...

Parlament dövlət başçısı tərəfindən aparılan sistemli və çoxşaxəli islahatların dərinləşməsinə önəmli töhfələr verəcək - Politoloq

Siyasət Materials 11 Mart 2020 13:25 (UTC +04:00)
Demokratiyanın təməl anlayışlarından hesab olunan çoxpartiyalılıq prinsipi mövcud parlamentin formalaşmasında özünü göstərdi.
Parlament dövlət başçısı tərəfindən aparılan sistemli və çoxşaxəli islahatların dərinləşməsinə önəmli töhfələr verəcək - Politoloq

Bakı. İlhamə İsabalayeva - Trend:

Demokratiyanın təməl anlayışlarından hesab olunan çoxpartiyalılıq prinsipi mövcud parlamentin formalaşmasında özünü göstərdi.

Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərinin təyin olunması ölkəmizdə aparılan çoxşaxəli və sistemli islahatların məntiqi davamı idi:

"Tam əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin apardığı islahatlara adekvat parlament institutunun formalaşması qaçılmaz bir zərurətə çevrilib. Bütün demokratik normalara tam cavab verən parlament seçkilərinin nəticələri onu deməyə əsas verir ki, bu məqsədə dəqiqliklə nail olunub. Parlamentin yeni tərkibinə nəzər yetirsək, bu tezisin əyani təsdiqini görə bilərik".

E.Mirbəşir oğlu əlavə edib ki, ali qanunvericilik orqanının rəhbərliyində, spiker və onun müavinlərinin, o cümlədən komitə sədrlərinin seçilməsində həm bitərəf, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunublar:

"Bu, çox önəmli detal olmaqla siyasi sistemimizin möhkəmləndirilməsi və siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədinə xidmət edir. Birmənalı şəkildə deyə bilərik ki, mövcud parlament cənab Prezident tərəfindən aparılan sistemli və çoxşaxəli islahatların dərinləşməsinə önəmli töhfələr verəcək. Dövlət başçısı Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışında millət vəkillərinə olduqca vacib tövsiyələrini verdi. O, qeyd etdi ki, iqtisadi inkişafın dərinləşməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial və gənclər siyasəti kimi istiqamətlər yeni formalaşmış parlamentin diqqət mərkəzində dayanmalıdır".

Politoloqun sözlərinə görə, bu istiqamətlərin prioritet seçilməsi bir daha onu göstərir ki, islahatların davamlı və ardıcıl xarakter alması üçün parlamentin yeni tərkibdə formalaşmasına həqiqətən böyük ehtiyac var idi:

"Ölkə Prezidenti onu da qeyd etdi ki, millət vəkilləri seçiciləri ilə daima təmasda olmalı, onların problemləri ilə yaxından maraqlanmalıdırlar. Hesab edirəm ki, hər bir millət vəkili cənab Prezidentin ideyalarına söykənərək özünü xalqın xidmətçisi qismində görməlidir. Xaricdən ölkəmizə qarşı yönəlmiş təhdidlər onu tələb edir ki, millət vəkilləri dövlətlə vətəndaş arasında etibarlı körpü rolunu oynasınlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti