələn, Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngi çayı, Zəngibasar, Zəngilər, Zəngan – Zəncan, Zəngilli və b. yer adları var. Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov və digərlərinin əsərlərində də “zəngi” tayfasının adı çəkilib. Zəngəzurdakı ikinci leksem qədim türk dillərində “sur”, “sır” sözü dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir, dilin ahənginə, asan tələffüzə görə s-z-yə çevrilib. Bu ad ərazinin relyefini düzgün səciyyələndirir, yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki adların bir çoxunda “sur-zur-zor” tərkibi daşlaşıb qalıb.
Ermənilərin Zəngəzura dair iddialarında heç bir əsas, həqiqət izi yoxdur. Tarixi Azərbaycan vilayətləri olan İrəvan, Naxçıvan, Zəngəzur və digər bölgələrdə erməni izi axtarmaq, məkrli siyasi iddialarına elmi-tarixi, hüquqi-mənəvi don geyindirmək absurddur, gülüncdür, əsassızdır, erməni xislətindən irəli gələn genetik xəstəlikdir, böyük dövlətlərin antitürk siyasətində ermənilərin şərəfsiz alət olmasının nəticəsidir. Bunu, çox sayda erməni mənbələri, erməni tarixçiləri, salnaməçilərinin əsərləri, arxiv sənədləri, rus, ingilislər də daxil olmaqla (məs; Hovannes Ter-Martirosyan-A-do, B.İşxanyan, Z.Balayan, A.İonisian, T.Hacikoğluyan, S.Zavaryan, İ.Alibeqov, Z. Korkodyan, Veliçko, Şavrov, Qlinka, Qriboyedov və s.) çox sayda tarixçilər etibarlı mənbələrə istinadla yazıb, faktlarla təsdiq də ediblər".
Tarixçi vurğulayıb ki, hətta, Gülüstan, Türkmənçay müqavilələrindən sonra rus idarəçilərinin davamlı olaraq Qacarlar və Osmanlı dövlətləri ərazisindən təşkil etdiyi köçlərdən sonra belə heç zaman Zəngəzurda ermənilər sayca türk-müsəlman əhalidən üstün ola bilməyiblər: "Tanınmış rus tarixçisi N.Q.Volkova yazırdı - 1897-ci ildə Zəngəzur qəzasında 137, 9 min əhalinin 71,2 mini (51,7%) azərbaycanlılar, 63,6 mini (46,2%) ermənilər, 1,8 mini (1,3%) kürdlər olmuşdur. 1922-ci ilin siyahıya alınmasına görə (yəni 1918-20-ci illərin qanlı qətliamlarından sonra-H.N), Zəngəzurda cəmi 65, 5 min nəfər yaşayırdı ki, bunun da 56,9 mini (89,5%) erməni, cəmi 6,5 mini (10,2%) azərbaycanlı idi”.
H.Nərimonağlu əlavə edib ki, dövlət başçısı İlham Əliyevin sözügedən tədbirdə çıxışında vurğuladığı fikrin bir məqsədi də ermənilərə, qardaş dövlətlərin başçılarına və dünyaya ünvanlanan bir mesajdır ki, Zəngəzurun Azərbaycandan qoparılıb ermənilərə verilməsi tarixi ədalətsizlikdir, xalqımızın iradəsindən kənar baş vermişdir, hüquqi cəhətdən əsası olmayan qərarların nəticəsidir, dövlətimiz, xalqımız bunu qəbul etməyib, bununla barışmayıb, tarixi ərazilərimizin bərpası uğrunda siyasi ilə yanaşı, hərbi yollardan da istifadə olunması istisna deyil: "Əminik ki, qardaş Türkiyənin Suriyada terrorizmə, qanunsuz silahlı birləşmələrə, ölkənin ərazi bütövlüyünü təhdid edən güclərə qarşı başlatdığı hərbi əməliyyatları Azərbaycan da Ermənistana qarşı təkrar edə bilər. Şübhə yoxdur ki, dünyanı ikili standartlarla idarə edən dövlətlərin ikiüzlü mövqeyinə baxmayaraq, qardaş Türk dövlətləri indi Türkiyənin yanında olduğu kimi, o zaman da Azərbaycanın yanında olacaqlar”.